Milli mətbuat – 148: Həsən bəy Zərdabi öz qəzetinə “Əkinçi” adını təsadüfən qoymamışdı

0
806
ekinci-qezeti-milli-metbuat-hesen-bey-zerdabi

Ana dilində qəzet nəşr etməyi qarşısına məqsəd qoyan və bunun zəruriliyini yaxşı dərk eləyən Həsən bəy Zərdabi nəhayət çox əzab və əziyyətlərdən sonra 1875-ci ilin 22 iyulunda “Əkinçi”nin nəşrinə başlamış və bununla da o, həmin tarixdən etibarən Azərbaycan Milli mətbuatının əsasını qoymuşdur.

Eldəniz Həsənov,
Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi.

“Əkinçi” qəzetinin nəşr olunmasında və inkişaf etdirilməsində Həsən bəyin ətrafında böyük məhəbbət və hörmətlə yanaşdığı Azərbaycan dramaturgiyasının banisi, materealist Mirzə Fətəli Axundov, böyük maarifçi şair Seyid Əzim Şirvani, vaxtilə Həsən bəyin Bakı gimnaziyasında dərs dediyi, sonradan görkəmli dramaturq, jurnalist kimi yetişən Nəcəf bəy Vəzirov, Əsgər bəy Adıgözəlov (Gorani), həmçinin Məmmədtağı Əlizadə Şirvani, Əhsənül Qabil, Ələkbər Heydəri kimi dövrünün maarifçi, demokrat, tərəqqipərvər şair və yazıçıları toplanmışdı. Həsən bəy Zərdabi onların hər birinin köməyinə arxalanırdı.

Bu qəzeti çap edən Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla o, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də koorrektoru kimi fəaliyyət göstərmişdir.

Bütün Qafqazda əks-səda doğuran “Əkinçi” Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də yayılmağa başladı.

Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur” (Seçilmiş əsərləri. Bakı, 1960, s.7).

“Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, kənd təsərrüfatı barədə elmi yenilikləri və bilikləri təbliğ etmək, millətinin hərtərəfli inkişafına nail olmaq idi.

Ensiklopedik bilik sahibi, böyük pedaqoq, jurnalist və ictimai-siyasi xadim Həsən bəy Zərdabi qəzetinə “Əkinçi” adını təsadüfən verməmişdi. O, nəzərə alırdı ki, bu qəzet ilk növbədə yoxsul kəndlilərin, əkinçilərin vəziyyətini, onların arzu və istəklərini işıqlandırmalı, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın geridə qalmış kənd təsərrüfatının inkişafına xidmət etməlidir.

Bütün bu məsələləri qəzet vasitəsilə xalqına çatdıran Həsən bəy Zərdabi “Həyat” qəzetinin 11 yanvar 1906-cı il tarixli 9-cu nömrəsində yazırdı: “Qəzet camaat üçündür. Camaat qəzet üçün deyildir”.

Bu ideyaların həyata keçirilməsində yalnız qəzetin dilindən istifadə etməyi qarşısına məqsəd qoyan, “Hər vilayətin qəzetəsi gərək ol vilayətin ayinəsi olsun” deyən Həsən bəy ana dilində “Əkinçi” başlığı altında qəzetin nəşr olunması məqsədilə Qafqaz Senzura Komitəsinə, Bakı Qubernatoruna göndərdiyi yazışmalardan, çox iztirablardan sonra hökumətdən icazə alır. Həsən bəy bu icazəni almaq üçün 7 il mübarizə aparmışdır.

Həsən bəy Zərdabi “Həyat” qəzetinin 11 yanvar 1905-ci il il tarixli 129-cu nömrəsində yazırdı: “Bizim qubernator… general Staroselski, doğrudur, xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yerli əhalisini artıq özünə dost tuturdu. Mən  ona  dərdimi  deyəndən  sonra məsləhət gördü ki, qəzetin  adını “Əkinçi” qoyum ki, güya məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım”.

