Vəkil möcüzəsi və ya biz kimi itirməyimizin fərqindəyikmi?

0
2838
elayif-hesenov-zerdab
Görkəmli vəkil Əlayif Həsənovun xatirəsinə
***
Birinci Qarabağ Müharibəsi başlananda mən “Əkinçi” qəzeti redaksiyasında Kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışırdım.
Əlayif Həsənov isə Zərdab Rayon İcra Hakimiyyətində Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri idi.
Bir gün mənə dedi ki, şöbəmizdə məsləhətçi yeri boşdur, istəyirəm sən orada çalışasan, başçı ilə razılaşmışam, maaş da redaksiyadakından çoxdur.
Razılaşdıq.
O zamanlar nizami ordumuz və təchizat yox dərəcəsində idi.
Və mən o vəzifədə işlədiyim vaxtlar, biz gah Əlayiflə birlikdə, gah da Əlayifsiz cəbhə bölgələrinə, əsasən də Zərdabın Könüllülər batalyonuna, rayon Mədəniyyət şöbəsinin “Avtoklub”unda ərzaq və sursat aparırdıq, mədəniyyət işçilərimiz isə hərbçilərimiz qarşısında konsert verirdilər.
Əlayif doğma Vətəni, gül-çiçəyi, ağacları çox sevirdi, çoxlu dəyərli şeirlər əzbər bilirdi. Onunla səfərə yollananda yorulmurduq.
Bir qədər irəli gedib deyim ki, sonralar İqtisadi İnkişaf Nazirliyi “Əkinçi”ni icarə haqqı borcuna görə Şirvan İqtisad məhkəməsinə verəndə Əlayif redaksiyamıza təmənnasız olaraq hüquqi yardım göstərdi və məhkəmənin nisbətən güzəştli qətnamə qəbul etməsinə, bir dəfə isə sahə müvəkkili və müstəntiq tərəfindən şərlənib həbsə atılan qardaşım oğlunun bəraət qazanmasına nail oldu.
Bir dəfə Əlayiflə, həmyerlimiz, indi istefada olan mayor Ceyhun Abdulxalıqovun komandiri olduğu, Füzulinin Kürdmahmudlu kəndində yerləşən Tank batalyonuna sovqat və konsert proqramı ilə getdik. Gördük ki, Ceyhun və döyüş dostları növbəti vuruşdan qərargaha, qənimət olaraq xaç nişanlı bir erməni tankı və bir PDM-i gətirdilər (Ceyhun əslən mənim həmkəndlim və qohumum idi, Çelyabinskdə Tank Komandirləri Ali Hərbi Məktəbini bitirmişdi, Rusiyada hərbi xidmətdə idi. Vətənin dar günündə Sovet ordusundan çıxıb ölkəmizə qayıtdı, könüllü cəbhəyə getdi. Tank batalyonunun komandiri kimi mərdliklə, qeyrətlə vuruşur, düşmənə qan uddururdu. Amma “Yapon” ləqəbli bir satqın yaramaz əclaf və əlaltıları ona mane olurdular və Ceyhunun ordudan getməsinə nail oldular. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdanda bütün kadr zabitlərini, o cümlədən Ceyhun Abdulhəmid oğlu Abdulxalıqovu da ordu sıralarına bərpa etdirdi).
***
Əlayiflə Füzuliyə həmin səfərimiz zamanı soruşdum ki, Ceyhun, bu ağır texnikaları necə ələ keçirirsiniz?
Cavab verdi ki, döyüşün şiddətli vaxtlarında tankla manevr edib lüləni tuşlayırıq düz üstlərinə. Dərhal tankdan və ya PDM-dən düşüb çığırışa-çığırışa qaçırlar…
O zamanlar bizim ən ağır işimiz cəbhə bölgələrinə gedib itkinlərimizi axtarmaq, xəstəxanalarda yaralılarımızı, meyitxanalarda şəhidlərimizin cəsədlərini tapmaq idi. Həmişə də itkin və ya şəhid valideynləri bizimlə gedirdilər və hansısa itkini tapanda, şəhidimizin cəsədini gətirib torpağa tapşıranda sanki çiyinlərimizdən ağır yük götürülürdü.
Şəhid və yaralılarımızın çox olması ürəyimizi göynədirdi. Əlayif çox gənc idi və cavan qəlbi bu ağrıları daşıya bilmirdi.
