Bu kənd ecazkar bir qüvvə ilə həmişə məni özünə çəkib

0
46

Mənim kəndim” rubrikasında bu dəfə araşdırmaçı jurnalist, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı böyüyüb boya-başa çatdığı Qazaxın Daş Salahlı kəndindən danışır. Bu, təkcə söhbət deyil, insan nəfəsinə həsrət olan yurd yerləri haqqında elegiyadır: 

“İlahi, bu nə qəribə havadır?”

– Ruhumun mayası, ömrümün son dayanacaq yeri olan bu kənd ecazkar bir qüvvə ilə həmişə məni özünə çəkib. İş-güc başımı nə qədər qatsa da, problemləri bir kənara qoyub vaxt tapıb hüzuruna tələsmişəm. Bakıdan Qazaxa tələsəndə 5-6 saatlıq yolda tamam ayrı bir ovqatda, ayrı bir ruhda köklənirəm. Sanki ustad aşıq sazı yeni bir havaya kökləyir. Tovuzun Miskinlisindən sağa burulanda Ağstafanın girəcəyində maşını saxlayıb bir anlıq nəfəs alıram… İlahi, bu nə qəribə havadır?

Dünyanın heç bir yerində ruhuma qida verəcək, əsəblərimə sığal çəkəcək bu hava yoxdur. O dünya ki, bu gün gah demokratiya, gah da terror havasına qapı açır, saflıq, təmizlik, qürur ayaqlar altında dəyirmandakı buğda dənəsi kimi üyüdülüb, açıq səmanın toz qatına çevrilir.

“Kəndimiz – tarix kitablarının ilk səhifəsi”

– Nə yaxşı ki, dərdləri ələm olan bu dünyada doğulduğum Daş Salahlı var. Qazaxın Daş Salahlısı rayon mərkəzindən o qədər də uzaqda deyil. İncə dərəsinə getmək üçün 25-30 kilometr yol gedirsənsə, Daş Salahlıya daha tez, 10 dəqiqəyə çatırsan.

Daş Salahlının adı «Azərbaycan tarixi» kitablarında ilk səhifələrdə çəkilir. Qədim insan məskənləri, yaşayış yerləri, Azərbaycanın daş dövrü, tunc dövrü materiallarında Füzulinin Azıx mağarası ilə yanaşı, Daş Salahlı, Aveydağ, «Damcılı» mağaraları barədə balalarımız məlumatlandırılır. Orta məktəbdə oxuduğumuz illərdə kəndin adını əvvəllər müəllimlərimiz «Daş silahlılar» deyə yozurdular. Qədim silah-sursatın daşdan hazırlandığını, bunun nümunələrinin Aveydağ mağaralarında tapılmasıyla kəndin adının Daş Salahlı olmasını əsaslandırırdılar. Amma qədim türklərin soy-kökünü araşdıranlar Daş Salahlı adının «Dış salaklar»dan törədiyini isbat etdilər. Salaklar Orta Asiyada yaşayan qədim türklərdir. Cənubi Qafqaza köç edən bu tayfalar Qazaxa yayılıb, əsasən Daş Salahlıda məskunlaşıblar. Sonradan artıb, çoxalıb, ətraflara köç edib yeni yurd yerləri salırlar və beləcə də Salahlı kəndləri yaranıb. Baxın, bu gün Qazaxda Daş Salahlı ilə yanaşı, Aşağı Salahlı, Orta Salahlı, Səməd Vurğunun doğulduğu Yuxarı Salahlı kəndləri var. Bu kəndlərin əhalisinin hamısı qədim türk tayfası olan salaklar, onlardan törəyənlər, bir atanın övladlarıdır. Daş Salahlı Avey dağının ətəyində yerləşdiyindən salakların dışında, yəni, sərhədində olduğundan Dış Salaklar adlanıb.

Salahlılar təkcə Qazaxda deyil, Yevlaxda da var. Şuşada Molla Pənah Vaqiflə köçənlər də olub və Yusif Vəzir Çəmənzəminlinin «Qan içində» romanında Salahlı məhləsindən, Qazax tayfalarından da bəhs olunur.