“Revolyusiya i kultura” jurnalının 1939-cu il tarixli 6-cı nömrəsində vaxtı ilə Hənifə xanım Məlikovanın yazdığı “Həsən bəy Məlikov Zərdabinin tərcümeyi-halı” məqaləsində deyirdi: “Həsən bəy gələcəyə möhkəm ümid bəsləyir və bu cür arzular içində çırpınırdı. O, qəzet çıxarmaq üçün çalışmağa başladı. Bu qəzet Azərbaycan dilində nəşr olunacaq və kənd təsərrüfatı qəzeti olacaqdır. Qəzetin nəşrinə icazə yeddi il çəkdi”.

“Əkinçi” qəzetinin nəşrinə başladığı ilk gündən onun elə bir nömrəsi yoxdur ki, Zərdabi orada kənd təsərrüfatına dair kəndlilərə səmərəli, elmi, təcrübi tövsiyələr verməsin. Bu qəzetdə “Kənd əhalisinin fəaliyyəti” adlı ayrıca guşənin yaradılması, burada çap edilən məqalələrin yerlərə, zəhmətkeşlərə çatdırılması məhz onun öz elinə, obasına millətinə, xalqına bağlılığının və dərin məhəbbətinin təcəssümü idi.

Oxucular yaxşı bilirlər ki, “Əkinçi” qəzetinin ilk nömrəsindən son nömrəsinədək hər sayında yerlərdə çarizm, bəylər və mülkədarlar tərəfindən amansız olaraq istismara məruz qalan yoxsul kəndlilərin təsərrüfat dərd-sərlərindən danışılır, torpaqbecərmə alətləri, əkinçilik, bitkiçilik, becərmə, su problemi, heyvandarlıq, ipəkçilik və sair bu kimi məsələlərdən söhbət açılır, zəhmətkeş kəndlilərə lazımı məsləhətlər, tövsiyələr verilir. Çarizmin bütün məneələrinə baxmayaraq xeyirxah əməl sahibi Həsən bəy Zərdabi zəruri vasitə və üsulları öyrənib tətbiq etməklə millətinin, xalqının tərəqqisinə çalışmış və onlara yardımçı olmuşdur.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin əvvəlinci nömrəsində (“Əkinçi” 22 iyul 1875) qəzetin fəaliyyəti barədə məlumat verir. Qəzetin məzmununun fəaliyyət istiqamətlərini fəsillərə bölür. Təbii ki, hər bir fəsil üzrə yazılan xəbərlər, hər hansı bir məsələ Azərbaycan xalqının tərəqqisinə xidmət etməkdən ibarət idi.

Bu qəzeti çap edən Həsən bəy Zərdabi “Əkinçi”nin əsas yazarı olmaqla, o, həm qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki bir işçisi və həm də korrektoru kimi fəaliyyət göstərirdi.

Zərdabi yazırdı: “Əkinçi” qəzetində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyə olacaqdır, yəni qəzetin münsisinin öz tərəfindən qeydlər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri vilayətlərdə olan əkinlərdən, onları əkib becərməkdən, onları əkib becərən vaxtda işlənən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib götürüb qurudub döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri vilayətlərdə nə cism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm ya imtahan yolu ilə aşkar olan, məsələn insanın bədəninə və malına nəti olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir.

Sani, bizim Rusiya dövlətinin və qeyri dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların büzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər verəcəkdir. Salis, Rusiya dövləti tərəfindən öz tabelərinə sadiq olan hökmlərdən xəbər verəcəkdir. Rabe, bizim kənd sudlarında ya miravoy sudda və ya okruynay sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamis, yuxarıda zikr olan xəbərlərdən savayı hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri qism xəbərlərdən danışıq olacaqdır”.

Həsən bəy Zərdabinin qəzetin göstərəcəyi fəaliyyət və fəaliyyət istiqamətləri barədə verdiyi məlumatdan aydın olur ki, o bu qəzetin adını təsadüfən “Əkinçi” qoymamışdır.

