İlk Zərdablı prokuror… – Faiq Allahverdiyev Bakı Şəhəri və Respublika Prokurorluğunda rəhbər vəzifələrdə çalışıb

0
2462
Faiq Seyid oglu Allahverdiyev

Fais Seid oğlu Allahverdiyev Zərdabın tarixinə bu rayondan olan ilk prokuror kimi düşüb. O, Azərbaycanın Əməkdar Hüquqşünası, Prokurorluğun Fəxri İşçisi, Baş Ədliyyə Müşaviri idi.

Zərdabımızda çox tanınmış, ziyalı bir nəslin yetirməsi idi Faiq Allahverdiyev. Tanışlıq üçün bildirək ki, Faiq Allahverdiyev əslən Zərdab rayonunun Körpükənd kəndindən olan – Zərdablıların çox yaxşı tanıdıqları akademik Marat Allahverdiyevin əmisidir. Həmin nəslin qürur duyduğumuz yetirmələrindən biri də Bakının Yasamal rayonundan millət vəkili olan Elnur Allahverdiyevdir.

Zerdab.com-un məlumatına görə, Faiq Allahverdiyev 1923-cü il fevral ayının 23-də Zərdab rayonunda anadan olub. 1942-ci ilin əvvələrində könüllü olaraq Sovet ordusu sıralarına daxil olub. Faiq müəllim məşhur 416-cı milli atıcı diviyazının tərkibində vuruşub və Qafqazdan Almaniyayadək diviziyanın şanlı döyüş yolunu keçib. Dəfələrlə yaralanmağına baxmayaraq, yenidən cəbhə xəttinə qayıdıb.

Faiq Allahverdiyev müharibə illərində bir çox şəhər və yaşayış məntəqələrinin faşistlərdən azad olunmasında iştirak edib. Bunların arasında Taqanroq, Odessa, Kişinyev, Varşava və Almaniyanın bir çox şəhərlərinin adını çəkmək olar.

Döyüşlərdə göstərdiyi şücaətə görə, F. Allahverdiyev orden və medalla təltif olunub.

Müharibə başa çatdıqdan sonra Faiq Allahverdiyev Almaniyada xidmətini davam etdirib və 1947-ci ildə Azərbaycana qayıdıb.

1956-cı ildə ali hüquq təhsilini bitirdikdən sonra müxtəlif illərdə Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, rayon prokuroru, Bakı Şəhəri və Respublika Prokurorluğunda rəhbər vəzifələrdə çalışıb.

1967-ci ildən Azərbaycan Prokurorluğunda şöbə müdiri, sonralar respublika prokurorunun baş köməkçisi vəzifələrində çalışıb. Müxtəlif illərdə Şamaxı Rayon Prokuroru, Bakı Şəhər Prokurorluğunun şöbə rəisi, Respublika Prokurorluğunun böyük prokuroru vəzifələrində işləyib.

Azərbaycan Respublikasının Əməkdar Hüquqşünası və Prokurorluğun Fəxri İşçisi adlarına layiq görülüb.

Uzunmüddətli və səmərəli əmək fəaliyyətini Prokurorluq orqanlarında başa çatdırıb.

Faiq müəllim peşəkar hüquqşünas olmaqla yanaşı, həm də gözəl ailə başçısı idi.

Bununla bağlı sadə, amma çox təsirli bir misalı qeyd edək.

Faiq müəllim ailəsinə, həyat yoldaşına çox bağlı bir insan idi. Zərdablıların dili ilə desək, həyat yoldaşı ilə nəfəs alırdı.

2017-ci ilin martın 18-də Faiq müəllimin həyat yoldaşı Məmləkət Nuriyeva vəfat edir. Həyat yoldaşının itkisi onu çox sarsıdır və Faiq müəllim üçün olduqca ağır itki olur. Həyat yoldaşı dünyasını dəyişdikdən sonra Faiq müəllim həyatda çox qalmır və cəmi 4 ay sonra o da dünyasını dəyişir.

İlk Zərdablı prokuror Faiq Allahverdiyev 2017-ci ilin iyul ayının 29-da haqqın rəhmətinə qovuşur.

Faiq müəllimə və onun həyat yoldaşı Məmləkət xanıma, həmçinin bu nəslin, rayonumuzun fəxri olan akademik Marat müəllim Allahverdiyevə Allahdan rəhmət diləyir, məkanları cənnət olsun deyirik.

Yəqin ki, onların da ruhları şaddır ki, belə bir nəslin doğma Zərdabımıza hər zaman doğmalığını hiss etdirən Elnur müəllim Allahverdiyev kimi ziyalı, vətənpərvər, xalqını, dövlətini sevən bir davamçısı var…

Zerdab.com

Faiq Allahverdiyev-prokuror