Həmyerlimiz Məzahir Məzhərin yeni kitabı çapdan çıxıb

0
118

Şairlik Allahın az-az insana bəxş etdiyi vergidir, istedaddır. Bu istedada sahib olanlar başqalarının duya bilmədiklərini duyur, görmədiklərini görür. Təsadüfi deyil ki, müdrik insanlar şairləri mənəviyyat həkimləri adlandırırlar və mənim keçmiş şagirdim, həmkəndlim, şeirləri ilə qəlbləri işıqlandıran Məzahir Məzhər də gözəl şairlərimizdən biridir. Hazırda Bakıda yaşayıb-yaradan Məzahir hələ orta məktəbdə oxuyarkən ədəbiyyata, şeirə xüsusi maraq göstərmiş və bu maraq onu şeirlər, təmsillər yazmağa həvəsləndirmişdir. O, 1970-ci illərdən indiki “Əkinçi”, “Mingəçevir işıqları”, “Abşeron”, “Qabaqcıl texnika uğrunda”, “Bakı”, “Azərbaycan gəncləri” qəzetlərində şeir və təmsillərini dərc etdirirdi.


Vurğulamağı lazım bilirəm ki, müasir ədəbiyyatımızda təmsil janrına müraciət edənlər son dərəcə az olsa da, Məzahir Məzhər bu mürəkkəb janrda yazmağa daha çox üstünlük verir və onun təmsilləri də şeirləri kimi, insanın ürəyini tərpədir, onu düşündürür. Bu təmsil və şeirlər insanlara salam verib, salam almağı öyrədir. “Salam” isə Allahın kəlamıdır – “həmişə sülh şəraitində yaşamaq” deməkdir və Məzahir oxucularını, bütün insanları sülh şəraitində yaşamağa çağırır.
Görün, Günəş kimi nurlu bir qəlbin sahibi nəyi tövsiyə edir:
Yaxınlaşın insanlara,
Qoymasaz da
Bir şey onun ətəyinə,
İsticə bir sözsə qoyun,
Qoyun onun ürəyinə.
Çatmasaz da köməyinə,
Məlhəm olun yaxınlıqla
Onun insan istəyinə…
Məzahir Məzhərin ardıcıllıqla çapdan çıxan “Uşaqların ağlı, böyüklərin nağılı”, “Hədəf”, “Təmsillər”, “Gəlin, düşünək” kitablarını oxuduqca, düşündükcə hər misradan ürəklərə nur yayılır, qəlb işıqlanır, insanda cəsarət, hünər artır, vətənpərvərlik hissi zirvəyə yüksəlir və bu hiss düşmənlərdən qisas almaq, qəhrəmanlıq rənginə çevrilir. Şairin “Keşikçi” şeiri isə hər bir Azərbaycan gəncinin sözləridir sanki:
Bir əsgərəm, dayanmışam
Vətənimin keşiyində.
Deyirəm ki, yatan körpə
Sakit yatsın beşiyində.
Anam töküb göz yaşını,
Oğul üçün ağlamasın.
Düşmən alıb ələ silah,
Ana qəlbi dağlamasın.
Qoy ucalsın vətənimdə
Ellərimin azad səsi.
Qoy bürüsün bu dünyanı
Körpələrin şən nəğməsi.
Düşünürəm ki, bu cür gözəl sözlərin və kitabların müəllifi olan Məzahir Məzhər hər cür mükafata və əlbəttə ki, Yazıçılar birliyinə üzv olmağa layiqdir.
O, biganəliyin acı nəticəsini “Biganəlik” təmsilində görün necə ustalıqla verir:
Ağacların yarpaqları
Qonşu idi bir-birinə.
Gündə biri solub düşür,
Alan yoxdu heç vecinə.
Doğrudan da biganəlik insanlarla o qədər sirdaş olub ki, onlar yalnız kimisə son mənzilə yola salanda bir-birlərini yada salırlar və əsil şair bununla barışa bilməz.
Halallıq–bərəkət rəmzi, bolluq simvoludur, ehtiyaca son qoymaqdır, ruzini çoxaltmaqdır. Bu barədə şair “Maya halal olanda” təmsilində bəhs edir:
Xəmirə vuruldu maya,
Aşıb-daşdı qazannan.
Çünki onun mayası
Yoğrulmuşdu özünnən.
Baharın, yazın bolluq, bərəkət gətirməsini Məzahir Məzhər “Yaz gələndə” şeirində qəlbə bədii ifadələrlə həkk edir:
Göy qurşağı üzük olar
Təbiətin barmağında.
Çiçəklərin gözü dolar,
Şeh gizlənər yarpağında.
Ağ örpəkli bir gəlintək,
Nazlı-nazlı ötüşər yaz,
Tükənməyən sərvətini
İnsanlarla bölüşər yaz.
Məzahir Məzhər həm də gözəl uşaq şairidir. Uşaqlar üçün qələmə aldığı şeir və təmsillər onların könlünə həlimlik gətirir, mehriban ana kimi layla çalır, müəllifə hörmət və rəğbəti artırır.
Məzahir Məzhər! Sənin hər bir şeirin bizə mənəvi dayaqdır, köməkdir. Bu mənəvi dayaqların sayı çox olsun! Müəllimin olaraq, bu şərəfli işdə sənə can sağlığı, uzun ömür arzulayır və urəkdən deyirəm: Ey mənəvi gözəllik vurğunu və carçısı şair Məzahir! Yazılarınla nəinki doğma vətənimizi, həm də dünyamızı vəsf elə, könülləri oxşa! Düşünən beynin, yazan əllərin var olsun, şair!

Nizam QABİLOV,
Qoruqbağı kəndi, müəllim.Məzahir MəzhərMəzahir Məzhər