Badkubə gimnaziyasının müəllimi Həsən bəy Zərdabi “Əkinçi”ni nəşr etdirdiyi zamanda, habelə o, harada yaşamasından, hansı sahədə işləməsindən asılı olmayaraq doğma Azərbaycanın inkişafı, tərəqqisi yolunda ömrünün sonunadək müstəsna xidmətlər göstərmişdir.

Çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi yaradıcılığı dövründə bir çox elmlərin əsasını qoymuşdur. Belə ki, apardığımız tədqiqatlar bizə deməyə əsas verir ki, Zərdabi birmənalı olaraq Azərbaycanda aqrar elmlərin banisidir.  1865-ci ildə Moskva Universitetinin fizika, riyaziyyat fakultəsinin təbiət şöbəsini elmlər namizədi alimlik dərəcəsi ilə bitirməsi və onun təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, bitkiçilik, meşəşünaslıq, yerquruluşu, heyvandarlıq, quşçuluq, arıçılıq və digər sahələrdə gördüyü elmi, təcrübi işləri, yaradıcılığı, dahi mütəfəkkiri dünya klassikləri sırasında öncül yerlərə gətirib çıxarmışdır.

Həsən bəy Zərdabinin yuxarıda qeyd olunan elmlər sahəsindəki, habelə bu elmlərlə bağlı olan digər elmlər sahəsindəki misilsiz xidmətlərini, elmi, təcrübi naliyyətlərini dövri mətbuatımızın bünövrəsini qoyduğu “Əkinçi” (1875-1877) qəzetinin səhifələrindəki tarixi yazıları, eyni zamanda ayrı-ayrı vaxtlarda “Həyat”, “İrşad”, “Kaspi”, “Şərqi rus” “Novoye obozreniya” və s. qəzetlərdə dərc etdirdiyi məqalələri, 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsəri, “Həvasi xəmsə”, “Bədəni salamat saxlamaq düsturələməli” əsərləri və bir çox elmi məqalələri ilə tanış olan hər bir Azərbaycan ziyalısına, aliminə yaxşı məlum olur ki, bu dahi mütəfəkkir doğrudan da ensiklopedik bilik, fitri istedad sahibi olub.

Həsən bəy Zərdabinin əkinçilik mədəniyyətinin yaradıcısı olduğu onun təşəbbüsü ilə yaradılan qəzetin “Əkinçi” adlandırılmasından və bu qəzetin demək olar ki, bütün nömrələrində, xüsusi ilə “Elm xəbərləri”, “Əkin və ziraət xəbərləri”, “Əf Ali-Əhdi-Dehat” və həmçinin “Daxiliyyə” şöbələrində əkinçilik mədəniyyəti haqqında gedən yazılarından bizə yaxşı məlum olur.

hesen-bey-zerdabi-zerdab-rayonu.jpeg
Həsən bəy Zərdabi

Aqrar elmlərin bünövrəsini qoyan, aqrar ölkə olan Azərbaycanda əhalinin başlıca məşğuliyyətinin əkinçiliklə bağlı olduğunu görən və onun inkişaf etdirməsini qarşısına məqsəd oyan Həsən bəy Zərdabi birmənalı olaraq əkinçilik mədəniyyətinin yaradıcısı hesab edilir.

Həsən bəy Zərdabinin elmi irsi ilə yaxından tanış olduqda XIX əsr alimləri, mütəfəkkirləri, ədibləri arasında Zərdabi qədər əkinçilik mədəniyyətini tərənnüm edən, eyni zamanda kənd təsərrüfatının ən mühüm sahələrindən biri hesab edilən heyvandarlığın, quşçuluğun inkişaf etdirilməsinə diqqət yetirən ikinci bir mütəxəssisin, alimin olmadığını görürük. Bütün bunları onun yerlərdə qoyduğu təcrübələr, yazdığı elmi-təcrübi əsərləri, məqalələri, ideyaları, tövsiyələri əks etdirir.

“Əkinçi” qəzetinin 1875-ci il 1,2,3,4,9-cu və 1876-cı il 6,13,24-cü nömrələrində Zərdabi heyvandarlığın müxtəlif sahələrinə dair maraqlı məqalələr yazmaqla oxucularına və kəndlilərə maraqlı məlumatlar və bilgilər verirdi.

