XXI əsr dünya ədəbiyyatında görkəmli sima – Əzimə Ağalarova

0
104
Yaxın keçmişdə belə bir deyim yaranmışdı: “İndi heç kimin kitabı oxunmur”. Həmişə mən bu deyim barədə düşünəndə qəti fikirdə olmuşam ki, o, müəyyən dövrlərdə gerçəkliyi özündə əks etdirir. XX əsrin sonlarında erməni millətçi dairələrinin ortaya atdıqları uydurma “Dağlıq Qarabağ” problemi Azərbaycana təkcə torpaq itkisi ilə başa gəlmədi. Sovetlər birliyinin sonuncu rəhbərliyinin birbaşa himayədarlığı ilə yaradılan bu münaqişə Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən elm və təhsildə onilliklər boyu ağrısını yaşamaqda davam edəcəyimiz boşluqlar yaratdı.
 Necə deyərlər, uzun illər ölkəmizdə kitab oxunmadı. O cümlədən, bədii ədəbiyyatdan da üz döndərildi. Ölkədəki ictimai-siyasi vəziyyətin mürəkkəbliyi səbəbindən mövcud ədəbiyyat kitablarının bir qısmindən sovet ideologiyasını əks etdirdiyi üçün imtina edildisə, digər tərəfdən, yeni-yeni əsərlərin ortaya çıxmaması da öz mənfi təsirini göstərdi. Şükürlər olsun ki, artıq həmin təlatümlü dövr arxada qalmaqdadır.
 Bəli, şükürlər olsun ki, hazırda kitab oxunur. Əlbəttə, kimsə bunu inkar da edə bilər. Mənə elə gəlir ki, yaşadığımız XXI əsrin ilk 17 ilində (2017- S.Ş) Azərbaycan yazıçılarının ortaya çıxardığı sanballı bədii əsərlər bütövlükdə XX əsrdəki əsərlərin ümumi çəkisini sürətlə üstələyir. Bunun əsas səbəbini Azərbaycanın müstəqilliyi, xalqımızın sürətlə dünyaya inteqrasiyası, dünya ədəbiyyatının qapılarının üzümüzə taybatay və ikitərəfli açılmasında görürəm. Digər bir mühüm amil isə Azərbaycanda bədii ədəbiyyatın inkişafına göstərilən dövlət qayğısıdır. Bu, daha geniş və xüsusi bir mövzunu əhatə etdiyi üçün bu yazıda mövzunu genişləndirə bilmirəm. Yalnız onu qeyd edə bilərəm ki, Prezident İlham Əliyevin məlum Sərəncamı əsasında son illər çox sayda bədii ədəbiyyat latın qrafikalı Azərbaycan əlifbası ilə oxucuların görüşünə gəlməkdədir.
İndi isə fikir və mülahizələrimi, belə demək mümkünsə, son illər ardıcıl nəşrləri ilə gündəmdə olan bir yazıçının diqqətimi çəkən əsərləri ilə davam etdirmək niyyətindəyəm. Haqqında bəhs etdiyim yazıçı nə filoloqdur, nə tarixçi, nə jurnalist, nə də ki, hüquqşünas. Sovet dövründə Xarici Dillər İnstitutunu bitirmiş Azərbaycan əsilli Almaniya vətəndaşıdır, O. Təxminən 2 ay ərzində 4 kitabını oxuduğum Əzimə Ağalarova XXI əsr dünya ədəbiyyatında görkəmli sima kimi geniş oxucu kütləsi arasında yayılmağa layiq bir yazıçıdır. Zira, burada mövcud kitab yayımçılığı problemləri öz sözünü deməkdədir. Bəli, onun Azərbaycan və Anadolu türkcəsi ilə nəşr olunan “Gecələrdə gizli qaldım”, “Təyyarə qanadında uçan ruh”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” və Anadolu türkcəsində oxucuların görüşünə gələn “Yıpranmış hayallerin peşində” əsərlərinin 1000-2000 nüsxə arasında tirajlanmasının əsas səbəbi məhz bu problemdir. Nə vaxt, kimdən eşitdiyimi və yaxud hansı mənbədən oxuduğumu xatırlamadığım çox gözəl bir ifadəni xatırladıram: sərlövhə mətnin yarısıdır. Bəli, Əzimə Ağalarova dünya ədəbiyyatı üçün gözəl nümunə olan əsərlərinə məhz gözəl, düşündürücü və cazibəli adlar tapa bilmişdir və ən əsası isə odur ki, əsərlərinin adları ilə məzmunları arasında uyğunluğu təmin etmişdir.
İndi isə gənc yazıçının ayrı-ayrı əsərləri ilə bağlı fikir və mülahizələrimi bölüşmək niyyətindəyəm. Əzimə Ağalarovaya gənc yazıçı deməyimə iki mühüm səbəb var: birincisi, o, cəmi 5 ildir ki, bədii yaradıcılığa başlamışdır.
