“Zərdabdan olan Vüqar bizi qorumaq üçün özünü qumbaranın üzərinə atdı” – Şahid 30 il sonra Kəlbəcərdə danışdı

0
102
baslibel-kaha-zerdab.png

Vüqar Abdullayev 1971-ci ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1985-ci ildə kənd orta məktəbində natamam orta təhsil, sonra Zərdab şəhər Texniki peşə məktəbində peşə təhsili alıb.

Zerdab.com saytı xəbər verir ki, Vüqar Abdullayev 1989-1991-ci illərdə keçmiş Sovet ordusunda xidmət edib.

1992-ci ilin noyabr ayında Qarabağ müharibəsinə yollanıb.

Laçın rayonunun Təzəkənd və Kürtağı kəndlərində döyüşüb.

1993-cü ilin aprel ayında Kəlbəcərin Başlıbel kəndindən mülki əhalinin sağ-salamat çıxarılması üçün köməyə gələn dəstənin tərkibində olub.

Abdullayev Vüqar İsa oğlu 1993-cü ildə Kəlbəcər rayonunun Başlıbel kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Onun ölüm xəbəri ailəsinə verilsə də, uzun illər nəşi tapılmayıb.

Şəhid Abdullayev Vüqar itkin hesab olunub və Zərdab rayon Məhkəməsinin 1996-ci il tarixli 2-78 saylı Qətnaməsinə əsasən, ona şəhidlik statusu verilib.

Kəlbəcər azad olunduqdan bir müddət sonra Abdullayev Vüqar İsa oğlunun məzarı Kəlbəcər rayonunun Şırram kahası adlanan ərazidə tapılıb.

Bu günlərdə Başlıbel faciəsinin şahidlərindən biri Habil Ələsgərov müsahibəsində 30 il əvvəl 113 günlük mühasirə həyatını xatırladıb.

O, xatirəsində şəhid Abdullayev Vüqarla bağlı maraqlı məqamlara toxunub.

Habilin o vaxt 16 yaşı olub: “Bir qədər keçəndən sonra 4 erməni hərbçisi əllərində pulemyot dinc sakinlərin sığındığı kahalara yaxınlaşdı. Onlar fasiləsiz atəşdən sonra kahada heç kimin sağ qalmadığını güman edirdilər. Kahaya doğru o qədər atəş açırdılar ki, sanki yer-göy silkələnirdi. Erməni əsgərləri kahanın qarşısına çatanda Zərdabın Qaravəlli kəndindən olan əsgər Vüqar Abdullayev onları hədəfə alaraq qətlə yetirdi. Düşmən hərbçiləri kahanın içərisinə qumbara atdılar. Vüqar bizi qorumaq üçün özünü qumbaranın üzərinə ataraq qəhrəmancasına şəhid oldu. Ermənilərin bizə yaxınlaşdığını görüb Vüqarın avtomatını götürüb bacıma, anama, qardaşıma tuşladam, lakin tətiyi çəkə bilmədim”.

Müsahibəni tam olaraq oxumaq istəyənlər üçün AZƏRTAC-a istinadən təqdim edirik:

1993-cü il martın son günlərindən başlayaraq kənd artıq boşalmağa başlamışdı. Lakin sakinlərin çoxu ermənilərin Kəlbəcərə daxil ola biləcəyinə inanmırdılar. Aprelin 1-də Kəlbəcərin hər tərəfindən erməni quldur birləşmələrinin mühasirəsinə düşdüyü, rayonu tərk etmək üçün tuneldən keçən yeganə yolun nəzarətə götürüldüyü barədə xəbərlər yayıldı. Bizim kəndlə rayon mərkəzi arasında 64 kilometr məsafə var idi. Artıq vaxt itirmək olmazdı. Nəinki ən zəruri əşyaları, heç pal-paltar götürməyə də imkan yox idi. Kənddə qalan sakinlərin bir hissəsi maşınlarla tunelə tərəf yola düşdülər, lakin üstündən bir saat keçməmiş maşınlar geri qayıtdılar. Əvvəl elə hesab elədik ki, rayonun işğal olunması xəbəri yalandır, amma geri qayıdanlar dedilər ki, artıq ermənilər tuneli tutub, keçmək mümkün deyil…

Başlıbel faciəsinin şahidlərindən biri Habil Ələsgərov bu barədə müsahibədə 30 il əvvəl 113 günlük mühasirə həyatını xatırladıb.