Çar məmurlarının hədə-qorxularına məhəl qoymayan Zərdabi bəylərin, mülkədarların əsarəti altında aclıq və yaxud yoxsulluqdan əzab çəkən insanların acnacaqlı halına dözməyərək “Əkinçi” qəzeti vasitəsilə onları öz hüquqlarını müdafiə etməyə, azadlıqları və xoşbəxtlikləri uğrunda mübarizəyə səsləyirdi.

O, “Əkinçi” qəzetinin 1876-cı ildəki sonuncu sayında yazırdı: “Niyə taqətimizi kəsirsiniz, niyə həvəsimizi öldürürsünüz? Niyə macal vermirsiniz dilini, sirrini bildiyimiz torpağı əzizləyək, oxşayaq, əvəzində ondan geyim, yemək, başucalığı alaq? Vallah-billah, torpaq onun dilini bilənindir. Bizim torpaq bizimdir!”. Və yaxud da “Əkinçi”nin 3-cü sayında yazırdı: “Necə ki, lal yavrunun dilini anası bilər, torpağın da qədir-qiymətini dərk edənlər anlayar”.

Bəli, vətənini, torpağını ana məhəbbətindən üstün tutan Həsən bəy Zərdabi millətinin xoşbəxtliyini ana torpağına bağlılıqda görür və insanları torpağın qədrini bilməyə, ondan doğru, düzgün, səmərəli istifadə etməyə səsləyirdi.

Həsən bəy “Əkinçi” qəzetinin digər nömrəsində yazırdı: “İnsan! Atadan, anadan küsər, amma torpaqdan inciməz, ona bivec münasibət bəsləməz. Çünki sümüyü onun içində, qoynunda dinclik tapacaq”

“Əkinçi” nəşr olunduğu gündən bağlananadək Həsən bəy Zərdabi çarizmə, köləliyə qarşı barışmaz mübarizə aparmış və rejimin torpaq məsələlərində yeritdiyi haqsızlığa, kortəbii hərəkətlərinə öz mənfi münasibətini bildirmişdir.

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab etmişdir.

Mətbuat tariximizdən məlumdur ki, ermənilərin naqis əməllərinə “fitva” verən “Mşaq” qəzetinin redaktoru Arsurinin, eyni zamanda “Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına bəhanə olmuşdur.

Ermənilərin böhtan dolu donoslarının açıqlaması zamanı Minasov həyasızcasına Həsən bəyin üzünə durmuşdur. Həsən bəy Zərdabi dərin zəkası və əməlisalehliyi ilə bütün çətinlikləri aradan qaldırmış, ermənilər ifşa olunmuşdur.

Lakin, bunlara baxmayaraq nəticədə 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır.

Ümumilikdə götürdükdə, zəngin dünya görüşüna malik Həsən bəy Zərdabinin çox böyük elmi uzaqgörənliklə nəşr etdiyi “Əkinçi” qəzetinin 1875-1877-ci illər ərzində işıq üzü görən cəmi 56 nömrəsi dövrün elmi, mədəni, ictimai-siyasi, maddi-texniki, hadisələrini işıqlandırmaqla, millətin cəhalət yuxusundan oyanmasında tarixi bir hadisə olmuşdur.

Çar hökuməti üçün “təhlükəli” hesab edilən Zərdabinin Bakıda qalması lazım bilinmir. Yekaterinodar (Krasnodar) çəhər gimnaziyasına müəllim göndərmək adı ilə o, Bakı gimnaziyasından uzaqlaşdırılır. Vəfalı həyat yoldaşı Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-ci ildə ailəsi ilə birgə öz doğma kəndi Zərdaba köçür.

Lakin, çar hökumətinin bu addımı böyük maarifpərvər, demokrat və ictimai-siyasi xadimi, torpaq islahatçısı Həsən bəy Zərdabini öz məqsədindən uzaqlaşdıra bilmir. O, burada məktəb açmaq, təsərrüfatla məşğul olmaq fikrinə düşür, lakin orada da ona mane olurlar, hər addımını izləyirlər.

