Zərdabın qəhrəman oğlu: şəhid Cabir Azayev

0
93

Azayev Cabir Rza oğlu 1972-ci ildə Zərdab rayonunun Şahhüseyinli kəndində anadan olub. 1990-cı ildə məktəbi bitirib. 1992-ci ildə hərbi xidmətə çağırılıb. Ağdərə, Laçın, Kəlbəcər bölgələrində vuruşub. 1994-cü il fevral ayının 2-də Kəlbəcər rayonunun Susuzlu kəndində qəhrəmancasına həlak olub. Subay idi.

Cabir ilk təlimini Sanqaçalda keçib. 1992-ci ilin sentyabrında yoldaşlarının Ağdərə bölgəsinə göndərilməsini eşidəndə həmin bölgəyə getmək istədiyini komandirə bildirmişdi. Komandir onun bu arzusunu nəzərə alıb, yoldaşları ilə birlikdə Ağdərə bölgəsinə göndərib. Ağdərədə xeyli müddət döyüşdükdən sonra Cabirin həmin hərbi hissəsinin Laçındakı bölməsinə göndərilməsi qərara alınıb. Hərbi komandanlığın məlumatına görə, Laçında 3 erməni qəsbkarının öldürülməsində yaxından iştirak edib.

Gecə kəşfiyyatına gedərkən 4 nəfər erməni tutub hərbi hissəyə gətirərkən, onlardan biri özünə qəsd edib, iki nəfərini inadkarlıq göstərdiklərinə görə öldürüb, bir nəfərini isə sağ-salamat hərbi hissəyə təhvil vermişdilər. Sonralar həmin əsir hərbi hissə tərəfindən Bakı şəhərinə göndərilmişdi.

Kəlbəcər bölgəsini ermənilər aldıqdan sonra onlar bir gün mühasirədə olmuşdular. Mühasirədən çıxdıqdan sonra Murovdağa gələrkən, yolun kənarından uşaq səsi eşidilib. Cabir səs gələn tərəfə gedib. Qundaqda olan körpəni götürüb, hərbi hissəyə gətirib təhvil verib.

Anası Mələknisənin dediklərindən:

“Cabir hərbi xidmətdə olarkən, yəni 1992-ci ilin sonlarından qısamüddətli məzuniyyətdə idi. 5 gündən sonra qayıdacağını bildirdi. Dedim ay oğul, iki gün də artıq qal, sonra gedərsən. Axı bilirsən ki, 2 gündən sonra mənim ad günümdür. Səni həmin gün stol arxasında oturanlar arasında görmək istəyirəm. Cabir nə desə yaxşıdır: “Ana, bəlkə də başqa vaxt olsaydı, qalardım. Axı komandirə söz vermişəm ki, 5 gündən sonra qayıdacağam. Həm də cəbhədə vəziyyət çox gərgindir”.

Nə qədər təkid etsəm də, onu inadından döndərə bilmədim. Cabiri yola saldım, uğur dilədim. Ancaq ürəyimdən bir fərəh hissi keçdi: Cabir kimi qətiyyətli oğlum var!

Cabirin ölüm xəbərini eşidəndə, düzdür, bir ana kimi sarsıldım. Ancaq elə bil mənə ilahi bir dözüm gəldi, qəlbimdə bir iftixar hissi duydum ki, oğlum Cabir ölməyib. O əbədiyyətə qovuşub, şəhidlər ölmür. Mənim onunla öyünməyə mənəvi haqqım var. Allah cəmi şəhidlərimizə rəhmət eləsin”.