Həsən bəy Zərdabinin Anım Günü – Zaman keçdikcə onun həyatı ilə bağlı yeni faktlar üzə çıxır…

0
2370
hesen-bey-zerdabi-ekinci-qezeti.png

Mənəvi dünyamıza işıq saçan ömrün – həyatını millət yolunda fəda etmiş Həsən bəy Məlikov Zərdabinin Azərbaycan xalqının işıqlı gələcəyi naminə göstərmiş olduğu tarixi xidmətləri, onun qoymuş olduğu maraqlı və dəyərli iz-irs tarixin səhifələrində, yaddaşlarda əbədi qalacaqdır.

Eldəniz Həsənov,
Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi.

Vətənimizin dilbər guşələrindən olan, Kür çayının sahilində yerləşən keçmiş Göyçay qəzasının Zərdab kəndində (indiki Zərdab şəhəri) 1842-ci il noyabr ayının 12-də gələcəyin Həsən adlı tarixi şəxsiyyəti dünyaya göz açmışdır. Onun babası Rəhim bəyatası Səlim bəy öz dövrünün sayılıb-seçilən və xeyriyyəçiliklə məşğul olan ziyalı adamlarından olmuşlar.

Həsən ilk təhsilini Zərdab kəndindəki mədrəsədə, mollaxanada almış və orada  ərəb və farsca öyrənmişdir və eyni zamanda azyaşlı Həsənin təhsili ilə atası Səlim bəy məşğul olmuşdur. O ölməz, tarixi qəhrəmanlar haqqında yazılan kitabları oğluna oxuyardı. Beləliklə, Səlim bəy hələ kiçik yaşlarından övladına elmə, təhsilə, vətənə, xalqa məhəbbət hissini aşılayır.

Atası Səlim bəy artıq yetkin bir gənc olan Həsəni 1852-ci ildə Şamaxıda yenicə açılmış müasir üsulda rus dilində təhsil verən dördsinifli məktəbə gətirir. O, bu məktəbdə rus dilini dərindən öyrənir, elmi biliklərə yiyələnir.

1858-ci ildə qəbul imtahanlarını müvəffəqiyyətlə verib dövlət hesabına 1-ci Tiflis gimnaziyasının V sinfinə daxil olur.

Bu təhsil ocağını 1861-ci ildə gümüş medalla bitirir və həmin ilin avqust ayında Moskva Universitetinin fizika – riyaziyyat fakultəsinin təbiət şöbəsinə daxil olur. 1865-ci ildə Universitet təhsilini başa vuran Həsən bəy Tiflisdə “Mejevaya palatada” əmək fəaliyyətinə başlayır. Lakin ona burada işləməsinə imkan verilmir.

1866-cı ilin 28 dekabrında Həsən bəy Bakı Qəza İdarəsində işə düzəlir, bir müddət pasport-masa rəisi və kargüzar vəzifələrində çalışır. Lakin Həsən bəy Zərdabinin burada da işləməsi hökumət tərəfindən qeyri-məqbul sayılır.

Odur ki, Qubaya gedir və 1868-ci ilin 28 fevralında Barışıq məhkəməsinin katibi vəzifəsinə təyin olunur. Yenə də analoji haqsızlıqları görüb, onlara qarşı mübarizə aparır. Nəticədə ona burada da sui-qəsd hazırlanır, yerli bəylər Zərdabini öldürmək qərarına gəlirlər. Zərdabi Qubada da uzun müddət işləyə bilmir. 1868-ci ilin 4 oktyabr tarixində məhkəmənin katibi vəzifəsindən kənarlaşdırılır. 1869-cu ilin noyabrınadək işsiz qalan Həsən bəy Şamaxıda şəxsi vəkilliklə məşqul olur.

Həsən bəy Zərdabi nəhayət, 18 noyabr 1869-cu il tarixindən etibarən Bakı Real Gimnaziyasında təbiət tarixi fənnindən tədrisə başlayır. Məktəbli tələbələrə yardım etmək üçün yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə xeyriyyə cəmiyyəti yaratmaq ideyasını irəli sürür və beləliklə Həsən bəy Zərdabi 1872-ci ildə “Xeyriyyə Cəmiyyəti”nin əsasını qoyur.hesen-bey-zerdabi

Qeyd edək ki, hələ 1872-ci ildə xeyriyyəçilik fəaliyyətini davam etdirməli olan Həsən bəy üzünü Şamaxı, Gəncə, Tiflis, İrəvan, Naxçıvan, Qarabağ, Dərbənd, Quba və s. şəhərlərə tutan zaman onun marşrut üzrə üçüncü səfəri, Gəncədən sonra Tiflis olur.

Zərdabi məktəbdə təhsil alan kasıb şagirdlərə yardım etmək, yetim, kimsəsiz uşaqların təhsilə cəlb olunması məqsədilə yaratmış olduğu “Xeyriyyə Cəmiyyəti”nin nizamnaməsi ilə burada yaşayan imkanlı şəxsləri tanış edir. O burada da məsələnin mahiyyətini millətin imkanlı, savadlı olan nümayəndələrinə izah edir.

Çünki Həsən bəyin Tiflis həyatı dövründə oxuduğu, işlədiyi bir vaxtlarda çox dostlar qazanmış və həmin şəxslərlə möhkəm əlaqələr qurmuşdur.

Həsən bəy Zərdabi ömür-gün yoldaşı Hənifə xanımla Zərdabda yaşadığı zaman 1889-cu ildə Tiflisdə kənd təsərrüfatı sərgisində iştirak etmələri və əldə olunan naliyyətlərinə görə onların əməyinə, zəhmətinə verilən qiymətlərin dəyərləndirilməsi bu dahi insanların Tiflis həyatı ilə bağlılığından irəli gələn məsələdir desək yanılmarıq.

Zərdabinin ən böyük xidmətlərindən biri də 1873-cü il 23 mart tarixində onun təşəbbüsü, rəhbərliyi altında Bakı Realnı Gimnaziyasının binasında M.F.Axundovun “Sərgüzəşti Vəziri xan Lənkəran” komediya tamaşasının göstərilməsidir. O, bununla da Azərbaycanda milli teatrın əsasını qoyur.

