Hülakü mənbələrində adı çəkilən Delan Naur (70 göl) ərazisinin qərb hissəsi Zərdab torpaqlarıdır

0
1832
zerdabin-tarixi-zerdabcom.png

“Zərdab rayonu tarix boyu yerli tayfaların məskunlaşdığı yerlərdən olub. Tunc dövründə bu ərazi Kür çayının sahili boyu torpaqlarla birlikdə Kür – Araz mədəniyyətinin daşıyıcılarının yurdu olub”.

Zerdab.com saytı xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev bildirib.

E. ə. IV əsrin sonlarında Şimali Azərbaycan ərazisində Qafqaz albanlarının dövləti meydana gəlir. Müasir Zərdab ərazisi Qafqaz Albaniyasının tərkibində hazırki Ucar rayonunun ərazisi ilə birlikdə Əcəri vilayətinə daxil olub. “Alban tarixi” əsərinin müəllifi, alban tarixçisi Musa Kalankaytuklu öz əsərində Əcəri vilayətinin əkinçilik üçün yararlı olduğunu söyləyir və vilayətin əhalisinin əsasən əkinçi albanlardan, qismən də maldarlardan ibarət olduğunu yazır. Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Əcəri vilayətinin maldarları yay aylarında öz mal-qarasını Lpina və Şəki vilayətinə aparırdı. Tədqiqatlar göstərir ki, Zərdab ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə edib. Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlayıb. Ərazidə qeydə alınmış küp qəbirləri bir daha buranın yerli alban əhalisinə məxsus olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, Zərdab ərazisi antik və erkan orta əsrlər dövrünü əhatə edən Alban Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsidir. Xilafət dövründə burada yaşayan albanlar İslamı qəbul edib və ərəblərin əmirlik inzibati sisteminə uyğun olaraq Azərbaycan sərhədləri daxilində yaşayıblar.

Qeyd edək ki, Ərəb Xilafəti zamanında Azərbaycan torpaqlarının tarixi sərhəddi şimalda Dərbənd keçidi, cənubda isə Həmədan – Qəzvin ərazisi hesab olunub. Ərəb Xilafətinin zəifləməsi nəticəsində Kürdən Dərbəndə qədər olan ərazilərdə Şirvanşahlar dövləti yaranır və Zərdab ərazisi XVI əsrin 30-cu illərinin sonuna kimi bu dövlətin tərkibində olub. Həmin dövrdə ərazidə ayrı-ayrı yaşayış məskənləri mövcud olub. Lakin qeyd olunan dövrdə – XI – XIII əsrlərdə ərazi Səlcuq imperiyası və Azərbaycan Atabəylər dövlətinə tabe edilib, XIII əsrin II yarısı və XIV əsrdə isə Hülakü və Cəlairi dövlətlərindən asılı hala düşüb. Ərazidən Atabəylər (Eldənizlər) dövrünə aid mis pullar da tapılıb. XIV əsr Hülakü mənbələrində adı çəkilən Delan Naur (70 göl) ərazisinin qərb hissəsi məhz Zərdab torpaqlarıdır.

Zerdab.com