İkincisi, onun əsərlərində qarşılaşdığımız obrazların gəncliyi və özünün gənclik eşqi ilə yaşamasıdır. Onun yaratdığı obrazlarda saf sevgi və sədaqət əsas xətt kimi qorunur. Burada həyat və insanlıq eşqi, Vətən sevgisi, saf qadın-kişi məhəbbəti olduqca əhəmiyyətli formada oxucuya çatdırılır. Yazıçı böyük ədəbi ustalıqla bütün əsərlərində sevginin paklığını qoruya bilir. Digər tərəfdən, sevgi və qürur arasında kəskin mübarizə səhnələri yaratmağı bacarır. Ən əsası bu mübarizədə reallığı və ədaləti həmişə yüksəkdə tutur. Onun bütün əsərlərində süjetlər həyat gerçəkliyi üzərində qurulmuşdur.
Mübaliğəsiz deyə bilərəm ki, “Yıpranmış hayallerin peşində” və “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsərlərinin hər ikisi məşhur braziliyalı yazıçı Paulo Coelhonun “Casus” romanı qədər əhəmiyyətli və cəlbedicidir.
Yazıçı böyük bədii ustalıqla Lalə-Sərdar, Lalə-Henri, Adil-Bahar, Kamal-Sauzan, Jozef-Dilarə qarşılaşmaları ilə rəngarəng səhnələr yaradaraq, oxucunu paklıq bağçasından həzz almağa sövq edən bu münasibətləri öz həyatında yaşamağa həvəsləndirə bilir.
Yazıçı Ağalarova dövlətlərarası münasibətlərə, keçmiş sovetlər birliyinin Yaxın Şərq və Avropa siyasətinə yaxından bələddir.
Bu sahədə yüksək savada və informasiyaya malik olması onun əsərlərindəki keyfiyyəti daha da artırır. Yazıçı “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsərində keçmiş SSRİ-nin apardığı amansız Yaxın Şərq siyasətinin müasir dövrdə Rusiya Federasiyası tərəfindən necə davam etdirildiyini özünəməxsus detallarla açmışdır.
Bu detektiv romanın işlənmə taktikasında Puşkinin məşhur “Yuzbaşının qızı” əsəri ilə müəyyən bənzərlikləri nəzərə çarpır.
Bundan başqa, görkəmli Azərbaycan yazıçısı Əlibaba Hacızadənin yaradıcılığındakı problemlərin qoyuluşu və oxucuya çatdırılması ilə Əzimə Ağalarovanın yaradıcılıq taktikasında xeyli oxşarlıqlar vardır.
Yeri gəlmişkən, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” əsəri 2015-ci ildə İsveçdə “A long trip from Baku to Cairo and Stokholm” adı ilə ingilis dilində nəşr olunub və hazırda Avropanın 5 ölkəsində onlayn satışdadır. İstənilən halda bu məqam Azərbaycan ədəbiyyatının Avropaya çıxışı istiqamətində böyük uğurumuzdur.
Əzimə Ağalarovanın yazı dili və üslubu ilə bağlı bir neçə kəlmə demək yerinə düşərdi. O, fikir və mülahizələrini obrazların vasitəsilə özünəməxsus formada oxucuya çatdıra bilir. Zəngin söz ehtiyatı və nadir ifadə üslubu, rəvan və sadə yazı dili onun əsərlərinin oxunaqlığını artırır.
Yazıçı oxucunu yoran bütün formalardan uzaq durur. O, təkrarçılığa və uzun-uzadı təsvirlərə yol vermir. Bütün bu xüsusiyyətlər oxucu ilə müəllif arasında səmimi körpü yaradır. Onun əsərlərində ictimai-siyasi hadisələrlə obrazlar arasında o qədər uyğun inkişaf prosesi qurulmuşdur ki, oxucu bütün hallarda obrazların taleyini bilməyə can atdığı kimi, proseslərin də sonunu intizarla gözləyir. Müəllif böyük ədəbi ustalıqla millətlər, dinlər və məzhəblər arasında dostluğu tərənnüm edir. Bundan başqa, xeyriyyəçilik işlərinin təbliği, rəhbər şəxslərin işçilərə ədalət hissi, onların tabeliyində olan insanlara qarşı səmimi münasibətləri idarəetmədə yeni bir baxışla xarakterizə olunmaqdadır.
O, qarşılıqlı münasibətlərin mehriban çalarlarda qurulmasının əhəmiyyətini qabartmağa çalışır və buna nail olur. İstedadlı qələm dostum insanın öz hədəflərinə çatması üçün yeganə bir yol göstərir: Mübarizə. Mübarizə isə həyat eşqi deməkdir. Azərbaycan xalqının daha mütəşəkkil mübarizəyə böyük ehtiyacı vardır. Azərbaycanın inkişafı və qüdrətlənməsi, Qarabağın düşmən tapdağından azad edilməsi istiqamətində bütün həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılmasında daha mübariz olmaq arzusu ilə Əzimə xanım Ağalarovaya böyük yaradıcılıq uğurları diləyirəm.
Sabir Şahtaxtı, yazıçı-publisist