Abdulla xan Ustaclı XVI əsrin ortalarında Şirvan bəylərbəyi olduğu zaman Zərdab ərazisindəki yaşayış məskənləri böyümüş və ərazinin mövqeyi artıb.
Zerdab.com saytı xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Taleh Əliyev bildirib.
Şah Məhəmməd Xudabəndənin hakimiyyəti (1578-1587) dövründə Osmanlılar Şirvan ərazisini imperiyanın tərkibinə qatır. Məhz Osmanlı mənbələri Şirvan ərazisi haqqında yazılarında Zərdabın adını qeyd edirlər. Şah I Abbasın hakimiyyəti zamanı bu torpaqlar yenidən Səfəvilərin ərazisinə çevrilir. Səfəvilər dövlətinin zəiflədiyi dövrdə feodal özbaşınalıqları geniş vüsət aldığı zaman onlara qarşı yerlərdə üsyanlar baş qaldırır. Şirvan üsyançılarının əsas məntəqələrindən biri də Zərdab ərazisi olmuş, burada Müskürlü üsyançıları xüsusilə fərləniblər. Məhz 1724-cü il İstanbul sülhündən sonra Rusiya Hacı Davud Müskürlünü Şirvan xanı kimi tanınıb və Zərdab ərazisi də onun idarə etdiyi əraziyə daxil edilib. Lakin 1727-ci il Nabur sülhündən sonra əraziyə rəhbərlik rus meyilli hakim Qazıqumuxlu Surxay xanın əlinə keçib. 1736-1747-ci illərdə Zərdab ərazisi bütün Azərbaycan torpaqları kimi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibində Azərbaycan vilayətinin bir hissəsi olub.
Nadir şahın öldürülməsindən sonra Zərdab ərazisi Şamaxı xanlığının tərkibində olub. Bu dövrdə yenə də Zərdab və Ucar rayonlarının ərazisi birlikdə Qarasubasar mahalına daxil olub. N.Bayramova “Şamaxı xanlığı” əsərində yazır: “Qarasubasar mahalına Şilyan, I Ləki, II Ləki, Əlvənd, Muradxan, Xələc, Zərdab, Çallı və s. kəndlər daxil idi. Mahalın əhalisinin çox hissəsi əkinçiliklə məşğul olurdu”. Qubalı Fətəli xan Şirvanı tabe etdikdən sonra bir müddət ərazi (1768-1790-cı illərdə) Quba xanlığının tərkib hissəsinə çevrilib. Onun ölümündən sonra yenidən Şamaxı xanlığının ərazisi olub. Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra bu ərazidə çar Rusiyası tərəfindən Göyçay qəzası təşkil edilib. 1840-1846-cı illərdə Zərdab ərazisi Xəzər vilayətinin, 1846-1859-cu illərdə Şamaxı quberniyasının, bundan sonra isə Bakı quberniyasının tərkibinə daxil edilib. XIX əsrə məxsus “Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları” adlı ayrı-ayrı buraxılışlarda Şirvan ərazisi haqqında olan qeydlərdə Zərdabın adı dəfələrlə çəkilir. Hətta 1886-cı ilə aid “Bakı quberniyasının etnoqrafik xəritəsi”ndə Zərdab ərazisində yaşayan əhalinin bütünlüklə Azərbaycan tatarları olduğu göstərilir. XIX əsr rus tarixşünaslığında Azərbaycan dilində danışan əhaili Azərbaycan tatarları adlandırılırdı. 1903-cü ilə aid “Qafqaz Hərbi dairəsinin Hərbi – Topoqrafik sahəsi” adlı xəritədə Zərdab ərazisi və bir sıra kəndlər qeyd olunub. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Zərdabın ərazisi Göyçay qəzasının bir hissəsi olub. 1926-cı ilə məxsus Göyçay qəzasının etnik tərkibi haqqında cədvəldə Zərdab əhalisi bu cür idi: 99,8 % – türklər (Azərbaycan türkləri), 0,1 Arxeologiya və Etnoqrafiya Тarix və onun problemləri, № 1 2014 309 % ləzgilər, 0,1 % ruslar. Azərbaycan SSR dövründə artıq Zərdab ərazisi rayon mərkəzinə çevrilib. Hal-hazırda Zərdabın ərazisi 856 km2-dir və 40 yaşayış məntəqəsindən ibarətdir.
Zerdab.com