Eyni zamanda gimnaziyanın tələbləri və Nəcəf bəy Vəzirovun köməkliyi ilə 1873-cü ildə Həsən bəy Zərdabi tərəfindən M.F.Axundovun “Hacı Qara” pyesi ilk dəfə Azərbaycan dilində tamaşaya qoyulmuşdur.

Həsən bəy Zərdabinin həyatında müəyyən uğurların əldə edilməsinə, arzularının həyata keçirilməsinə Çar hökumətinin Azərbaycanda ağalıq etdiyi bir vaxtda ona qarşı ciddi maneəçilik göstərilən zaman dost, qardaş gürcü xalqının nümayəndələri Zərdabiyə yardımçı olmuşlar.

Belə bir faktı qeyd edək ki, Həsən bəyin “Əkinçi” qəzetinin nəşrinə icazə verilməsi Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olmuşdu.

Belə ki, Həsən bəyin həyat yoldaşı Hənifə xanım Tiflisdə Müqəddəs Nina Qız Məktəbində təhsil alan zaman onunla bir yerdə təhsil alan Staroselskinin gələcək həyat yoldaşı gürcü Yekaterina Qumaşvili ilə dostluq edirdi. Həyatın qisməti belə olmuşdu ki, qubernator ailəsi Bakıda yaşayan zaman onların arasında ailəvi dostluq münasibətləri yaranır və bu səbəbdən Staroselski ailəsi ilə yaxın dostluq, bu iki ailənin münasibətləri sayəsində Həsən bəy qəzetin nəşrinə icazə almağa müvəffəq olur. Staroselski Həsən bəyin layihələrinin qisməndə olsa maliyələşdirilməsinə yardımçı olur. Staroselski Bakıdan geri çağrılanadək Həsən bəyə və qəzetin nəşrinə qarşı yönələn hücumlardan, təcavüzlərdən onu qorumuş olur.

Ana dilində qəzet nəşr etməyin zəruriliyini qarşısına məqsəd qoyan Həsən bəy Zərdabi 7 illik yazışmalardan, çox əzab-əziyyətdən sonra nəhayət 1875-ci ilin 22 iyulunda “Əkinçi” adlı qəzetin Azərbaycan dilində nəşrinə başladı. O, dərc etdiyi “Əkinçi”nin əsas yazarı olmaqla yanaşı, həm də qəzetin naşiri, redaktoru, baş məqalələrin müəllifi, texniki işçisi və korrektoru kimi fəaliyyət göstərmişdir.

“Əkinçi” qəzetinin banisi Həsən bəy Zərdabinin bu qəzeti nəşr etməkdə əsas məqsədi müstəmləkə əsarəti altında əzilən xalqı ayıltmaq, irəli aparmaq, xalq arasında elmi, mədəniyyəti yaymaq, inkişaf etdirmək, kənd təsərrüfatı barədə elmi yenilikləri və bilikləri təbliğ etmək və millətinin hərtərəfli inkişafına nail olmaqdan ibarət idi.

Həsən bəy Zərdabi yazırdı: “Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur”.

O, “Əkinçi” qəzetinin saylarının birində ermənilərin naqis əməllərinə “fitva” verən “Mşaq” qəzetinin redaktoru Arsuriniyə müraciət tərzində belə yazmışdı: “Neçə yüz ildir ki, biz ermənilərlə qonşuluq edirik, indi cənabınıza eyib deyilmi ki, bizim aramızda ədavət salırsınız?”

Təbii ki, əqrəb xislətli ermənilərə belə sözlərin təsiri olmazdı. Olmadı da. Mətbuat tariximizdən məlumdur ki, ermənilərin donosu, üzədurmaları nəticəsində “Əkinçi” qəzeti qapanmış, onun naşiri Həsən bəy Zərdabiyə Qafqazda iş verilməsi qadağan edilmişdir…

Bildiyimiz kimi, “Əkinçi” qəzetinin mətbəəsində fəhlə işləyən erməni Minasovun jandarm idarəsinə xəbərçiliyi qəzetin qapanmasına bəhanə olmuşdur. Onun böhtan dolu donoslarının açıqlanması zamanı Minasov həyasızcasına Həsən bəy Zərdabinin üzünə durmuşdur.

Lakin Həsən bəy Zərdabi dərin zəkası və əməlisalehliyi nəticəsində bütün çətinlikləri aradan qaldırmış, ermənilər ifşa olunmuşlar.

Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova xatirələrində yazır: “Həsən bəy Dumadan elə əsəbi gəlmişdi ki, artıq onun yaşaması mümkün deyildi… O, əsəbi halda dedi ki, erməni həyasızlığı gör nə yerə çatıb ki, milləti qırğına vermək üçün mənə rüşvət təklif edirlər… Duma üzvü Ambarsum Həsən bəyə 8 min manat rüşvət gətirir ki, təki o, Zuğulbadakı su mənbəyi haqqında sussun…”

Zərdabinin ictimai-siyasi fəaliyyətindən razı qalmayan Bakı qubernatoru onu mütəmadi sürətdə izləyərək “siyasi cəhətdən təhlükəli və etibarsız” hesab edir. Nəticədə, 1877-ci ilin sentyabr ayında “Əkinçi” qəzeti çar hökuməti tərəfindən bağlanır, bütün iş yerini onun üzünə bağlayırlar. 1878-ci ildə isə Zərdabi Yekaterinador  (Krasnodar) Şəhər Gimnaziyasına müəllim göndərilmək adı ilə Bakı gimnaziyasında müəllimlikdən azad edilir və onun Bakıda qalması lazım bilinmir.

