Həsən bəy Zərdabinin Anım Günü münasibətilə keçirilən tədbir böyük marağa səbəb oldu – VİDEO

0
1556
ramil-mehdiyev-zerdabi.png

Nizami Kino Mərkəzində Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin Anım Günü münasibətilə “Əkinçi”nin doğru sözü” sənədli filmi nümayiş olunub.

Zerdab.com xəbər verir ki, nümayişdən öncə təşkilatçı, Zərdabisevər Ramil Mehdiyev film nümayişinin əhəmiyyətindən söz açıb.

O bildirib ki, ekran işini tələbələrə, Zərdabisevərlərə nümayiş etdirmək dahi şəxsiyyəti onlara daha yaxından tanıtmaq məqsədi daşıyır:

“Həsən bəy Zərdabi Azərbaycanın ilk ali təhsilli müəllimi, Azərbaycan Müəllimlərinin I Qurultayının təsisçisi və həmsədri, ilk qızlar məktəbinin ideya müəllifi olub. Onun Azərbaycan xalqı üçün etdiklərini saymaqla bitirmək olmaz. Filmin kinoteatrda nümayişi də gənclərin marağına səbəb olması üçün edilib.

Ramil Mehdiyev Zərdabi irsinin tanıdılması istiqamətində tədbirlər davam etdiriləcək:

“Bildiyiniz kimi, bu il “Heydər Əliyev İli” elan olunub. Bu istiqamətdə də tədbirlərimiz olacaq”.

Zərdabişünas Eldəniz Həsənovun sözlərinə görə, Həsən bəy Zərdabi elə bir dahi şəxsiyyət olub ki, onun haqqında günlərlə, aylarla danışmaq yetməz:

“Çoxşaxəli elmi bilik sahibi olan Zərdabi Azərbaycanın işıqlı gələcəyi uğrunda özünü fəda etmişdi. Onun haqda çox sayda elmi məqalələr, kitablar yazılıb və yazılmaqda davam edir. Zərdabi elə bir dahi şəxsiyyət olub ki, onu oxumaqla, tədqiqat aparmaqla tam başa düşə bilmərik. Gənclərə tövsiyəmiz budur ki, Həsən bəyi hər gün oxusunlar. Onun gələcək nəsil üçün qoyduğu irs həmişə xatırlanmalıdır”.

Daha sonra zərdabişünas Akif Aşırlı və bir çox ziyalılar çıxış ediblər.

Film nümayişindən sonra tədbir iştirakçıları Fəxri Xiyabana gediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edilib, məzarına güllər düzülüb, daha sonra Həsən bəy Zərdabinin məzarı ziyarət olunub.

Qeyd edək ki, “”Əkinçi”nin doğru sözü” filmində Həsən bəy Zərdabinin həyat və yaradıcılığından söz açılır. Onun “Əkinçi” qəzetinin çap edilməsi uğrunda apardığı mübarizədən bəhs olunur.

hesen-bey-zerdabi-ramil-mehdiyev

hesen-bey-zerdabi-ramil-mehdiyev
hesen-bey-zerdabi-ramil-mehdiyev