Yeri gəlmişkən onu da deyim ki, Zərdab rayon Avtonəqliyyat müəssisəsinin müdiri Dayı Hüseynov (Allah rəhmət eləsin!) o illərdə cəbhə bölgələrinə getmək üçün bizi hər zaman nəqliyyatla təmin edirdi…
***
Bir gün redaksiya kollektivinin təkidi ilə mən “Əkinçi”yə redaktor təyin olundum.
Sonralar “Əkinçi”nin maddi problemlərinin yüngülləşməsinə kömək məqsədilə Əlayif Həsənov “Legis” hüquq xidməti firması yaratdı və məni də müqavilə ilə əməkdaşlığa dəvət etdi, amma müxtəlif səbəblərdən bu işimiz başa gəlmədi.
İllər ötdü və Əlayif vəkilliklə məşğul olmağa başladı…
***
Müxtəlif səbəblərdən aramızda soyuqluq yaransa da, onun vəkillik uğurları barədə çox eşitmişdim və bir gün xəbər tutanda ki, Əlayifin 40 yaşı tamam olub, onun haqqında “Əkinçi”də kiçik bir yazı verdim.
Həmin yazı bu fikirlərdən ibarət idi:
“1962-ci il iyulun 28-də Zərdab rayonunun Yarməmmədbağı kəndində doğulan Həsənov Əlayif Həsən oğlu doğma kənddə orta məktəbi bitirib, Sovet ordusunda hərbi xidmət keçib, indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və əla qiymətlərlə oxuyub.
Vəkil-hüquqşünas kimi tanıdığımız bu vicdanlı və yüksək intellektli insanı 40 yaşının tamam olması münasibətilə təbrik edir, uğurlar arzulayırıq!”.
Sonra da həmin yazıda, müxtəlif regionlarda yaşayan insanların (çox təəssüf ki, onların sonrakı taleləri barədə bu gün heç bir bilgim yoxdur – İsaməddin, 3 noyabr 2023) Əlayif Həsənov barədə redaksiyamıza göndərdikləri məktublardan bu sətirləri oxuculara təqdim etmişdim (o zamanlar sosial şəbəkələr yox idi).
Səyyab QASIMOV, Ağdamın Yusifcanlı kəndi:
“Aylarla uzanan məhkəmə prosesi, haqqımda bəraət hökmü çıxarılması ilə bitdi və əmin oldum ki, əsl vəkil, mənim düşündüyümün əksinə olaraq, pul müqabilində ağa qara demirmiş.
İmkansız bir köçkün olsam da, Əlayif Həsənov mənim işimi səbrlə, təmkinlə və təmənnasız apardı, məhkəmədəki məntiqli çıxışları ilə haqq-ədaləti bərpa edə bildi. O mənə edilən təklifləri onunla müzakirə etməyimə imkan vermədi, “bu, şərəf məsələsidir, özün seç”, dedi”…
Əlisahib HACIYEV, Kürdəmirin Türkədi kəndi:
“Mən Əlayif Həsənova müraciət edəndə oğlum 4 il idi ki, qəsdən adamöldürmə ittihamı ilə həbsdə cəza çəkirdi. Əlayifin şikayəti nəticəsində Azərbaycan Ali Məhkəməsi işə baxdı və hakim təəssüflə dedi ki, niyə indiyə qədər bu iş dəfələrlə araşdırılsa da, nə üçün vəkilin ərizədə göstərdikləri məqamları görən olmayıb?”…
Mirzəliyeva Stanislava İVANOVNA, Ucarın Qarabörk kəndi:
“Yol verdiyim xəta üzündən həbsxanaya düşdüm.
Kamera yoldaşlarım soruşanda ki, vəkil sənə nə vəd edib, dedim deyib ki, işə qanunla yenidən baxılacaq.
15 gündən sonra işimə yenidən baxıldı və cəzam dəyişdirildi, evə buraxıldım.
Bu, Əlayif Həsənovun yaratdığı vəkil möcüzəsi idi. İnanın ki, əvvəl-əvvəl bu möcüzəyə heç kəs, elə mən özüm də inana bilmirdim”…
Zabiq Fəxrəddin oğlu BƏYLƏROV, Hərbi qulluqçu:
“Saratov şəhər məhkəməsində bu azərbaycanlı cavan vəkilin çıxışına hamı diqqətlə qulaq asmağa məcbur oldu. Əlayifin təmkinli, səlis və məntiqli danışığı çoxlarını heyrətləndirdi.