“Yaddan çıxmayan Aşırlı…”

– Daş Salahlı Azərbaycanın ərazisinə, əhalisinin sayına görə Azərbaycanın 2-3 ən böyük kəndindən biridir. Adına min evli Daş Salahlı deyilsə də, burada evlərin sayı üç-dörd mini çoxdan keçib. Əhalisinin sayı 10 mindən çoxdur. Əlimizdə olan məlumatlara görə, yazılı tarixi XV əsrə gedib çıxır. Kəndin nəsil şəcərəsini el ədəbiyyatının gözəl bilicisi, söz sərrafı rəhmətlik Əmrahoğlu Mədət yazıb. Əl yazısıdır. Bu şəcərənin bir surəti məndə də var. İş otağımda saxlayıram. Aşırlı və Daş Salahlı camaatı Qara Aşırdan, onun iki oğlundan törəmədir. Soyadım Vəliyev olsa da, Aşırlı ləqəbini ona görə götürmüşəm. Aşırlı Avey dağının, Damcılı bulağının ətəyində, Daş Salahlı isə kəndin indiki girəcəyində yerləşib. Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsində Daş Salahlı ilə paralel Aşırlının da adı var. 1950-ci illərdə Aşırlı ləğv edilib, kənd dağın ətəyindən aşağıya köçürülüb və birləşdirilib. Əhalinin əksəri yerlidir, kənardan demək olar ki, az sayda tayfalar köçüb. Hər hansı səbəbdən Daş Salahlıya köç edən tayfalara «tatlar» deyiblər. Tat Əli, Tat Nəsib və s. Ancaq onların da etnik baxımdan tatlara heç bir aidiyyəti yoxdur. Təmiz türkdürlər. Cənubi Azərbaycandan köçüb gəlib məskunlaşıb, qız alıb-qız verib, gəlin köçürüb qaynayıb qarışıblar.download

“Burda nəsil soruşarlar”

– Məclislərdə adamı tanımaq üçün birinci onun ata-anasını yox, nəslini, soy-kökünü soruşurlar. Hər tayfanın, nəslin öz adı, tarixi xüsusiyyətləri, insani keyfiyyətləri var. Mancanlılar, Cürənlilər, Haqqı «öyləri», Qırmızısaqqallılar, Pirməmməd «öyləri», Əmrahlılar, Gön «öyləri», Nehrəçilər, Məmmədalılar, Faraşlar, Abdullalılar, «Şıx öyləri», Keçəlismayıllılar və adlarını unutduğum tayfaların övladları yaşayır bu kənddə…

“Mənim nəsil şəcərəm”

– Mən Qara Aşığın 7-ci törəməsi hesab olunuram, Abdullalı nəslindənəm. Elə də böyük nəslimiz yoxdur, 60-70 ev olarıq. Atamın babası Mustafanın qardaşı Hacı Nəsib əfəndi İstanbulda ali dini təhsil alıb, geri dönüb. Qəbri indi də durur. Əl boyda nişangahı, başdaşı qalıb. Hacı Nəsib əfəndinin oğlu Qazı İbrahim əfəndi Hələbdə ali dini təhsil alıb, «İttihad» Partiyasının üzvü olub. 1915-1922-ci illərdə Qazax, Ağstafa, Tovuz və Şəmkirin əhli-sünnə camaatının şəriət məhkəməsinin sədri kimi çalışıb, yəni qazisi olub. Ona görə adına Qazi əfəndi deyiblər. 1937-ci ildə repressiya olunub, güllələnib. 102 yaşında əbədi dünyaya köç edən nənəm Qazinin həbsini yana-yana, göz yaşları ilə  danışardı. İki silahlı atlı günün günorta çağı yaşı 70-i atlayan Qazini evindən çıxarır, yurdunu tarmar edir. Özünü isə furqona mindirib harasa aparırlar. Nənəm danışırdı ki, evindən çox şey aparmadılar, ancaq kitablarını götürdülər. Qohum-əqrəbaya görüşmək imkanı da vermədilər. MTN-nin arxivində çalışan, bir neçə dəyərli kitabın müəllifi həmkarımız İsmayıl Umudlu Qazi İbrahim əfəndinin dosyesinin bəzisinin surətini mənə verdi. «Şərq» qəzetinin bir neçə sayında çap etdirdim. Cinayət işində çox maraqlı məqamlar var. Qazi köhnə mollaları cəm edib antisovet təşkilatı yaratmaqda ittiham olunur. Kiril əlifbasını qəbul etmədiyi, ərəb əlifbasını dəyişməklə müsəlman dünyasının parçalandığını söyləməklə əhali arasında çaşqınlıq yaratdığı ittiham aktında  əks olunub.download (2)

İnsana həsrət cığır
Görən, kimi çağırır…?”

