“Çətini ölüncədir” demə, çətini öləndən sonra başlayır…

0
53
Heç mamır tutmuş başdaşına diqqət yetirmisənmi? Üçyüzillik başdaşı əyilib, əyilib, az qalır yerə çatsın. Yarıdan çoxu da torpağın altında qalıb. Ərəb əlifbası ilə üstünə nəsə yazılıb, yəqin o məzarda yatanın adıdır. Dairəvi bir nişan da var, gülə bənzəyir, amma gül deyil, nə naxışlar doğru-düzgün oxunur, nə hərflər.
Canın sıxılır. Düşünürsən ki, üç yüz ildən artıqdır ki, bu məzarda birisi yatır. Və birdən düşünürsən ki, bir vaxtlar sən də beləcə, bir daşın altında unudulacaqsan.

Bu məzardakı dəfn olunan gün neçəsi şivən qoparıb, neçəsi saç yolub, neçəsi çiyinlərində gedən tabutun arxasınca gözüyaşlı baxıb. Amma hər şey unudulub, keçib daha. Ondan bu dünyada nişanə olaraq bir başdaşı qalıb ki, o başdaşına yazılanları da mamır örtüb, gizləyib. Bəlkə bu dünyada nəticələri, kötücələri, yadıcaları var, amma kimdi daha ulu babanın ardınca ağlayan? Məzara qoydularmı, üç-beş aydan sonra hər şey yoluna düşür, boşluqlar dolur, ağlayanlar kiriyir. Unudulur bu sevdalar, sevgilərin ən yaxşısı uzaqbaşı bir nağıl, bir əfsanə kimi yaşayır, sonra onlar da unudulur. Bu dünyada hər şey unudulmağa məhkumdur.

Hamı gözləyir, qaçılmaz bir sonluq gəlir üzümüzə, məzar qapısından keçib özgə bir aləmə gedəcəyimiz gün var qarşıda. Sonra da məzarda gözləyəcəyik. Məzarda gözləmək də fərqli-fərqli olur. Adam var, min ildir məzardadır, amma bir anı belə hiss eləməyib. İşdən yorğun-arğın gəlib yumşaq yorğan-döşəyə girmiş kimi yatır. Adam da var ki, qor içində, tikan üstündə oturmuş kimidir, bir anlığa da olsa gözünü qapayıb uyuya, rahat ola bilmir. Anlar yük kimi kirpiklərindən asılır. “Çətini ölüncədir” demə, atam balası, çətini öləndən sonradır. Bu gen dünya başına niyə dar gəlir axı? Bir də o dar yeri, o qaranlıq çuxuru düşünsənə.

Dünyada ağlımız kəsməyən çox mətləblərin Quranda qəribə şərhləri var. Xəbəriniz varmı, Quranın bildirdiyinə görə, Mağara sakinləri (Əshabi-Kəf) 309 il yatdılar və yuxudan ayılanda elə bildilər ki, dünən yatıb, bu gün oyanıblar.

Allah-Təala istəyəndə istədiyini zamanın fövqünə də çıxarır. Onun üçün mümkün olmayan nə var ki?..

Hər dəfə bu mövzuda düşünəndə mənim yaşımdan əvvəl kəndimizdə yaşanmış bir hadisə ağlıma gəlir. Deyirlər ki, Xanalı adlı bir qohumumuz namaz qılarkən, daha doğrusu, səcdə halında ikən dünyasını dəyişib. Mənzərəni təsəvvür edirsinizmi, bu adam son gücü ilə səcdəyə qapanıb və Allah-Taala onun üçün dünyada son mənzərəni elə o halda da dayandırıb. Oğlu yoxuydu, üç qızı vardı rəhmətliyin. Köçüb getdi, amma o ölüm yaddaşlardan silinmədi.

Sözümün canını deyimmi? – Mən ölümə üzülmürəm. Əgər insan adam kimi bir ömür yaşayıbsa, Haqq divanında üzünə tutacaq bir sərmayəsi varsa, niyə də üzüləsən axı? Kim o yoldan qaça bilər? Qorqud dədəmiz dediyi kimi: Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya. Üzüldüyüm, insanın öz mahiyyətindən xəbərsiz köçüb getməsidir. Yəni bu dünyaya niyə gəldiyini, nə etməli-nə etməməli olduğunu bilmədən, bilsə belə bildiyini yaşamadan ölməsidir.

Bir başdaşı ilə üz-üzəyəm. Allah bilir, yüz ildir, eləcə durur, ya üç yüz ildir… Mamırdan üst-üstə köynək geyib. Bir tərəfi batdığı üçün əyilib. İlk baxışdan görünür ki, üstünə gələni, “dədəm”, “babam” deyib ağlayanı yoxdur. Eləcə durur. Əgər mamırını ovub töksəm, bəlkə də altından çıxan adı oxuya bilərəm, amma nə fərqi var ki, adı ya Əli olsun, ya Musa ya Qasım… Hər kimdirsə, ölüm adlı qapının o üzündə həqiqətlərlə üz-üzədir. Allah qəni-qəni rəhmət eləsin, yenə Yunus dədənin sözü ağlımıza gəldi və elə o sözlə də bu sentimental yazını tamamlamalı olduq: “Nə ərənlər gəldi keçdi, Şimdi növbət bizə durur.”