Zərdabi çar məmurlarının, bəylərin, mülkədarların, iri torpaq sahiblərinin, qolçomaqların yerlərdə törətmiş olduqları zorakılıq, özbaşnalıq halları barədə mütəmadi olaraq rusca məqalələr yazaraq onları Bakı və Tiflisdə nəşr olunan qəzetlərdə dərc etdirirdi. Bu vəziyyət barədə, eyni zamanda ağır vergilər altında əkinçiliklə məşqul olan məzlum kəndlilərin ehtiyac içində, dilənçi vəziyyətində yaşamalarını təsvir edən bir sıra məqalələr də yazaraq onları Peterburqda nəşr olunan “Zemledelskaya qazeta” adlı qəzetə göndərir və burada onları dərc etdirməklə yerlərdə bilavəsitə bu vəziyyəti yaradan, bu işlərin başında çarizmin, çar Rusiyasının durduğunu nəzərə çarpdırırdı.

Bütün maneələrə baxmayaraq Zərdabi burada arzu və istəklərinin həyata keçirilməsinə nail olur. Onu sevindirən ən böyük hadisələrdən biri o idi ki, ilk ibtidai təhsil aldığı doğma kəndi Zərdabda ömrünün müdrük çağında yeni tədris ocağının açılmasına nail olmuşdu.

Həsən bəy Zərdabi hələ doğma kəndi Zərdabda yaşadığı 16 il ərzində torpaqdan düzgün, səmərəli istifadə olunmasını, şoran və şorakət torpaqların yararlı hala salınmasını, münbitliyinin artırılması məqsədilə aqrotexniki, meliorativ işlərin, yerquruluşu tədbirlərinin həyata keçirilməsini qarşısına məqsəd qoymuş və torpaqdan elmi laboratoriya kimi istifadə etmişdir. Alim burada bitkiçilik sahəsinə diqqət yetirmiş, meyvəçiliyin, taxıl bitkilərinin seleksiyası üzərində dərin elmi-tədqiqat işləri aparmışdır.

Qeyd edək ki, 1889-cu ildə Tiflisdə təşkil olunan kənd təsərrüfatı və sənaye sərgisində Zərdabinin yaratdığı yeni buğda, arpa və qarğıdalı sortları, eyni zamanda yetişdirdiyi yüksək keyfiyyətli yem otları nümunələri nümayiş etdirilmiş və bu sortlara görə o, diplom və medal ilə təltif edilmişdir.

Eyni zamanda Həsən bəy Zərdabda yaşadığı illərdə müxtəlif kənd təsərrüfatı işləri ilə yanaşı ipəkçiliklə də məşqul olmuş, ipəkçiliklə bağlı elmi məqalələr yazmış və onun mədəni üsulla inkişafı yollarını əhaliyə çatdırmışdır. O, həyat yoldaşı Hənifə xanımla ipəkqurdu yetişdirmiş və ondan ipək istehsal etmişdir. Heç də təsadüfi deyil ki, Həsən bəy şəxsi təcrübəsinə əsaslanan və topladığı çoxsahəli sənət nümunələri arasındakı ipək məmulatını Hənifə xanımla birlikdə 1889-cu ildə Tiflisdə keçirilən Qafqaz sərgisində nümayiş etdirmişdir. Yerli üsullarla ipəkqurdu yetişdirdirdiyinə görə Həsən bəy sərginin gümüş medalına layiq görülmüşdür.

         Həsən bəy Zərdabi öz doğma kəndi Zərdabda yaşadığı zaman əkinçilik, bitkiçilik sahəsində uğurları, o cümlədən məhsuldarlığın artırılmasında seleksiyanın və toxumçuluğun inkişaf etdirilməsi sahəsində qazandığı çox böyük nəaliyyətlərlə yanaşı balıqçılıq təsərrüfatına da dərindən diqqət yetirmişdir. Onun bu sahədə zoologiya dair bir sıra dəyərli elmi-təcrübi məqalələri diqqəti cəlb edir. Həsən bəy balıqçılığın Azərbaycanda inkişaf etdirilməsi məqsədilə vətəgələr yaradaraq süni yolla qiymətli nərə, qızılbalıq növlərinin artırılmasını, bu məqsədlə balıqçılıq təsərrüfatının yaradılmasının zəruriliyini tövsiyə edirdi.

