Ailəsi Zərdabdan köçüb getməyə məcbur olmuş AKADEMİK – Atası “Məlikov” soyadını dəyişməyə məcbur olmuşdu

0
3642
boyukkisi-agayev-zerdab.png

Bir çoxları görkəmli alim və pedaqoq, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, Elmi-Cərrahiyyə Mərkəzinin direktoru Böyükkişi Ağa oğlu Ağayevi sabirabadlı kimi tanıyırdılar.

Zerdab.com saytı xəbər verir ki, əslində isə o 1928-ci ildə Əlvənd kəndində anadan olub. Böyükkişi Ağayev hələ uşaq olarkən ailəsi istəməyərəkdən Zərdabdan köçürülmüşdü. Valideynləri, əcdadları da Zərdabdan, məşhur Məlikovlar nəslindəndir. Həm ana babası Novruzəli bəy Məlikov, həm də ata babası Böyük bəy Məlikov Həsən bəy Zərdabi ilə eyni kökdən olub. Anadan olarkən babasının şərəfinə ona Böyükbəy adı vermişdilər. Ancaq keçən əsrin 20-30-cu illərinin onların ailəsinə, qohumlarına gətirdiyi məhrumiyyətlərin, represiya, sürgün acılarının yaşanan qorxusu nəticəsində atası Ağakişi “bəy” sözündən qaçaraq sənəddə Böyükbəy adını Böyükkişi, “Məlikov” soyadını isə Ağayev yazğırmağa məcbur olmuşdu.

Böyükkişi Ağayev illər öncə Zərdabla bağlı xatirələrində Əlvənddən köçmədiklərini, köçürüldüklərini bildirmişdi: “Özgə dövr idi. Anamın göz yaşlarını indi də unuda bilmirəm. Doğma el-obadan, yurd-yuvadan ayrılmaq necə də çətin imiş. Bunu qəribçilik çəkənlər bilər. İstər şah ol, istərsə nökər, fərqi yoxdur. Hər quşa öz yuvası doğmadır”.

Şura hökuməti qurulanda Böyükkişi Ağayevin anasının hər iki babasını – Novruzəli bəyi və Əli bəyi həbs edib güllələmişdilər. Ana babası Əlabbas bəy Məlikov Əlvənddən sürgün olunmuşdu.

Hər gün incidilən, təqib olunan ailəsi Zərdabdan qaçmağa, köçüb getməyə məcbur olub.

Zərdabi yurdu repressiya illərində çox qurbanlar verib. Sonralar onların səs-sorağı Sibir çöllərindən, Qazaxıstan səhralarından, Qırğızıstan düzənliklərdən, Arxangelsk buzlaqlarından gəlib.

Böyükkişi Ağayev orta məktəbi bitirdikdən sonra o, 1944–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsində ali təhsil alıb.

1950-ci ildə Sabirabad rayon xəstəxanasında əmək fəaliyyətinə başlayan Böyükkişi Ağayev burada 1954-cü ilədək həkim-cərrah işləyib. O, 1954–1957-ci illərdə Moskva şəhərində İkinci Moskva Dövlət Tibb İnstitutunun cərrahiyyə üzrə aspiranturasında oxuyub, aspiranturanı bitirdikdən sonra, 1958–1960-cı illərdə Həştərxan Tibb İnstitutunun cərrahiyyə kafedrasının assistenti olub.

1960-cı ildə Bakıya qayıdan Böyükkişi Ağayev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Onkologiya İnstitutunda əmək fəaliyyətini davam etdirərək 1967-ci ilədək İnstitutun cərrahiyyə şöbəsinin baş elmi işçisi və şöbə müdiri vəzifələrində çalışıb.

1968-ci ildə Azərbaycan Tibb Universitetinin hospital cərrahiyyə kafedrasına professor seçilən Böyükkişi Ağayev 1973-cü ildən ömrünün sonuna qədər universitetin ikinci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edib və bütün bu illər ərzində tibb kadrlarının hazırlanması işində mühüm xidmətlər göstərib. O, eyni zamanda, 1988–1999-cu illərdə Elmi Tədqiqat Qastroenterologiya İnstitutunun, 1999-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Cərrahiyyə Mərkəzinin direktoru vəzifələrini tutub.

Böyükkişi Ağayev 1957-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1968-ci ildə professor elmi adına layiq görülüb. O, 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində akademik Böyükkişi Ağayevin xüsusi rolu və əməyi vardır. Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan alimin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr verib.

Böyükkişi Ağayev 400-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın, üçcildlik “Cərrahi əməliyyatlar atlası”nın, dərslik, ixtiralar və səmərələşdirici təkliflərin müəllifidir. Ölkənin qastroenteroloq həkimlərinin bütöv bir nəsli Böyükkişi Ağayevin tədqiqatlarından bu gün mötəbər mənbə kimi istifadə etməkdədirlər. Alimin xarici dillərdə işıq üzü görən fundamental-nəzəri əhəmiyyətli əsərləri elmi ictimaiyyət arasında rəğbətlə qarşılanıb.

Böyükkişi Ağayevin rəhbərliyi ilə 9 tibb üzrə elmlər doktoru, 52 tibb üzrə fəlsəfə doktoru və çox sayda yüksəkixtisaslı cərrah qastroenteroloq hazırlanıb. Dünyanın bəzi tanınmış səhiyyə mərkəzlərində alimin yetirmələri hal-hazırda uğurla çalışmaqdadır. Böyükkişi Ağayev mötəbər beynəlxalq konfrans və simpoziumlardakı məzmunlu çıxış və məruzələri ilə Azərbaycanın müasir tibb elmini layiqincə təmsil edib.

Böyükkişi Ağayevin ictimai fəaliyyəti də səmərəli olub. O, bir sıra beynəlxalq elmi cəmiyyətlərin üzvü və 12-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Akademik Böyükkişi Ağayevin ölkədə təbabətin inkişafı və həkim kadrların yetişdirilməsi sahəsində xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” ordeni ilə təltif edilib.

Böyükkişi Ağayev 4 aprel 2018-ci ildə vəfat edib.

Allah rəhmət eləsin.

Zerdab.com