Bu illərdə onun 1 və 3 yaşlı qızları dünyasını dəyişir.

ekinci-qezeti-milli-metbuat-hesen-bey-zerdabi.png

Belə bir vəziyyətdə müəllimlikdən azad olunan Həsən bəy 11 noyabr 1878-ci ildə Bakı realnı məktəbin müdriyyətinə ərizə yazaraq müraciət edir. Azərbaycan Respublikasının Mərkəzi Dövlət Arxivində saxlanılan (Fond 315, siyahı 1, iş 94, vərəq 1) həmin ərizəsində Həsən bəy yazır: “Siz cənabi-alinin bu noyabrın 9-da yuxarı müdriyyətimin, Qafqaz tədris dairəsinin Sizə məktubunda ifadə edilmiş, və mənim ya Yekatinodara gimnaziyaya tərbiyəçi vəzifəsinə keçməyim haqqında təcili ərizə verməyimi, yaxud istefaya çıxmağımı tələb edən qəti təklifindən ibarət arzusunu mənə bildirdiniz. Belə çıxır ki, aşağı vəzifəyə keçməyimin faydalı olmadığı bir yana dursun, ilin bu vaxtında başqa yerə keçmək mənim üçün, ailəli və körpə uşaqları olan bir adam üçün tamamilə mümkünsüz olduğundan, təklif edilmiş vəzifədən imtina etməyə və məni Bakı realnı məktəbinin müəllimi vəzifəsindən azad edilməyim haqqında lazımı yerə müraciət etmənizi Siz cənabi-alidən xahiş etməyə məcburam”.

Müəllimlikdən azad edilən Zərdabi uzun müddət işsiz qalır və maddi çətinliklər, ehtiyac içində yaşayır. Vəfalı həyat yoldaşı Hənifə xanımın təklifi ilə razılaşan Həsən bəy 1880-cı ildə ailəsi ilə birgə öz doğma kəndi Zərdaba köçür, 1896-cı ilə kimi Zərdabda yaşayır, Ucar stansiyasında vəkil işləyir və 16 il ərzində bütövlükdə Göyçay qəzasını əhatə edən kəndlərdəki özbaşnalığa, hərc-mərcliyə qarşı mübarizəsini davam etdirir.

Həsən bəy 1880-cı ildə qızı Pəri xanımı 7 yaşında ikən Tiflisdə rus gimnaziyasında oxumaq üçün aparır və onu anası Hənifə xanımın vaxtilə təhsil aldığı qız rus gimnaziyasına qoyur. Pəri xanım burada anasının sabiq müəllimlərinin yanında yaşayır və təhsil alır.

Eyni zamanda qızı Qəribsoltanı da Tiflisə aparır. Hənifə xanımın keçmiş müəlliməsinə tapşırır. O, Tiflisdə qız gimnaziyasında təhsil alır.

Həsən bəy 16 il Zərdabda yaşadığı illərdə (1880-1896) böyük oğlu Midhəd bəy, kiçik oğlu Səffət bəy, kiçik qızı Qəribsoltan xanım və qardaşı oğlu Rəhim bəy Məlikov Göyçay bölgəsinin Zərdab kəndində dünyaya gəlir.

Onu da diqqətə çatdırım ki, Pəri xanımla Əlimərdan bəy ailə həyatı qurub Tiflisdə yaşadıqları zaman böyük qardaşı Midhəd bəy də Tiflis gimnaziyasında təhsil alırdı.

Deməli Həsən bəy Zərdabi və həyat yoldaşı orta təhsillərini Tiflisdə aldıqları kimi, onların böyük qızı Pəri xanım, kiçik qızı Qəribsoltan xanım və böyük oğlu Midhəd bəy də ilk təhsillərini Tiflisdə almışlar.

Eyni zamanda Həsən bəyin kürəkəni, qızı Pəri xanımın həyat yoldaşı Əlimərdan bəy Topçubaşov 1884-cü ildə Tiflis klassik gimnaziyasını bitirmişdir. Onu da diqqətə çatdırım ki, Həsən bəyin atasının dayısı general-leytenant Fərəc bəy Ağayev də ilk hərbi təhsilini Tiflis kadet korpusunda almışdır.

Zərdab həyatı dövründə Həsən bəy ömür-gün, ideya, məslək yoldaşı Hənifə xanımla xalq yolunda maarifçilik, kənd təsərrüfatı sahələrində çoxsahəli ciddi işlərlə məşqul olur, mətbuatdan kənarda qalmır, müntəzəm olaraq tənqidi və digər məzmunlu məqalələr yazaraq onları Tiflisdə nəşr olunan “Kafkaz”, “Tifliski listok”, “Novoye obozreniye”, “Ziya”, Bakıda çıxan “Kaspi” və s. qəzetlərdə çap etdirirdi.

Zərdabini sevindirən ən böyük hadisələrdən biri o idi ki, ilk ibtidai təhsil aldığı doğma kəndi Zərdabda ömrünün müdrik çağında yeni tədris ocağının açılmasına nail olmuşdur. Ər-arvad yerli din xadimlərinin və o zaman Zərdabda məskunlaşan ermənilərin təqib və təzyiqlərinə baxmayaraq, heç bir təmənna ummadan həmyerlilərinə elm, savad öyrədirlər. O zaman mövcud olan bütün çətinliklərə baxmayaraq, Həsən bəy Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmışdır.

Qeyd edək ki, Həsən bəy şəhər həyatından fərqli olaraq, doğma kəndi Zərdab mühitindəki dövr ərzində daha böyük enerji ilə fəaliyyətini davam etdirir. Kəndlilər burada onun ən yaxın köməkçilərinə çevrilir, onlar Həsən bəyin evini “Məsləhət evi” adlandırırlar.

Həsən bəy balıqçılığın Azərbaycanda inkişaf etdirilməsi məqsədilə vətəgələr yaradaraq süni yolla qiymətli nərə, qızılbalıq növlərinin artırılmasını, bu məqsədlə balıqçılıq təsərrüfatı yaradılmasının zəruriliyini tövsiyə edirdi.