Prokuror mənə 5 il həbs cəzası tələb etsə də, məhkəmə cavan vəkilin arqumentlərini daha ciddi və əsaslı hesab edərək, onun tələbi ilə razılaşdı: 10 min rus rublu məbləğində cərimə olunmağım barədə qərar çıxarıldı”…
İntiqam ƏLİYEV, “Advokat-servis” hüquq firmasının rəhbəri, Hüquq maarifçiliyi cəmiyyətinin sədri:
“Biz onu istedadlı vəkil, yaxşı hüquqşünas, alicənab insan kimi tanıyırıq. 1999-cu ilin noyabrında Avropa Şurasının Tbilisidə keçirilən seminarında zərdablı vəkil Əlayif Həsənovun gözəl çıxışı bütün nümayəndələr tərəfindən böyük maraqla və diqqətlə qarşılandı”…
İmran VƏLİYEV, Beynəlxalq hüquq mərkəzinin rəhbəri:
“Biz onu təvazökar insan, yaxşı hüquqşünas kimi tanıyırıq”…
Akif ƏLİZADƏ, AR Vəkillər kollegiyasının üzvü:
“Onun iştirakı ilə keçirilən məhkəmə prosesləri həmişə maraqlı olur.
Əlayif işə yaradıcılıqla, ciddi yanaşır, vicdanlı müdafiəyə üstünlük verir”…
Valentina Timofeyevna ZİRNOVA, Yasamal rayon məhkəməsinin keçmiş hakimi:
“Öz hüquqlarının müdafiəsi üçün Yasamal məhkəməsinə və prokurorluğa 4 ildən çox ayaq döydü. Qanunsuzluğa qarşı belə səbrlə mübarizə aparmaq hər adamın işi deyil.
Onun qalib gəldiyi iş üzrə o vaxt, demək olar, məhkəmə təcrübəsi yox idi, amma Əlayif Həsənov qalib gəldi.”…
Bu müdafiələri Əlayif 40 yaşına qədər etmişdi, onun 40 yaşdan sonrakı, Azərbaycan Vəkillər Kollegiyasının üzvü olduğu dövrdə etdiklərini yəqin ki, elə-belə də təsəvvür etmək olar…
***
“Əkinçi”nin həmin bu yazı dərc olunan sayı çap olunub yayılan kimi rayonun İH başçısı, müavini vasitəsilə məni kabinetinə çağırdı və dedi:
-Əlayif kimdir ki, onun haqqında yazı verirsən?!
Cavab verdim ki, ölkəmizdə tanınmış və insanların hörmət və rəğbətini, ən əsası isə inamını qazanmış hüquqşünasdır, vəkildir.
Başçı, dediklərimlə razılaşmadı və məni sərt şəkildə qınadı… (O başçı fəaliyyətə başladığı ilk günlərdən “Əkinçi” qəzeti redaktorunun rayon rəhbəri ilə olan birbaşa telefonunu sökdürüb apazdırdı, təsdiq olunmamış məlumatlara görə, həmin aparatı bazarkomun kabinetinə qoşdurdu).
Mən, həmin hörmətli başçının bu yazıya görə qəzəbləndiyini heç zaman heç kəsə, heç Əlayifin özünə də demədim, amma o bunu hiss etmişdi.
Bu barədə məndən soruşdu da!
Dedim narahatlıq yoxdur…
***
Sonralar həmin o başçı işdən kənarlaşdırıldı.
Yeni təyin olunan başçı onun bəzi işlərindən narazı qaldı və həmin o təzə başçının göstərişi ilə o məsələlərə hüquq-mühafizə orqanları müdaxilə etdi, araşdırmalar aparıldı.
Və günlərin bir günü, daha dəqiq desəm, bir gün hava təzəcə qaralan vaxtda gördüm ki, həmin o eks-başçı alaqaranlıqda əyilə-əyilə Əlayifin darvazasından çıxır.
Məlum oldu ki, o, vəkil Əlayif Həsənovdan hüquqi yardım istəyirmiş, Əlayif də köməyini əsirgəməyib…
Bunu da o eks-başçının üzünə vurmağa ürəyim gəlmədi…
Allah rəhmət eləsin Əlayif Həsənova!
P.S:
Bu xatirə-qeydləri ona görə paylaşıram ki, hər birimiz necə bir dəyərli insanı, parlaq istedadlı hüquqşünas vəkili itirdiyimizi bilək və unutmayaq. Unutmayaq ki, onu çoxları qovurdu.
Və nə yazıq ki, biz, mərdi qova-qova nəmərd etməyi daha yaxşı bacarırıq!…
İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru