Həmyerlimiz, Azərbaycanın tanınmış oftalmoloqu, professor Çingiz Cərullazadəni tanıyaq

0
3897

“Atam zərdablıdır. Uşaq vaxtı hər yay valideynlərim məni nənə və babamın yanına aparardılar. Sevinə-sevinə gedirdim. Ona görə özümü zərdablı hesab edirəm. Bizim əslimiz Zərdab rayonunun Nəzəralı kəndindəndir. Məni orada nənəm və babam tərbiyə ediblər. Vətənimə, el-obama bu qədər bağlı olmağı da mənə onlar aşılayıblar”.

Bu fikirləri Zerdab.com saytına müsahibəsində Azərbaycanın tanınmış oftalmoloqu, tibb elmləri doktoru, professor Çingiz Cərulla oğlu Cərullazadə deyib.

Çingiz Cərullazadə 1944-cü il iyun ayının 3-də ziyalı ailəsində anadan оlub.

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib.

Çingiz Cərullazadə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. O, həkim kimi Almaniyada hərbi xidmət keçib.

1973-cü ildə Аzərbaycan Еlmi-Тədqiqat Göz Xəstəlikləri İnstitutunda işə başlayıb.

İki il sonra – 1975-ci ildə Моskva Тibb İnstitutunda Göz xəstəlikləri kаfedrasında аspiranturaya daxil olub.

Daha sonra Azərbaycan Еlmi-Тədqiqat Göz Хəstəlikləri İnstitutunda kiçik elmi işçi, sonra isə baş elmi işçi vəzifəsində işini davam edib, qlaukomanın və kataraktanın ən müasir mikrocərrahiyyə üsullarını tətbiq edib.

İşi ilə yanaşı, elmi fəaliyyətini də davam etdirən Çingiz Cərullazadə 1983-cü ildə Моskvada doktoranturaya daxil olub.

O, elmi araşdırmalar aparıb, 20-dən çox ixtiranın müəllifi olub.

1989-cu ildə Моskva şəhərində Ümumittifaq Еlmi-Тədqiqat Göz Хəstəlikləri İnstitutunda dоktоrluq dissertasiyasını müdafiə еdib.

Təhsilini başa vurduqdan sonra Azərbaycana qayıdıb. 1990-cı ildən Аzərbaycan Еlmi-Тədqiqat Göz Xəstəlikləri İnstitutunda Virusologiya şöbəsinin rəhbəri vəzifəsini icra edib.

Çingiz Cərullazadə 1992-ci ildə Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına müsabiqə yolu ilə professor vəzifəsinə seçilib.

1996-cı ildə həmin İnstitutda kafedra müdiri vəzifəsinə seçilib.

Bu vəzifədə 2000-ci ilə qədər çalışıb.

Ç. Cərullazadə 10 mindən çox müxtəlif cərrahi əməliyyatlar aparıb.

Sevindirici haldır ki, Çingiz Cərullazadə öz bilik və bacarıqlarını gənclərə də öyrədib, yeni oftalmoloqların hazırlanmasında dəstəyini əsirgəməyib.

O, 2000-ci ildə Dövlət Neft Kampaniyasının Birləşmiş xəstəxanasında yaradılan Göz xəstəlikləri şöbəsinin və sonra Göz Мərkəzinə rəhbərlik edib.

İmkansız təbəqədən olan şəxslər üçün göz klinikasının yaranmasına rəhbərlik edib.

2000-ci ildən “OFKO Оftalmoloji kompleksi” özəl klinikasının təşkilatçısı olaraq direktor vəzifəsini icra edib. 2016-cı ilədək bu vəzifədə çalışıb.

Onun rəhbərliyi ilə həm paytaxtda, həm də regionlarda humanitar məqsədlə yüzlərlə vətəndaş təmənnasız olaraq müayinə və cərrahi əməliyyat olunub.

Çingiz həkim humanitar məqsədli belə tədbirlərin Zərdab rayonunda da icrasında aktiv rol oynayıb, konsultasiyalar aparıb.

Hələ bir neçə il öncə Zerdab.com saytına müsahibəsində demişdi: “Zərdaba tez-tez gedirəm. Bundan əlavə, ildə 2-3 dəfə həkim qrupumuz Zərdaba gedir, insanları müayinə və müalicə edirlər. Bu gün hər adamın Bakıya gəlməyə imkanı yoxdur, yəni ya maddi problemi var, ya Bakıda qalmağa yeri yoxdur, ya da ailəsini qoyub gələ bilmir. Ona görə də belə insanlara dəstək məqsədilə biz özümüz rayona gedirik”.

Azərbaycanımızın ən nüfuzlu oftalmoloqlarından olan Çingiz Cərullazadə cərrahların hazırlanmasına kömək göstərməklə yanaşı, müxtəlif illərdə seminarlar verib, mühazirələr oxuyub.

Onun 120 elmi və tədris-metodik işi dərc edilib.

24 müəlliflik şəhadətnaməsinin, ixtiranın müəllifidir.

Çingiz Cərullazadə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin Rəyasət heyətinin üzvü, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi nəzdində Dissertasiya Şurasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

“Zərdabda kənd həyatı, isti hava, ağcaqanadlar, qışın soyuğu, kəndin palçığı, qohumların təndirdə çörək bişirmələri yadımda çox yaxşı qalıb. Axşamlar kənd camaatının təzək yandırması, ətrafı tüstünün bürüməsi yadımdadır.
Mən əvvəllər də, elə indinin özündə də Zərdab camaatına çox fikir verirəm. Buna görə də bilirəm ki, mənim cürbəcür xasiyyətlərimin kökü zərdablı olmağımdan irəli gəlir. Zərdabın bir uğuru da ondadır ki, Həsən bəy Zərdabi kimi yetirməsi var. Həsən bəy Zərdabi təkcə Azərbaycan miqyasında yox, dünya səviyyəli bir ziyalıdır. Həsən bəy Zərdabi müsəlman dünyası ilə Avropa arasında körpü rolunu oynayan bir şəxsiyyət olub”, – deyir Çingiz Cərullazadə Zerdab.com-a müsahibəsində.

Allahdan Çingiz həkimə cansağlığı, ailə səadəti, əzizləri ilə birgə xoşbəxt günlər və yeni-yeni uğurlar arzulayırıq.

Zerdab.com