Zərdabın tarixi küp qəbirlərdən başlanır

0
2654
zerdab-tarix-diyarsunasliq.png
Türk dünyasının bir parçası olan Azərbaycan ərazisində insanların nə vaxtdan yaşaması hələ də dəqiq müəyyən edilməmişdir. Ən qədim dövr Azərbaycan tarixinin öyrənilməsi yeni arxeoloji materialların aşkar olunmasını zəruri edir. Zərdab rayonunun ərazisi arxeoloji cəhətdən demək olar ki, öyrənilməmişdir. Rayonun ərazisi qədim insanların yaşaması üçün vacib olan bütün şərtlərə malik idi. Bu şərtlər içərisində şirin su qaynaqlarının olması, bitki və heyvanat aləminin zənginliyi xüsusi yer tuturdu. Ərazi bu cəhətlərə malik idi. Zərdab ərazisində tapılmış (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır.
İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar.
Təsadüfi deyil ki, Erkən Tunc dövrü (e.ə.IV minilliyin ikinci yarısından başlayaraq –e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilmişdir.
Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar – Ağtəpə adlanan kurqan bu gün də mövcuddur.
Azərbaycan SSR Dövlət Tikinti Komitəsinin 1977-ci ildə təsdiq edilmiş “Zərdab şəhərinin baş planı”nda yazılmışdır: “Zərdab rayonu ölkənin ən qədim rayonlarından biridir. Bizim eradan əvvəl birinci minillikdə əkinçilik burada yaşayan sakinlərin sosial-iqtisadi həyatında mühüm rol oynamışdır. Arxeoloji qazıntılar və tarixi sənədlər təsdiq edir ki, burada mürəkkəb mühəndis qurğularından ibarət irriqasiya sistemi olmuşdur. Əhali burada əkinçiliklə, heyvandarlıqla məşğul olmuşdur.”
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N-132) qərarı ilə Xanməmmədli kəndində aşkar edilmiş küp qəbirləri nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Qeyd etmək yerinə düşər ki, “nekropol” yunan sözü olub “ölü şəhər” və ya “şəhər-qəbristanlıq” mənasını verir.
Bu küp qəbirinin tapılmasını Hüseyinxanlı kənd əsas məktəbinin müəllimi Cəlil Bəşirov belə xatırlayır: “1973-cu ilidə Xanməmmədli kəndinin cənub-qərbində meliorasiya işləri zamanı 4-5 metr dərinlikdə küp-qəbir aşkara çıxdı. Mən küp-qəbirin içərisindəki qalıqları məktəbə gətirərək ilkin tədqiqatla məşğul oldum. “Pambıqçı” (indiki “Əkinç” qəzetində məqaləilə çıxış etdim, AEA-nin Tarix institutuna müraciət etdim. Müraciətimə cavab olaraq institutun əməkdaşı – tarix elmləri doktoru Fazil Osmanov kəndimizə gəldi. Tapıntıların ən önəmliləri akademiyaya aparıldı, bir hissəsi isə bu gün də məktəbdə saxlanılır. Qəbrin ən qiymətli əşyası cəsədin alnına qoyilmuş bir ədəd sikkə idi. O dövürlərdə respublikamızda numizmitika üzrə yeganə mütəxəsis Əli Rəcəbli pulun Arşuvi hökmdarı I Orodun adına zərb olunduğunu müəyyən etdi . Moskvada dərc edilən “Arxeologiçeski otkrite” jurnalında tapıntı haqqında məlumat verildi. Yekun rəyə görə qəbir miladdan öncə II əsrə aiddir.
“Küp-qəbir” Fazil Osmanovun köməkliyi ilə Azərbaycan Sovet Ensiklopediyasının IV cildində Zərdabın xəritəsində yeganə arxeoloji tapıntı kimi qeyd olundu”.
Bütün bunlar bir daha sübut edir ki, Zərdab rayonu ərazisində yaşamış insanlar daha qədim dövrdən bu ərazilərdə məskunlaşmış və mədəni cəhətdən yüksək səviyyədə inkişaf etmişlər.
Mirağa Bağırov (2018-ci il)