Rusiyaya gedən “dağ kimi” oğlanların axırı…

0
20489

Nəsrəddin kəndə gələndə hamı ondan danışırdı. Yalan olmasın, əli bizim 3 əlimiz boyda idi. Geyim-keçiminə fikir verən, dəliqanlı bir oğlan idi. Deyilənə görə, Rusiyada idmanla məşğul olur, özünü yaxşı aparmayanların dərsini verməklə hörmət qazanırmış. Amma elə ki, dilinə spirt dəydi, onun bu əzəmətindən əsər-əlamət qalmırdı, daha doğrusu, qohumları demiş, “başı tələf” olurdu. Xüsusən, kənddə toy olanda Nəsrəddin dava salar, çox vaxt da toy yarımçıq bitərdi. Yox əgər, Nəsrəddini birtəhər evə aparıb yatızdırırdılarsa, toy sahibinin bəxti gətirirdi, toy yarımçıq qalmırdı. Hamı deyirdi ki, Nəsrəddin vurduğu adam ayağa qalxa bilmir. Yalan-gerçək Nəsrəddin həqiqətən, xarici görünüşcə belə təsir bağışlayırdı. Nəsrəddini taxta ilə, dəmirlə vurub şil-küt eləmək olardı, amma problem onda idi ki, kriminal aləmə yaxın adam təsiri bağışlayan bu adamın sonradan səni bıçaqlamayacağına heç kimin zəmanəti yox idi. Ona görə hər kəs “qoy rədd olub getsin” deyib onu yola verərdi. Nəsrəddin bir neçə həftə kənddə qalandan sonra birtəhər yol pulu tapıb geri – Rusiyaya qayıdardı. Həmişə gedəndə də deyərdi ki, “əşi, nə var ey kənddə, heyif deyil Rusiya, pulu pul, kefi kef, əyləncəsi əyləncə”. Beləcə, Nəsrəddin bir neçə il itib yoxa çıxardı.

…2017-ci ilin iyun ayının 8-i, yəni bu gün. Nəsrəddin yenə həmin kənddədir. Gedib öz gözlərinizlə görə bilərsiniz. Amma onun o əzəmətindən, o gəncliyindən əsər-əlamət qalmayıb. Düzdür, əlləri yenə 3 bizim əlimiz boydadır, amma Nəsrəddin həminki Nəsrəddin deyil. Yaşı 50-ə çatıb, xeyli yaşlı görünür. Ailəsi, uşağı, işi yoxdur. Dindirsən, keçmişdən, başına gələn hadisələrdən maraqlı çox şeylər danışar, amma nə olsun? Kimə lazımdır o hadisələr? İrad bildirəndə deyir ki, “cavan olmuşuq, pulumuz olub, elə bilmişik həmişə belə olacaq, valideynlərin də sözünə qulaq asmamışıq”. Nəsrəddin çox yaşlanıb, amma ağlı yenə həmin ağıldır, özündən xeyli kiçik cavanlarla, yeniyetmələrlə oturub-durur, onlarla yeyib-içir, futbol oynayır, toylara baxmağa gedir və s.

Həmişədə gileylənir ki, “Rusyət bizi bədbəxt elədi”.

***

Boyca, görkəmcə Nəsrəddindən geri qalmayan başqa bir nəfər. Adını yazmayacam. Həmişə deyir ki, “sütül vaxtımızda gedib düşdük Rusyətə, ağlımızı itirdik”. İş-gücü bazarda limon satmaq imiş. Dediyinə görə, balaca bir “toçka”da o qədər pul qazanırmış ki, axşam iş bitəndə özü ilə gətirdiyi balaca kisəyə yığıb aparmalı olurmuş. Amma qazandığı həmin pulları – valideynlərinə xərclik üçün göndərdiklərini çıxmaq şərti ilə – dəyərləndirə bilməyib. İşdən çıxıb kafe-restorana, oradan da bara gedirlərmiş. Növbəti gün yenə. İlləri belə keçib. Həmin pullara heyfi gəlib-gəlmədiyini soruşduqda deyir ki, “elə bilirdik həmişə belə olacaq, pul həmişə gələcək”. Özü demişkən, indi “qəpiyə güllə atır”. Ailəsini dolandırmaq üçün kənddə sahəsini biçdirənlərin otunu daşıyır. O da mövsümi işdir, qışda olmur. Çox peşimandır.

***

O gün yaxın bir tanışla fəhlə bazarına getmişdik, həyətindəki əşyaları zir-zibili daşıyıb maşına yığmağa bir işçi axtarırdı. Boy-buxunlu, iri cüssəli bir nəfər bizə yaxınlaşıb həmin işi görməyə razı olduğunu bildirdi. İş əsnasında elədiyi söhbətlərdən belə aydın oldu ki, gənclik illərində Rusiyada yaxşı pul qazananlardan olub, ancaq qədrini bilməyib, əyləncəyə, restoranlara xərcləyib qazandıqlarını. İndi isə yığışıb gəlib vətənə, fəhlə bazarında çörək pulu qazanır. Çox peşimandır. Onun danışdıqlarından sonra bu qənaətə gəldim ki, “Rusyətin puç elədikləri” təkcə haqqında danışdığım kənddə yox, Azərbayacanın hər yerində kifayət qədərdir.

Yolu Rusiyaya düşən, iş-güc dalınca bu ölkəyə gedən indiki cavanlar onların aqibətindən nəticə çıxarmalıdırlar. Yoxsa, xoşbəxtlik axtarışına çıxdıqları ölkədən bədbəxt qayıdarlar və ya heç qayıtmazlar…

Nicat İntiqam