Babamın atası Mustafanın yurdu Aveyin ətəyində, «Damcılı» bulağına çatmamış yolun sağında olub. Köhnə yurd yerlərimizin ocağının heç külü də qalmayıb. Allahın umuduna hər il göyərən əncir ağacı, nar, qaratikan kolları insan nəfəsinə həsrətdir. Xarabalıqlar sanki dil açıb danışmaq istəyir. Oraları gəzəndə çox təsirlənirəm, çox… Xalq şairi Mirvarid Dilbazinin babası Mustafa ağanın mülkü bir az yuxarıdadır. Mirvarid xanımın bacısı Yaqutla uşaqlığı bizim kənddə keçib. Atası Xanlıqlardır, dünyasını çox erkən dəyişdiyindən anası onları Daş Salahlıya, atasının evinə gətirib. Aveyin ətəyində böyüyüblər. M.Dilbazi bu kəndə xeyli şeir həsr edib, «Bənövşələr üstdə göz yaşları» memuarında xatirələrini qələmə alıb. Çox kövrək xatirələrdir. Avey dağı, «Damcılı» bulağı, Daş Salahlı Səməd Vurğunun da ilham mənbəyi olub.

Ağsaqqallar danışır ki, böyük şairin gəlişinə camaat məxsusi hazırlaşarmış. «Damcılı»nın, qoca çinarların altına xalılar, mütəkkələr döşənərmiş. Samovara od salınarmış, əmliklər şişə taxılarmış. İldə bir neçə dəfə istirahətini Aveyin ətəyində keçirən S.Vurğun «Damcılı» bulağını dünyanın 8-ci möcüzəsi adlandırıb. «Daş  Salahlı yoldaşlara», «Qızxanımın hünəri» şeirlərini də bu kəndə həsr edib.

“Kəndimizin “sandığı””

– Qazax mahalının digər kəndləri kimi Daş Salahlı əhlinin də mayası sazla, şeirlə, bayatı ilə yoğrulub. Aşıqları sadəcə kənd məclislərində, ailə şənliklərində oxuyub. Şairləri də həmçinin. Şeirlərini nədənsə kənara çıxarmaq istəməyiblər. Və beləcə Daş Salahlıların sandıq ədəbiyyatı yaranıb.

Aşıq Mirzə Səmədin, Bərham Həsənovun, Əmrahoğlu Mədətin, Sofuoğlu Sofunun, Məcid Sofuoğlunun, Naif Qocamanlının, Paşa Salahlının şeirləri elə bu gün də dillər əzbəridir.

download“Məmməd koxa –Mehmet bəy”

– 1918-20-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Daş Salahlıların əməyi, xidməti kifayət qədərdir. Bakı və ətraf bölgələri erməni bolşevik qırğınlarından qurtarmaq və Azərbaycanın ərazi bütövlüyünün təmin etmək 6 ay savaş aparan Qafqaz İslam Ordusunun tərkibində bu kəndin igidləri də mərdliklə döyüşüb. Bu mövzunun araşdırılması vaxt və zəhmət tələb edir. Türkiyə hərbiçisi, Qafqaz İslam Ordusunun döyüşlərini qələmə alan Rüşdü Türkərin əsərində Daş Salahlı Məmməd kovxanın fəaliyyətindən də danışılıb. Nuru Paşanın polkovnik rütbəsi ilə təltif etdiyi Daş Salahlı Mehmet bəy (yəni Məmməd kovxa) 800 atlı dəstəsi ilə Bakının işğaldan azad olunmasında iştirak edib. Məmməd kovxanın oğlu Həmid bəy Qori Müəllimlər Seminariyasında təhsil alıb. Milli azadlıq hərəkatında fəal rol oynayıb, Müsavat Partiyasının bölgədə nüfuzlu gənc liderlərindən olub. Azərbaycan sovetləşmədən sonra bolşeviklərə qarşı müqavimət hərəkatını formalaşdırıb və dağlara çəkilib. Ancaq təəssüf ki, bolşevik gülləsindən yan keçə bilməyib. Firudin bəy Köçərli «Müsavat» Partiyasının Qazaxda şöbəsini təsis edəndə bir çox Daş Salahlı ziyalıları bu partiyanın sıralarına qatılıb. Onlardan biri də Gülməmmədoğlu Rüstəm olub. Fəal, mübariz olan bu igid də 1937-ci ildə güllələnib.