Balıqçılıq təsərrüfatının inkişaf etdirilməsinə böyük diqqət və qayğı göstərən və bu sahədə geniş müşahidələr aparan və təcrübi fəaliyyət göstərən Həsən bəy Zərdabinin balıq tutmaqdan ötrü ixtira etdiyi alətə görə 1889-cu ildə Tiflisdə kənd təsərrüfatı və sənaye məhsullarının Qafqaz sərgisində onun III dərəcəli fəxri diplom və tunc medalla təltif olunması təsadüfi deyildir.

Həsən bəy Zərdabinin “Barama qurdunu yaxşı saxlamaq üçün düstürüləməli” əsərini oxuyanda və onun yerlərdə bu sahədəki gərgin elmi, təcrübi fəaliyyətini göz qabağına gətirdikdə belə qənatə gəlmək olur ki, bu dahi insan ipəkçiliyin inkişaf etdirilməsi və onun yem bazasının yaradılması ilə bu sahənin onun ölkəsinə dünya bazarından kapital, şöhrət gətirəcəyi üçün nə qədər fədakarlıq göstərmişdir.

Meyvəçilik sahəsində əldə olunan və həyata keçirilən naliyyətlərin Azərbaycanda təşəkkül  tapması  müsəlman  dünyasının  ilk  təbiətşünas  seleksiyaçı  alimi  Həsən  bəy

Zərdabinin bu sahədə olan əməyinin bəhrəsi, arzularının çiçəklənməsi kimi qiymətləndirilməlidir.

Qeyd edək ki, Zərdabinin meyvəçilik sahəsində yazdığı məqalələrdən biri də gilas, onun sortları, becərilməsi, aqrobiologiyası haqqındadır. Həsən bəy hətta meyvə verən gilas bitkisi də yetişdirmişdir.

Zərdabi gilas ağacı ilə yanaşı meyvəçilik sahəsində alma, armud, gavalı və başqa meyvə ağaclarının yetişdirilməsində seleksiyaçı təbiətşünas alim kimi çox böyük əmək sərf etmişdir.

Yuxarıda qeyd olunduğu kimi, 1877-ci ildə Həsən bəyin “Əkinçi” qəzetinin çar hökuməti tərəfindən bağlanmasına, onun “siyasi cəhətdən” təhlükəli hesab edilərək Bakıda yaşamasına imkan verilməməsinə baxmayaraq o, istər 16 il ərzində doğma kəndi Zərdabda yaşadığı zaman və eyni zamanda 1896-cı ildə yenidən Bakıya dönən, keşməkeşli həyat yolu keçən bu millət fədaisi öz amalından dönməyərək harada yaşamasından, harada hansı vəzifədə işləməsindən asılı olmayaraq yaratmış olduğu “Əkinçi”nin ənənələrini yaşatmaqla ömrünün sonunadək bütün həyatını, yaradıcılığını, ideyalarını, arzularını millətinin, xalqının işıqlı gələcəyi naminə sərf etmiş oldu.

Qeyd edim ki, “Əkinçi” ilə başlanan milli mətbuatımız sonrakı illərdə “Həyat”, “Kəndçi”, “Kəndli”, “Azərbaycan kolxozçusu”, “Azərbaycan kənd təsərrüfatı”, “Sovet kəndi”, “Bərəkət”, “Kənd həyatı” adı ilə çap olunmuş və bu günsə “Aqroinfo” qəzeti adı ilə  nəşr olunur.

Həmişə torpağımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin ənənələri bu gün də aktualdır.

Azərbaycan müstəqillik qazandıqdan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı. Hər il 22 iyul tarixində “Əkinçi”nin Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunması qəzetin naşiri, redaktoru, milli mətbuatımızın, milli teatrımızın banisi, Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi onun ruhunun şad olması deməkdir.