Həsən bəy Zərdabda yaşadığı dövrdə Kür sahili boyu salınmış balıq vətəgələrində yaranmış problemlər barədə öz dəyərli tövsiyələrini verir, onlardan istifdə yollarını göstərirdi. O, 4 mart 1883-cü ildə “Kaspi” qəzetinin 25-ci nömrəsində dərc olunmuş “Zərdab kəndi” məqaləsində yazırdı: “Biz, dövlət balıq vətəgəsi icarəçilərinin cərgəsinə düşən və belə bir titula layiq görülməklə xəzinəyə müəyyən məbləqdə haqq ödəyən  Kürün yuxarı sahillərindəki icarəçilər, – düşünürdük ki, bir təhər icarə müddətini başa vuraq və sonra tövbə edərək uşaqlarımıza vəsiyyət edək ki, heç vaxt belə bir işə girişməsinlər. Lakin belə görünür ki, biz də müddət bitməmiş geri çəkilməli olacağıq. 2 nömrəli Əmir sahəsi artıq balıq sənayesi idarəsinin təsərrüfat tabeçiliyinə keçirilmişdir. 5 və 6 nömrəli sahələri də necə deyərlər, həmin aqibət gözləyir, sonra isə növbə 3 və 4 nömrəli vətəgələrindir ki, bunların bəzilərinin icarəçiləri də artıq elə bir məbləğdə cərimə olunmuşlar ki, onu ödəmək imkanında deyillər”.

Həsən bəy bu məqaləsini “Kaspi” qəzeti vasitəsilə yerlərdə mövcud olan ağır vəziyyəti, yaranmış problemli məsələləri ictimaiyyətin diqqətinə çatdırırdı.

1889-cu ildə Tiflisdə Qafqaz kənd təsərrüfatı sərgisində ən yeni buğda, arpa, ən yaxşı keyfiyyətli yem otu-yulaf və saman yetişdirib əldə etdiyi üçün, o cümlədən, balıq tutmaqdan ötrü ixtira etdiyi alətə görə sərginin III dərəcəli fəxri diplomu və “tunc medalla” təltif edilir.

1889-cu ildə Həsən bəy Məlikov həyat yoldaşı Hənifə xanımla bərabər Zərdabda yaşadığı dövrdə ipək qurdu yetişdirmiş, və ondan ipək istehsal etmişdir. Yerli üsulla ipək qurdu yetişdirdiyinə görə həmin il Tiflisdəki kənd təsərrüfatı sənaye sərgisinin “Gümüş medalına” layiq görülür.

Həsən bəy Zərdabi 1896-cı ildə Ucarda vəkillik xidmətindən çıxandan sonra Bakıya qayıdır.

1897-ci ildə Həsən bəyin yaxından iştirakı ilə daha bir qadın orta məktəbi, 1901-ci ildə Həsən bəyin, Hənifə xanımın, Zeynalabdin Tağıyevin səyləri nəticəsində ilk müsəlman qız məktəbi açılır. Məktəbin ilk müəlliməsi və direktoru (1901-1905) Hənifə xanım, Həsən bəy isə məktəb şurasının üzvü olur.

Bu illərdə Qəribsoltan xanım da yenidən bu məktəbdə təhsilini artırır.

1906-cı ilin avqustun 15-də Həsən bəy Zərdabinin böyük köməkliyi sayəsində Azərbaycan müəllimlərinin I qurultayı çağrılır. Həmin qurultaya Zərdabi sədrlik edir, müavini isə Nəriman Nərimanov olur.

Anadangəlmə fitri istedada malik olan belə bir dahi gələcək tariximizdə də əbədi qalacaqdır. Azərbaycan tarixi ilk ali təhsilli müəllim, milli teatrımızın və milli mətbuatımızın banisi, müsəlman dünyasının ilk təbiətşünas-seleksiyaçı alimi, təbiətşünaslıq elmlərinin inkişafında çox böyük rol oynamış və mütərəqqi dünyagörüşünə malik ictimai-siyasi xadim olan Həsən bəy Zərdabi kimi şəxsiyyətlər yetişdirməmişdir.

Zəngin dünyagörünüşünə, ensiklopedik biliyə malik Həsən bəy Zərdabinin əsərlərini oxuduqca, onun çoxşaxəli və çoxsahəli tarixi xidmətləri, təkrarolunmaz fəaliyyəti, yaradıcılığı ilə yaxından tanış olduqca fikirləşirsən ki, bu dahi şəxsiyyətə Allah-Təala anadangəlmə fitri istedad vermişdir.

Həsən bəy Zərdabinin görkəmli təbiətşünas alim kimi tanıdan, bilavasitə təbiət elmləri ilə sıx əlaqədə olan çoxlu sayda elmi əsərlərin, elmi məqalələrin müəllifi olmasıdır. Dahi mütəfəkkirin yazdığı və tanış olduğum bir sıra əsərləri və məqalələri oxucularımızın diqqətinə çatdırmaq istəyirəm ki, bunlar müasir dövrdə də çox aktual səslənir.

