Həmin ərazilər bütünlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi – TARİX

0
3619
zerdab-rayonu-zerdabcom-zardab-zerdabin tarixi.png

Lələ Əhmədli elinin indiki Dəli Quşçu (keçmiş Lələhmədli kəndi) kəndi ərazisində kütləvi qəbiristanlıq – “Ağtəpə” adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və burada əsaslı qazıntı-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac vardır.
XX yüzilliyin 70-ci illərində görülən meliorasiya-irriqasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxmış və indi bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq Muzeyində eksponat kimi nümayiş etdirilir.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 5 noyabr 1882-ci sayında yazırdı: “Zərdab, 26 oktyabr 1882-ci il. 600 evi özündə birləşdirən Zərdab yaşayış məntəqəsi Kürün hər iki sahili boyunca 50 verst (53.3 km) uzanırdı ki, qonşuluğu Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi. Demək olar ki, həmin ərazilər bütünlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi. Bu bəylər vəziyyətdən istifadə edərək gah bu, gah da o biri sərhəd xanlığına birləşmişlər”.
Böyük əraziləri əhatə edən Zərdab torpağı vaxtı ilə Göyçay, Şuşa, Ərəş, Cavad qəzaları ilə əhatə olunduğunu və torpaqların bu qəzaların inzibati sərhəddi daxilində yerləşdiyini göstərən Həsən bəy Zərdabi hər hansı bir hadisə ilə bağlı insanların Zərdab kəndindən adı çəkilən qəzalar üzrə yerləşən məhkəmələrə uzun məsafə qət etmələrini öz yazılarında ürək ağrısı, ürək yanğısı ilə qələmə alıb.
Mənbələrə görə, Zərdab Azərbaycanın qədim yaşayış məntəqələrindən olsa da rəsmi olaraq onun adı 1578-ci ildən “Zərdab sancağı” kimi çəkilmişdir. Zərdab xanlıqlar dövründə iri yaşayış məntəqəsi olmuşdur. O vaxt Bakı-Salyan yolunun Sanqaçaldan ayrılan bir qolu Nəvahi, Cavad, Tilan-Qoyun kəndlərindən keçərək Zərdaba gəlib çıxmış, sonra da bu yol Gəncəyə və ya Mingəçevir kəndinə uzanmışdır.
Həsən bəy Zərdabi 1892-ci ildə “Kaspi” qəzetində yazırdı: “Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…”
Kür çayının Qarabağ tayına dəvə karvanı ilə neft daşıyanlar indiki Zərdab şəhərinin mərkəzində salınmış bərədən keçmişlər. 1827-ci ildən başlayaraq Kür çayı mənsəbinə ərzaq və s. gətirən yelkənli iri gəmilər həmin ətrafındakı dayanacağa yan alardılar.

Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi, həmyerlimiz Eldəniz Həsənovun Zerdab.com saytına müsahibəsindən.