Habilin o vaxt 16 yaşı olub. Həmin günlərdə atası ilə meşədən odun qırmağa gedən yeniyetmə gənc üçün indi o günləri yada salmaq da çətindir: “Kəlbəcər rayonuna elektrik xətti Ağdərədən çəkilmişdi. Ermənilər həmin xətti çoxdan sıradan çıxarmışdılar. Ona görə də kənddə işıq yox idi, telefon olsa da, işləmirdi. Vəziyyətin nə yerdə olduğundan heç kimin məlumatı yox idi. Camaatın çoxu Başlıbel binəsi deyilən yerdə maşınlarını qoyub, mürəkkəb relyefli dağ yolları ilə piyada getməyə üz qoymuşdu. Babam yaşlı, bacı-qardaşlarım körpə olduğuna görə kəndi tərk edə bilməmişdik. Kənddə bizimlə birlikdə üç ailə – Ələsgərovlar, Əmiralıyevlər və Əhmədovlar ailəsi, eyni zamanda, iki gənc, xeyli də qoca qalmışdı. Elə həmin gün axşam Laçın rayonundan kəndə 9 əsgər, 4 nəfərdən ibarət Əsgərovlar ailəsi də gəldi. Həmin ağır günlərdə Laçının Dambulaq kəndindən gələn Əhliman Əsgərovun 2 qızı və bir oğlu da bizə qoşuldu. Onlar Bəylik kəndində ermənilərlə üzləşərək Başlıbelə pənah gətirmişdilər. Kəndin üst tərəfində Dəlidağdakı kahalara çəkilməkdən başqa yolumuz qalmamışdı…

Aprelin 4-də ermənilər maşınlarla kəşfiyyat məqsədilə kəndə gəldilər, havaya beş-altı güllə atıb geri qayıtdılar. Artıq həmin vaxt kənddə qalan cavanların, Laçından gələn əsgərlərin köməyi ilə atamgil yaşlıları və uşaqları kəndin yuxarısındakı kahaya aparmışdılar. Bundan bir gün sonra biz Qalaça deyilən yerdən ermənilərin UAZ, Niva və 2 Ural maşını ilə kəndə gədiyini müşahidə edirdik. Onlar kənddəki evlərdən ikisinə od vuraraq yandırdılar. Düşmən hərbçiləri həmin gün kənddə qalan Qənaət Ağamirovu xüsusi amansızlıqla qətlə yetirmişdilər. Ömrünün ixtiyar çağlarını yaşayan çarpayıda xəstə yatan Pəri adında bir qadını da avtomatla vurub öldürmüşdülər. Onların heç birinin meyitini çıxara bilmədik.

Bundan bir neçə gün sonra ermənilər kəndə gəlmədilər. Arada gəlib evlərdə qalan xalça-palazı, qiymətli əşyaları, kövşənlərə səpələnmiş mal-heyvanı özləri ilə aparır, evlərə isə od vurub yandırırdılar. Sığındığımız kahalardan onların bütün vəhşiliklərini izləyirdik. Aprelin 18-də erməni hərbçiləri ilə dolu 2 “Ural” maşını və tank camaatın sığındığı kahalara yaxınlaşdılar. Həmin vaxt anam əsgərlərin kahasında çörək bişirirdi, biz də qardaş-bacılarımla sacın qırağında oturmuşduq. Bizim olduğumuz yerə doğru bir ağ “Niva” maşını gəldi. İki erməni maşından düşüb güllə ata-ata bizə doğru irəliləməyə başladı. Yanımızdakı Laçından gələn əsgər düşmənin birini zərərsizləşdirdi, digəri isə qaçdı. Bir az keçəndən sonra ermənilər bizim olduğumuz kahaları güllə atəşinə tutdular. Kahalar sərt daşlarla əhatə olunduğundan güllələrin çoxu daşın içində qalırdı. Onlar haradasa 40-45 dəqiqə fasiləsiz olaraq kahaları gülləbarana tutdular.

Bir qədər keçəndən sonra 4 erməni hərbçisi əllərində pulemyot dinc sakinlərin sığındığı kahalara yaxınlaşdı. Onlar fasiləsiz atəşdən sonra kahada heç kimin sağ qalmadığını güman edirdilər. Kahaya doğru o qədər atəş açırdılar ki, sanki yer-göy silkələnirdi. Erməni əsgərləri kahanın qarşısına çatanda Zərdabın Qaravəlilər kəndindən olan əsgər Vüqar Abdullayev onları hədəfə alaraq qətlə yetirdi. Düşmən hərbçiləri kahanın içərisinə qumbara atdılar. Vüqar bizi qorumaq üçün özünü qumbaranın üzərinə ataraq qəhrəmancasına şəhid oldu. Ermənilərin bizə yaxınlaşdığını görüb Vüqarın avtomatını götürüb bacıma, anama, qardaşıma tuşladam, lakin tətiyi çəkə bilmədim”.