Çoxsahəli və çoxşaxəli elmi bilik sahibi Həsən bəy Zərdabinin yaradıcılığı dövründə qələmə aldığı “Torpaq, su və hava əsəri”, “Bədəni salamat saxlamaq düstürüləməlidir”, “Həvasi – xəmsə”, “Quyruq doğdu, çilə çıxdı”, “Çörək yemək, su içmək” “Qan nə tövr bədəndə dövr edir”, “Nəfəs almaq”, “İnsan bədəninin hissələri”, “İnsanın doğub törəməyi”, “Ayın fəzalarının yer üzərində üzvi həyata təsiri”, “Marsda insan yaşayırmı?”, “Yeni ulduzlar”, “Aləmin məhv olması haqqında şayələrə dair” əsərləri, “Açıq məktub”, “Zəhmətsiz mədaxil”, “Bizim nəğmələrimiz”, “Gələcək haqqında bəd xəbərlər”, “İnsan bədəninin florası”, “Sümük, ət, beyin”, “Orqanizmin yolxucu mikroblara qarşı mübarizəsi”, “Professor Meçnikovun yeni kəşfi”, “Sərxoşluğa qarşı peyvənd”, “Yalançı şəfa vericilərimiz”, “Elmi – heyvanatdan”, “Şərqi Zaqafqaziyanın geriliyi”, “Şərqi Zaqafqaziyada mal-qaranın vəziyyəti haqqında”, “Zindənganlıq davası” və yaxud “Dirilik mübarizəsi”, “Pişik”, “Zaqafqaziyanın bəlası”, “Uqurçun təşəbbüsləri”, “İşıq və hava xəstəlik doğuran səbəblərə qarşı mübarizə alətidir”, “Keçmişdən”, “Keçmiş günlərdən”, “Cəmiyyəti xeyriyyə binası”, “Rusiyada əvvəlinci türk qəzetəsi”, “Zərdabda məktəb olacaqmı?”, “Kənd mirzələrindən xilas olmalıyız”, “Yeni sənəd”, “Bürokratiya və siyasi etibarlılıq”, “Yaşamaq uğrunda mübarizə”, “İttihadi – lisan”, “Dil və din”, “Bizim nəğmələrimiz”, “Kənd xeyirxahları”, “Ucqardan xəbərlər”, “Fəhlə uşaqları üçün məktəb”, “Bakıda müsəlman teatrının binası”, “Mətbuat xülasəsi”, “İşsizliklə mübarizə”, “Yeni orqan”, “Priziv”, “Qarınca”, “Yeni kəşflərin tətbiqi”, “İşıq insan həyatında”, “Vərəm və onun haqqında Robert Koxun və Şarle Risenin fikri”, “Çiçək və ağacəkmə bayramı”, “Çöl siçanlarını tələf etməyə dair”, “Təbəddülati – həvaiyyənin vicudiheyvanatda hiss olunması”, “Vərəm və onun müalicəsi”, “İşıq müalicə vasitəsidir”, “Yeni kəşflərin tətbiqi”, “Amerikada əqli inkişafı əl əməyi ilə birləşdirən yeni məktəb sistemi” “Bədii sənaye məktəbləri”, “Bizim türkəçarə həkimlər” və sair məqalələri ilə tanış olan hər bir ziyalıya, alimə məlum olar ki, bəli millətin mənəvi atası olan dahi Həsən bəyin elmi irsi, yazmış olduğu əsərlərində, məqalələrində qeyd etdiyi məsələlər, ideyaları, tövsiyələri, millətin xoşbəxt gələcəyi uğrunda misilsiz xidmətləri dərindən öyrənilməmiş, tədqiq olunmamış və xalqımızın ziyalı nəslinin nümayəndələrinə çatdırılmamışdır.

Həsən bəy Zərdabi 10 il Bakı dumasının üzvü, görkəmli ictimai-siyasi xadim olmaqla yanaşı, 1905-ci ildən ömrünün sonuna kimi Maarif şöbəsinin rəisi vəzifəsində çalışır. Bakı şəhər dumasının üzvü olan Həsən bəy eyni zamanda bir çox komissiyalarda sədr, ya da üzv kimi fəaliyyət göstərmişdir. Su komissiyasının üzvü olaraq Həsən bəy Zərdabini maraqlandıran ən qlobal məsələlərdən biri Azərbaycanda su problemi olmuşdur.

Moskva Universitetinin fizika – riyaziyyat fakultəsinin təbiət şöbəsini elmlər namizədi alimlik dərəcəsi ilə bitirən, çoxsahəli və çoxşaxəli elmi bilik sahibi olmuş Həsən bəy Zərdabi harada, hansı sahədə işləməsindən asılı olmayaraq, doğma Azərbaycanının inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmişdir. O, su problemləri ilə bağlı Azərbaycanda qarşıya çıxan bir çox qlobal məsələlərin elmi əsaslarla həyata keçirilməsi məqsədilə xalqına öz dəyərli ideya, təklif və tövsiyələrini vermiş, Bakı Şəhər Dumasında real təkliflərlə çıxış etmiş, bu sahədə əsərlər, elmi məqalələr yazmış və onların mətbuat səhifələrində dərc olunmasına nail olmuşdur.

Həsən bəy Zərdabinin elmi irsinə, ictimai-siyasi fəaliyyətinə nəzər yetirdikdə onun Azərbaycanının inkişafı, tərəqqisi, kənd və şəhər sakinlərinin yaşayış, mədəni-məişət, sosial şəraitinin yaxşılaşdırılması sahəsindəki fədakarlığı, tarixi xidmətləri gözümüz qarşısında bir xatirə kimi canlanır. Zərdabi Bakı Şəhər Dumasının üzvü olaraq fəaliyyət göstərdiyi dövrdə həmişə mürtəce qüvvələrlə üz-üzə gəlmişdir. Burada müxtəlif sahələr üzrə komissiya sədri və komissiya üzvü kimi çalışan Həsən bəy zəhmətkeş xalqın mənafeyinin müdafiəçisi və onun hərtərəfli inkişaf etməsinin carçısı olmuşdur.

Qeyd etdiyimiz kimi Həsən bəy Zərdabini maraqlandıran ən qlobal məsələlərdən biri Azərbaycanın su problemi olmuşdur. O, bu məsələyə mühüm dövlət işi olaraq çox ciddi fikir vermişdir. Onun su məslələri ilə bağlı “Torpaq, su və hava” əsərini, “Əkinçi” və “Kaspi” qəzetlərində dərc olunan bir sıra məqalələrini, o cümlədən “Нужда в воде в Восточном Закавказъе” (“Каспий” (№114), 2 ийуня 1899 г. (116), 4 ийуня 1899 г.), “Безводъе” (“Каспий” (№135), 27 ийуня 1899 г.), “К селъскохозяйственному кризису” (“Каспий” (№210), 30 сентября 1899 г.). “Артезианские колодцы(“Каспий” №60 1900 г.), “По поводу водворения переселенцев на Муганлы” (“Каспий” №276, 22 декабря 1899 г.), “Водное дело в городе Баку” (“Каспий” (№147, 149, 150), 1900), “К водной епопее” (“Каспий” (№70), 28 марта 1901 г.), “К развязке водной епопее” (“Каспий” (№102), 1901 г.), “К вопросу об устройстве гор, Шемаха” (“Каспий” (№77), 5 апреля 1902 г.), “К водной епопее” (“Каспий” (№100), 8 мая 1902 г.), “К вопросу о поливке улиц и разведение садов и гор. Баку (“Каспий” (№161), 26 июля, (№162) , 27  июля 1902 г.), Городские дела (“Каспий” (№41, 44, 48), 1903 г.), Об отсталости Восточного Закавказъя,  Еще об отсталости Восточного Закавказъя və digər məqalələrini oxuduqca fikirləşirsən ki, fitri istedad, dərin elmi bilik sahibi olan Həsən bəy vətənini, xalqını nə qədər sevən, xalqının dərd-sərinin, sağlamlığının qayğısına qalan olmuş, onun tərəqqi etməsi yolunda nə qədər çalışmışdır.