Mirvarid Dilbazinin yazdığı əhvalat”  

– Daş Salahlı camaatı ictimai-siyasi proseslərdə həmişə nümunə göstəriblər. Bu kənddə vaxtilə «Hümmət»in, «İttihad»ın, «Müsavat»ın da üzvləri olub. Nəriman Nərimanovun da, Məhəmməd Əmin Rəsulzadənin də tərəfdarları siyasi mübarizə aparıb, əqidə çəkişmələri bəzən şəxsi müstəviyə yönləndirilib. Sosialist Hacı Kərim Sanılı Tiflisdən gətirdiyi topları müsavatçı Məmməd kovxanın mülkünə tərəf istiqamətləndirəndə bəy nəslinin şərəfini Mirvarid Dilbazinin babası Mustafa ağa qoruyub. Məmməd kovxa ilə münasibətləri o qədər də yaxşı olmayan Mustafa ağa atlarını yəhərləyib, 15-20 nəfər silahlısı ilə Məmməd kovxanın evinə göndərib və bir namə yazıb: «Arımız, namusumuz, şərəfimiz var. İstəmirəm ki, qız-gəlin, qoca, uşaq ayaqlar altında qalsın. Sən Hacı Kərimlə düşmənçiliyini et, ancaq övrətini, qız-gəlini, ahıllarını bir əmanət olaraq yolla, dava qurtaranda gəlib apararsan». Bu əhvalatı ömrünün sonlarına yaxın Mirvarid Dilbazi qələmə almışdı. Bilmirəm çap olunub, ya yox.

download

“Bizim kəndin məşhurları”

– Mahalın digər kəndləri kimi Daş Salahlı camaatı elmə, təhsilə daha böyük önəm verib. Hazırda kənddə iki orta məktəb fəaliyyət göstərir. 50-dən artıq elmlər doktoru, professoru, elmlər namizədi var. İndi adı dəyişdirilən Neft Kimya İnstitutunda ali riyaziyyat kafedrasının müdiri professor Rəşid Məmmədov, biologiya elmləri doktoru, professor Vahid Quliyev, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, Türkiyədə Süleyman Dəmirəl Universitetində kafedra müdiri, professor Abdulla Sofiyev, BDU-nun ilk qadın professorlarından Məhəbbət Dəmirçiyeva, fizika-riyaziyyat elmləri doktoru, professor Məqsəd Qocamanov kimi elm fədailəri bu kəndin yetirmələridir.

Ən güclü müəllimlər, pedaqoqlar uşaqlara təkcə elm öyrətmirdi, çətinliklərə sinə gərməyi, haqsızlıqlara qarşı mübarizəni başa salırdılar. Gələn il orta məktəbi bitirməyimin 30 ili olacaq. Məktəbimiz 10 il bir sinifdə oxuduğum, parta yoldaşım Araz Əmilovun adını daşıyır. Araz 1993-cü ildə Qazaxda Lələkənd əməliyyatında şəhid oldu. Bu döyüşdə şəhid olanları ermənilər qaytarmaq istəmirdilər. Çətin, uzun mübarizədən sonra şəhidlərin nəşi ailələrinə verildi. Dostumun, sinif yoldaşımın şəhid ruhu mən kəndə ayaq basanda sanki mənimlə olur. Ona bir neçə yazı da həsr etmişəm.

Məktəbimizin qarşısından keçəndə təhsil illərini, o maraqlı dövrü, dünyasını dəyişən müəllimlərimi xatırlayıram. Riyaziyyatı bildiyi qədər də, ədəbiyyata, tarixə, kimyaya vaqif olan İnayət müəllimi, Azərbaycan dilini incəliklərinə qədər bilən Cahangir müəllimi, ədəbiyyata hədsiz sevgi aşılayan Zəkayət müəlliməni, direktorumuz Alyo  müəllimi, Mehralı müəllimi, Güloğlu Cahangiri necə unudasan!

“Nə danışım?!”

– Daş Salahlı ucsuz-bucaqsız bir dünyadır. Bu dünyanın nəyindən danışım, nəyindən söhbət açım? Bakı-Qazax qatarına mindirib oxumağa göndərdiyi, geri dönəcəyini illərlə gözlədiyi, ancaq geri dönməyən mənim kimi övladlarındanmı?.. Nə danışım…

download

Elmin NURİ, modern.az