Həmin günlərin acı xatirələrinin yaddaşında dərin iz buraxdığını söyləyən Habil Ələsgərov daha sonra sözlərinə əlavə edərək deyib: “Kahadakıları girov aparmaq üçün kəndin aşağısındakı dərənin yanına yığırdılar. Qarışıqlıqdan istifadə edib körpə qardaş-bacımla oradakı bir daşın arxasında daldalandım. Yuxarı çıxıb anamı da gətirmək istəyəndə onu qolundan güllələdilər, yıxılaraq girovların yanına yumalandı. Əvvəl anamın öldüyünü düşündüm, amma qardaşımla, bacımı götürüb qaçmaq istəyəndə gördüm ki, anam ayağa qalxdı. Tez gedib anamı da gətirdim. Orada 6 yaşlı Elmidarı ağacla necə vurdularsa, o, yerə yıxıldı. Düzdü, bizə o vaxt təsadüf nəticəsində güllə dəymədi, cismən sağ qalsaq da, ruhən sarsıldıq.

Getdikcə hava qaralırdı. Qonşumuz Xasay əminin həyat yoldaşı Nərgiz xala da yanımızda idi, güllə yarası almış 4 yaşlı Şəhriyar qucağında, Elmidar isə yanında idi. Onu da birtəhər qaçmağa razı saldım və fürsət tapıb qaçdıq. Güc-bəla ilə gəlib Qara kahaya çıxdıq. Anam çoxlu qan itirmişdi, artıq onun taqəti kəsilmişdi. Düşmən bizi çox axtarsa da, həmin gecə başlayan çovğun həyatımızı qorudu. Həmin çovğun kahada mühasirədə qalanların da həyatını xilas etdi. Erməni hərbçilər sazaqda tab gətirə bilməyərək çıxıb getdilər.

Sonrakı günlərdə pərən-pərən düşmüş sakinlərlə yenidən birləşib Qaraçanlı kəndində bir evə yığışdıq. Həmin kənddə Zar kəndindən təxminən 40 nəfərə yaxın sakin var idi. Aprelin 23-dək orada qaldıq. Həmin gün günortaya yaxın həyətə çıxanda gördüm ki, erməni səsi gəlir. Bizim olduğumuz yerə yeddi erməni gəldi. Düşmən əsgərləri bizim çox olduğumuzu görəndə geri çəkildilər. Biz də getmək istədik, lakin anamın qolları şişmişdi, tərpənəcək halda deyildi. Anamı orada belə ağır vəziyyətdə qoyub gedə bilməzdim. Bir az keçəndən sonra Müzahim adlı əsgər avtomatını mənə verdi, anamı çiyninə alıb “Sadığın budkası” deyilən yerə çatdıq. Heç bir yer təhlükəsiz olmadığından yenidən Başlıbelə qayıtdıq.

Atamı, babamı, bacım Tacirəni və əsgərləri “Nəbi kahası”nda tapdıq. Ora təhlükəli olsa da, gecələr kəndə gedib ərzaq gətirirdik. Ermənilər bir neçə dəfə bundan duyuq düşərək güllə atəşinə tutmuşdular. Xoş təsadüflər nəticəsində həmin hadisələrdən qurtula bildik”.

Uzun məhrumiyyətlərdən sonra iyulun ortalarında Başlıbeli tərk edib ermənilərin mühasirəsindən qurtulmaq qərarına gəldik. Cəmi 30 nəfər salamat qalmışdı, təəssüf ki, çox təkid etsək də, 93 yaşlı babam Ələsgər Kazımov kəndi tərk etmədi. Babamın qərarı bizi dərindən sarsıtsa da, nə qədər dil töksək də, onu fikrindən döndərə bilmədik. 1993-cü il iyulun 17-də Başlıbeli tərk etdik. Dörd gün piyada yol getdikdən sonra gəlib Daşkəsən rayonunun Zivlən kəndinə çataraq mühasirə həyatından qurtulduq. Çox çətin günlər idi, dörd aya yaxın məhrumiyyətlə dolu mühasirə həyatı yaşadıq…