Zərdab Rayon Mərkəzi Xəstəxanasının laboratoriyası yenilənib – FOTO

0
1589
Zerdab Rayon Merkezi Xestexanasi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 78 xəstəxananın, o cümlədən Zərdab Rayon Mərkəzi Xəstəxanasının laboratoriyası tamamilə yenilənib.

Zerdab.com saytı xəbər verir ki, tibb müəssisələrindəki laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilib, Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.

Laboratoriyaların fəaliyyəti pre-analitik, analitik və post-analitik mərhələnin tələblərinə uyğun olaraq təşkil edilib, bütün mərhələlərdə insan faktorunu və xətaları minimuma endirmək üçün sistem tam avtomatlaşdırılıb. Belə ki, laboratoriyalar tanınmış xarici şirkətlərin tam avtomatlaşdırılmış biokimyəvi, immunokimyəvi, mikrobioloji, hematoloji, ELISA və s. sistemləri ilə təchiz olunub.

Laboratoriyanın həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilib.

Qeyd edək ki, ambulator və stasionar pasiyentlər icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 800-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə bilərlər.