Bu yolda həmişə acı sözlərə, təhqirlərə məruz qalan və məhkəmə məsuliyyətinə cəlb edilən, hədə-qorxuya məruz qalan Həsən bəy bütün bunlara məhəl qoymadan Dumanın iclaslarında Azərbaycanın su təchizatı ilə bağlı çox mühüm aspektlərə toxunmuş, onun həyata keçirilməsi işində inadkarlıq göstərmişdir.

Çıxışlarında həmişə suvarma suyu və içməli su məsələləri ilə bağlı elmi, nəzəri, hüquqi və təcrübi məsələlərin ədalətli surətdə keçirilməsi barədə dedikləri Dumanın protokolarında öz əksini tapmışdır.

O, eyni zamanda, elmi əsərlərində təbii-təsərrüfat sahələrinin suvarılması, susuzluqdan cadar-cadar olan torpaqların suya olan tələbatının aradan qaldırılması məqsədilə suvarma kanallarının çəkilməsinin vacibliyini, su ehtiyalarından istifadə olunması yollarını göstərmişdir. Bununla yanaşı, kənd əhalisinin həmçinin, Bakı şəhərinin içməli suya olan tələbatının təmin olunması üçün texniki şərtlərə, normalara əməl olunmasının zəruri olduğunu bildirmişdir.

Həsən bəyin yuxarıda qeyd olunan məsələlərlə bağlı Bakı Şəhər Dumasının iclaslarında ucaltdığı haqq səsini çar hökumətinin məmurları daima boğmağa çalışmış, onu fikrindən daşındırmaq istəmişlər. Dumanın iclaslarında onun iştirakı ilə baxılan, müzakirə olunan məsələlərlə bağlı, Bakı Şəhər Dumasının üzvü olan Zərdabiyə iclas keçirildikdən sonra rəsmi məktublarla müraciət olunaraq, o, qaldırdığı, müdafiə etdiyi məsələlərdə günahlandırılmış, Dumanın tərkibindən üzr istəməsi tələb olunmuş, əks təqdirdə məhkəmə məsuliyyətinə cəlb olunacağı ilə ona hədə-qorxu gəlinmişdir.

Bu millət fədaisi isə heç bir vaxt mübarizəsindən, inadından dönməmiş, ömrünün sonunadək alovlu çıxışları ilə, elmi əsaslarla, praktiki dəlillərlə onları narahat bir vəziyyətə salmışdır. Azərbaycan Respublikası Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində Həsən bəy Zərdabi irsi ilə bağlı araşdırmalar apararkən aşkar etdiyim, ona ünvanlanan belə məktublardan bir neçəsi ilə oxucularımızı tanış etmək yerinə düşərdi. Nümunə üçün 29 sentyabr 1900-cü il tarixli 8428 nömrəli və 9 avqust 1901-ci il tarixli məktubları diqqətə çatdırırıq (F.№ 653. s.1, iş 2).

Tarixi bir fakt olaraq qeyd etmək lazımdır ki, Həsən bəy Zərdabinin Bakı Şəhər Dumasında komissiya üzvü kimi fəaliyyəti dövründə mürtəce qüvvələrin təsiri ilə Zuğulbanın çirkli su mənbələrindən Bakı şəhəri əhalisinə içməli su adı ilə çəkilişi planlaşdırılan kəmərin çəkilişinə millət fədaisi qəti etiraz səsini ucaltmış və həmin məsələnin reallaşmasına imkan verməmişdir.

Həsən bəy Zərdabi “Водное дело в городе Баку” (“Каспий” (№147, 149, 150), 1900) adlı məqaləsində və bu kimi digər məqalələrində, eyni zamanda, Bakı Şəhər Dumasının iclaslarında Azərbaycanın, o cümlədən Bakı şəhərinin su təchizatı məsələləri ilə bağlı çox ciddi aspektlərə toxunur, bu problemin həlli yolunda əlindən gələni edirdi.

Millət fədaisi Həsən bəyin səsləndirdiyi ideyalar bu gün müstəqil Azərbaycan Respublikasında öz müsbət nəticəsini verməkdədir. Bunun əyani sübtü olaraq, əsrin ən qlobal layihələrindən biri olan “Oğuz-Qəbələ-Bakı” su kəmərinin paytaxt Bakı şəhərini içməli su ilə təmin etməsi faktını göstərmək olar.

Hesab edirəm ki, Azərbaycanın su problemləri ilə bağlı Həsən bəyin göstərmiş olduğu gərgin əməyi, misilsiz xidmətlərini qiymətləndirmək, onun xatirəsini əbədiləşdirmək üçün ölkədə tikintisi başa çatdırılan nəhəng obyektlərdən birinə Zərdabinin adının verilməsi təqdirəlayiq olardı.

O, eyni zamanda “Kaspi” qəzetində və Bakı Şəhər Dumasında Əlimərdan bəylə çiyin-çiyinə işləmişdir. Əlimərdan bəy qəzetin baş redaktoru, Həsən bəy isə redaktoru olmuşdur.

1907-ci ilin noyabrında Həsən bəy Zərdabi sonuncu dəfə yatağa düşür. İflic və damar skrelozu bir-birinə qarışır.

