Zərdabın tarixi ilə bağlı maraqlı FAKTLAR

0
116
zerdab-tezekend-kendi-zardab

Zərdab rayonunun Xanməmmədli kəndi ərazisindən təsərrüfat işləri zamanı 1973-cü ildə kəndin cənub-qərbində meliorasiya işləri zamanı 1,5 m dərinlikdə küp qəbir aşkar olunmuşdur.

F. Osmanov bu qəbiri e.ə. II – I əsrlərə aid etmişdir. Skelet yarımbükülü vəziyyətdə qoyulmuş, yanından serdolik muncuqlar, korroziyaya uğramış qısa xəncər, sadə naxışsız gil qablar tapılmışdır.

Mərhumun alın hissəsinə sikkə qoyulmuşdur.

Numizmatik material Parfiya Arşakilərindən olan I Oroda məxsusdur (e.ə. II əsr). Sikkənin aversində hökmdar I Orodun adı, reversində isə günəş təsvir olunmuşdur.

Qəbirdən 1 m kənarda ocaq izləri də tapılmışdır.

Ərazinin digər hissəsində üzərində ərəb əlifbası ilə yazı olan məişət qabları və çıraqlar da aşkar olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə Xanməmmədli küp qəbirləri nekropolu ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.

Zərdab rayonunun Təzəkənd ərazisindən təsərrüfat işləri zamanı keramika nümunələri əldə olunmuş, 2012-ci ildə isə yer şumlama prosesi zamanı kiçik küp qəbir də dağıdılmışdır.

Qeyd etdiyimiz maddi mədəniyyət nümunələri kəndin əkin sahələrinin yerləşdiyi ərazidə, Zərdab – Dəli Quşçu yolunun sağ hissəsində üzə çıxarılmışdır.

Boğaz hissəsi dar olan tayqulp qab isə son antik – ilk orta əsrlərin başlanğıcına aiddir. 2013-cü ildə aparılmış arxeoloji kəşfiyyat və çöl-tədqiqat işləri deyilənləri bir daha təsdiq edir.

Əliyev Taleh Vasif oğlu

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu

elmi işçi, dissertant

taleh.ali@mail.ru