“Zərdabda fəaliyyətə başladığı ilk gündən kəndlilərin hüquq və mənafelərinin müdafiəçisi olan millət fədaisi Həsən bəy Zərdabi eyni zamanda Ucarda vəkillik xidməti ilə də məşğul olurdu.
Böyük əraziləri əhatə edən Zərdab torpağının vaxtilə Göyçay, Şuşa, Ərəş, Şamaxı, Cavad qəzaları ilə əhatə olunduğunu və torpaqların bu qəzaların inzibati sərhəddi daxilində yerləşdiyini göstərən Həsən bəy hər hansı bir hadisə ilə bağlı insanların Zərdab kəndindən adıçəkilən qəzalar üzrə yerləşən məhkəmələrə uzun məsafə qət etmələrini öz yazılarında ürək ağrısı, ürək yanğısı ilə qələmə almışdır. Bütün bunların kütlələrin maddi, mənəvi, fiziki vəziyyətinə mənfi təsir göstərdiyini açıqlayan, Göyçay qəzasının Ucar stansiyasında məhkəmədə vəkil işləyən Həsən bəy Zərdabda da ədalət məhkəməsinin olmasına can atırdı. Nəhayət ki, Həsən bəyin arzusu tam şəkildə, yəni Zərdab 1935-ci ildə rayon mərkəzinə çevrilərkən, eyni vaxtda 05 fevral 1935-ci ildə Zərdab Rayon Xalq Məhkəməsi yaradılmışdır.
Həsən bəyin bu məsələ ilə bağlı “Kaspi” qəzetinin 15 noyabr 1881-ci il tarixli sayında (№86) dərc etdirdiyi məktubuna diqqət yetirək.
“Zərdabdan. Bizim yerli əhalinin yaşayışından-dolanışığından sizə demək üçün qələm götürərək, mən hər şeydən əvvəl bizim məhkəmələrin üstündə durmaq istəyirəm, ona görə yox ki, mənim məhkəmələrlə şəxsi düşmənçiliyim var, həyat səviyyəsi hüquq məhkəmələrindən bir başa asılıdır.
Hər şeydən əvvəl, Zərdab kəndindən məhkəmələrin yerləşdiyi yerlər arasındakı məsafəsini göstərim. Bu kənd Kür çayının sahilində 55 verst (=59 km) uzunluğunda bir sahəni əhatə edir; o – Göyçay qəzasında olub Göyçayın özündən 55-60 verstlik (=60 km) bir məsafədə yerləşir ki, yerli Göyçay məhkəməsi də buradadır. Sonra qonşu Şuşa qəzasının Xankəndi kəndi, hansı ki, Şuşa ədalət məhkəməsi yerləşir; Zərdabdan azı 60-70 verstlik (=65 km) bir məsafədə yerləşir; Ərəş qəzasının Ağdaş məhkəməsi 65 verstlik (70 km); Cavad ədalət məhkəməsinin yerləşdiyi Qalağayın kəndindən 150 verstlik (=160 km) və nəhayət, Şamaxı ədalət məhkəməsinin yerləşdiyi Kürdəmirdən 60-65 verstlik (=65 km) bir məsafədə yerləşir. Bununla bərabər qeyd etmək lazımdır ki, bizim zərdablıların bağlarının bir hissəsi Kürün sağ sahilində yerləşir ki, bu sahilin də yarısı Şuşa, yarısı da Cavad qəzalarına aiddir.
Budur, hal-hazırda, mən sizə yazdığım vaxt, Kürün o tayında, mənim evimlə üzbəüz, ümumi bərənin yanında hadisə baş verir. Ən azı 20-30 il yaşı olan Zərdab bərəsində o taya Şuşaya neft aparan dəvəçilər keçdilər. Şuşa qəzasının Qaradolaq qışlağının bəyləri dəyənək və xəncərlə dəvəçiləri onlara haqq verməyə məcbur edirlər, ona görə ki, onların torpaqlarına ayaq basıblar, yeri gəlmişkən, ora bizim Zərdab torpağıdır və ən azı 30 il heç bir şuşalı oranı öz mülkü adlandırmayıb. Zərdab bərəsinin icarədarı bilir ki, qaradolaqlıların bu iddiası ilə heç kəs onun bərəsindən keçməyəcək, ona görə də məndən məsləhət istəyir. Mən isə onu Xankəndinə ədalət məhkəməsinə göndərirəm, amma o ora necə getsin?”.
Həsən bəy bu yazısında “… mən hər şeydən əvvəl bizim məhkəmələrin üstündə durmaq istəyirəm…” ifadəsini təsadüfən işlətmir. Məhkəmələrin yerləşdiyi yerlər arasında olan məsafələrlə bağlı yaranmış mövcud çətinliklərin şərhi, bu məsələnin qabardılması, o dövrdə yalnız Zərdabinin özünə məxsus olan böyük bir mütəxəssislik səriştəsi ilə yazılan məqalə deyildi, əslində bu “Kaspi” qəzeti vasitəsilə dövlətin qarşısında qaldırılan vəsatət məktubu idi. Hansı ki, Həsən bəy bütün bu məsələləri “Kaspi” qəzeti vasitəsilə Çar Rusiyası hökumətinin Azərbaycandakı səlahiyyət sahibləri qarşısında çox böyük uzaqgörənliklə qabardır və məmurların belə bir məsələyə münasibət bildirməsi məsələsini ortaya atırdı.
Zərdabi bu minvalla Zərdabda təhsil, maarif, səhiyyə və sair sahələrin bir inzibati ərazi vahidliyi daxilində fəaliyyət göstərməsini qarşısına məqsəd qoymuşdur.
Zərdabinin bu məqaləsindən bir il sonra, “Kaspi” qəzetinə yazdığı növbəti məqaləsinə diqqət yetirdikdə görürük ki, görkəmli ictimai-siyasi xadimin çar hökuməti qarşısında ictimai, iqtisadi, siyasi, tarixi baxımdan çox böyük əhəmiyyət kəsb edən ikinci belə bir yazısında Zərdabla bağlı qeyd olunan, tarixi reallıqları əks etdirən məsələləri yenə də o, özünə məxsus olan böyük bir mütəxəssislik səriştəsi ilə qələmə almışdır”.
Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllimi Eldəniz Həsənovun Zerdab.com saytına müsahibəsindən.