Qeyd edək ki, gərgin fəaliyyət, ağır əmək və mübarizə şəraitində keçən həyat tərzi Zərdabinin səhhətinə təsir etməyə bilməzdi. Odur ki, bundan öncə 1906-cı ildə Həsən bəy iflic olmuş və bir müddət xəstə olmuşdur.

hesen-bey-zerdabi-nesil-seceresi.png

Həsən bəy övladlarını oxudub arzusuna çatmışdı. Onlardan razı idi. Böyük oğlu Midhəd bəy Almaniyada ali təhsil alıb qayıtmışdı, Səffət realni gimnaziyada oxuyurdu. Qəribsoltan təhsilini davam etdirirdi, ərə getmiş Pəri xanım Topçubaşova atasının yanında idi. Lakin Həsən bəyin bir dərdi vardı, o bütün-xalqın savadlanmasını görmədən ölürdü.

O, ölüm yatağında olarkən demişdir: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar”.

1907-ci ilin noyabrın 28-də səhər saat 11-də Millət fədaisi Həsən bəy Məlikov Zərdabi çərşənbə günü Bakıda əbədiyyətə qovuşur.

1907-ci il Zərdabinin dəfn günü millətin birləşdiyi gün olur. Həmin gün bütün zavod, fabriklər dayanır, məktəblər bağlanır. Bütün şəhər matəm içində olur. Hamı bu dahi şəxsiyyəti son mənzilə yola salır.

Dahi mütəfəkkirin dəfn mərasiminə Əlimərdan bəyin ən yaxın dostu olan Əhməd bəy Ağayev rəhbərlik edir.

Azərbaycan ziyalılarının “mənəvi” atası saydığı Həsən bəyin vəfatı xalqını hədsiz dərəcədə kədərləndirir. Onun vəfatı ümumxalq matəminə çevrilir, dəfn mərasimində azərbaycanlılarla yanaşı Bakıda yaşayan bütün xalqların nümayəndələri də iştirak edir, bu dahi insanı son mənzilə yola salarkən onunla vidalaşmağa gəlir və Zərdabi təntənəli surətdə dəfn olunur.

Bu yerdə onu da oxucularımızın diqqətinə çatdırmaq istərdim ki, bu millət fədaisinin qəbrinin yeri 3 dəfə dəyişdirilmiş və nəhayət, onun nəşi layiq olduğu yerdə – Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Həsən bəy Zərdabinin dəfni ilə bağlı “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabımda gedən “Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?” elmi-tədqiqat materialında ətraflı tanış olmaq olar.

O dövrdə Bakıda çıxan qəzetlər onun haqqında nekroloq və s. materiallar dərc etmiş, həmkarları onun fəaliyyətinə çox yüksək qiymət vermiş, vəfatının millət üçün ağır itki olduğunu dönə-dönə qeyd etmişlər.

Haşim bəy Vəzirov 1907-ci ildə “Tazə həyat” qəzetində Həsən bəy Zərdabinin vəfatı ilə bağlı, onun xatirəsinə itaf etdiyi “Həsən bəy Məlikov” başlıqlı məqaləsində yazır: “Həsən bəyin mənzuri pul deyil idi. Həsən bəy əvvəldən axıradək pul adamı olmadı, pula etina etmədi. İstəsəydi, Həsən bəyin indi Bakının əvvəlinci milyonerlərindən olmağı asanlıqla mümkün idi. Öz niyyəti, öz müqəddəs təriqəsi və məsləki yolunda Həsən bəy Məlikov nə qədər etirazata, nə qədər əziyyət və azara mübtəla olduğunu yazsaq, qəzetimizdə yer tapılmaz. Bizi Həsən bəyin ölümü bir o qədər düşündürmür. Yetmiş sinninə çatan, bir böylə zəhmət və bəlalara səbir edən kişi axır gərək öləydi, bizi düşündürən, bizi ağladan millətimiz içində bu növ ürəyi, dili, əfalı, məsləki bir, qorxusuz, sözünü açıq-açığına deyən millət mücahidinin qaib olmasıdır. Çoxdurmu belə iş görənlərimiz? Çoxdurmu belə saf, sadiq, biqərəz iş dalınca gedənlərimiz? Əfsuz, həzərətsuz, çox azdır…”

Həsən bəy Zərdabinin dəfn mərasimində iştirak edən “Kaspi” qəzeti əməkdaşlarının göstərdikləri əklilə bağlanmış lentin üzərində bu sözlər həkk olunmuşdur: “Mütəfəkkir işçiyə” “Kaspi” mətbəəsinin fəhlələri tərəfindən. Cismən öldünsə, fikrən yaşayır”.

Hənifə xanım Tiflisdən, Peterburqdan, Şamaxıdan başsağlığı məktubları alırdı. Şamaxılılar mərhumun əziz xatirəsinə şəhər məktəblərində bir yetim uşağı öz hesablarına oxutmağı qərara almışdılar.

Həsən bəy Zərdabinin dəfn mərasimində Azərbaycanın bir çox görkəmli ziyalıları, mütəfəkkirləri Əhməd bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə, Qara bəy Qarabəyov, Nazim bəy Vəzirov və başqaları dərin nitq söyləmişlər.

Qeyd edək ki, Həsən bəyin dəfn mərasimində Bakı şəhərinin keçmiş başçısı Rayevski bu dahi mütəfəkkirin millətinin, xalqının işıqlı gələcəyi yolunda misilsiz xidmətlərini diqqətə çatdıraraq demişdir: “Dumanın iclaslarında Həsən bəyin nitq və qeydləri olmasaydı, mən Bakının özünüidarəsi işlərini yoluna qoya bilməzdim”.

Həsən bəyin vəfatı xəbərini Əlimərdan bəy noyabrın 29-da alır. Həmin gün paytaxt Peterburqun müsəlman cəmiyyəti, III Dövlət Dumasının Müsəlman Fraksiyasının üzvləri Əlimərdan bəyin yaşadığı mənzilə gələrək ona başsağlığı verirlər.

Həmçinin müsəlman fraksiyasının bir çox üzvləri tərəfindən Həsən bəyin həyat yoldaşı Hənifə xanıma başsağlığı teleqramları göndərilir.

Peterburqun Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən dekabr ayının 2-də, bazar günü Həsən bəyin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilir.

Əlimərdan bəy mərhumun yeddisi çıxanadək paytaxtın müsəlman icmasının nümayəndələrini, eyni zamanda müxtəlif təşkilatlardan gələn, Həsən bəyi tanıyan, ona dərin ehtiram göstərən bir çox Zərdabisevərləri, keçmiş tələbə yoldaşlarını qəbul etmiş oldu.

O, xalq arasında nə qədər məşhur, nə qədər böyük nüfuz sahibi idi ki, vəfatından sonra, 1907-ci ilin dekabrında şəhər Duması Bakı şəhər 2 nömrəli Rus-Azərbaycan məktəbinə onun adının verilməsi və Moskva Universitetində onun adına təqaüdün təsis olunması barədə qərar qəbul etmişdi.

Lakin bütün bunlara baxmayaraq vətəninə, xalqına misilsiz tarixi xidmətləri olan Zərdabi şəxsiyyəti nəinki sağlığında, hətta ölümündən sonra da layiqli qiymətini almamışdır.

Ölümündən xeyli sonra, yəni 1914-cü ildə “Kaspi” qəzetində Qriqori Cinoridze tərəfindən verilmiş məqalənin bir hissəsi aktual səslənir. Orada yazılmışdı: “Bu gün mədəni-maarif sahəsində ilk müsəlman pioneri Həsən bəy Məlikovun vəfat etməsindən yeddi il keçir. Bakı müsəlmanlarının alovlu çıxışlarla təntənəli surətdə öz xadimlərini dəfn etdikləri gündən yeddi il keçir.

Bəs nə oldu? Bu çıxışlardan nə qaldı: Həsən bəy təntənə ilə basdırıldı. Qəzet və jurnallar bundan sonra daha iki-üç gün onun bioqrafiyasını və portretini dərc etdilər. Və müsəlman cəmiyyəti mərhumu tamamilə unutdu…

Biz nəinki Həsən bəyin heykəlini ucaltmadıq hətta onun qəbri üstünə adi qəbir daşı qoymaq istəyən həyat yoldaşına da kömək etmədik; nəinki onun xatirəsini əbədiləşdirmədik, adını unutmağa çalışdıq; nəinki onun ailəsinə qayğı göstərmədik, əksinə ona əlavə qəm-qüssə, kədər gətirdik. Hətta vəhşi insanlar öz rəhbərinin qəbrini bəzəyirlər. Bizdə, görünür, vəhşilik dövrü keçib, amma mədəni dövr hələ gəlməyib…”

Bu gün müstəqil Azərbaycanımızda “Kaspi” qəzeti ictimai-siyasi qəzet olaraq Həsən bəy Zərdabi ənənəsinə, ideyasına uyğun olaraq sərbəst şəkildə fəliyyət göstərir.

Zərdabinin arxivi Azərbaycan Respublikası MEA Respublika Əlyazmalar fondunda, Dövlət Tarix arxivində və Salman Mümtaz adına Dövlət Ədəbiyyat və incəsənət arxivində saxlanılır. Azərbaycan MEA Təbiət-Tarix müzeyi, Gəncə Dövlət Pedoqoji İnstitutu onun adını daşımışdır.

Quba rayonundakı Zərdabi qəsəbəsi Həsən bəy Zərdabinin şərəfinə adlandırılmış, 2022-ci ildə orada onun büstü qoyulmuş, Bakıdakı Mətbuat prospekti, bir çox yerlərdə məktəblər, muzeylər, küçələr, təsərrüfatlar onun adını daşıyır.

Doğma yurdu Zərdabda Həsən bəy Zərdabinin yaratmış olduğu “Əkinçi” qəzeti və onun adına muzey, orta məktəb fəaliyyət göstərir. Həsən bəyin arzu etdiyi yerdə, ona məxsus olmuş bağ sahəsində iki yerdə daş qranit abidəsi qoyulmuşdur.

Azərbaycan müstəqillik qazanandan, suverenliyini əldə etdikdən sonra xalq Həsən bəy Zərdabinin dahiliyini, böyüklüyünü və xidmətlərini daha dərindən anladı.

Azərbaycan müstəqilliyinin qorunması, ölkəsinin inkişafı, xalqın gələcəyi naminə var qüvvəsini sərf edən dünyanın ən müdrik və uzaqgörən siyasətçilərindən sayılan, son otuz ildə respublikamızın bütün sahələrdə sürətlə tərəqqi etməsində sonsuz dərəcədə böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin 27 mart 2000-ci il tarixli fərmanı ilə torpaqlarımızın əsl sahibi mövqeyindən çıxış edən “Əkinçi”nin 125 illiyinin və eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamlarına əsasən, Azərbaycan Milli Mətbuatının 130-135-140-145 illiyinin, eyni zamanda 4 iyun 2012-ci il tarixli sərancamına əsasən Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyinin təntənəli surətdə qeyd edilməsi tarixi əhəmiyyət kəsb etməklə yanaşı, yalnız ölkəmizin çoxsaylı mətbuat və informasiya orqanları üçün deyil, bütövlükdə Azərbaycan ziyalıları və dünya azərbaycanlıları üçün də böyük bir bayrama, sevincə səbəb olmuşdur.

Bu tədbirlərin yüksək səviyyədə keçirilməsi “Əkinçi”nin, Həsən bəy Zərdabinin yubileylərinin daima qeyd ediləcəyinə zəmanət verməklə, “Əkinçi” qəzetinin naşiri, redaktoru, milli mətbuatımızın, milli teatrımızın banisi Azərbaycanın ilk ali təhsilli müəllimi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, müsəlman dünyasının ilk təbiətşünas alimi, ensiklopedik bilik sahibi, ölkəsinin inkişafı, tərəqqisi yolunda müstəsna xidmətlər göstərmiş ictimai-siyasi xadim Həsən bəy Zərdabinin əziz xatirəsinin yad edilməsi, onun ruhunun şad olması deməkdir.

Ruhun şad olsun, ey millətinin fədaisi, mənəvi atası dahi Həsən bəy!