AZƏRBAYCANIN TARİXİNİ DÜNYAYA TANIDAN ZƏRDABLI PROFESSOR: İsmayıl Məmmədov

0
3461

Bakı Dövlət Unuversitetinin Türk xalqları tarixi kafedrasının müəllimi, tarix elmləri doktoru, professor İsmayıl Məhəmməd oğlu Məmmədov 1950-ci il aprelin 25-də Zərdab rayonunun Qaravəlli kəndində sadə və imanlı bir ailədə doğulub. Orta məktəbi bitirəndən sonra 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunub. 1974-cü ildə ali məktəbi bitirib və təyinatla doğma Qaravəlli məktəbində tarix müəllimi işləyib. Zərdabda ona məsul vəzifələr təklif olunsa da, elm sahəsinə üstünlük verərək 1976-cı ildə Bakıya gedib, ADU-nun Tarix fakültəsinin əyani aspiranturasına daxil olub. 1980-ci ildən orada pedaqoji fəaliyyətə başlayıb, tarix elmləri namizədi, sonra da həmin fakültənin Baş müəllimi və dosenti, ardınca tarix elmləri doktoru elmi dərəcələrinə yüksəlib, 1994-cü ildə professor elmi adına layiq görülüb. BDU-nun Tarix fakültəsinin fədakar professoru İsmayıl Məmmədov 10-dan çox elmi kitab, 200-dək elmi-siyasi-ictimai məqalə müəllifidir, monoqrafiyaları, dərs vəsaitləri və proqramları elm aləmində böyük maraq və sevgi ilə qarşılanır. O, qədim türk dövləti olan Böyük Hun imperiyası ilə bağlı qiymətli tədqiqatlarını 1995 və 1997-ci illərdə “Hunlar” adlanan iki kitabında çap etdirib. İsmayıl Məmmədovun elmi tədqiqatlarının ən sanballı bəhrəsi xalqımızın şərəfli tarixinin kifayət qədər yığcam, dürüst, aydın və obyektiv şəkildə qələmə alındığı, bir növ ensiklopedik səciyyə daşıyan, 2005-ci ildə çap edilən “Azərbaycan tarixi” dərsliyi hesab olunur. Bu əsərin unikallığı ondadır ki, burada milli dövlətçilik tariximizin heç bir mərhələsi diqqətdən kənarda qalmayıb, kitabı oxuyan hər hansı əcnəbi də başqa elmi mənbələrə müraciət etmədən, Azərbaycan tarixi haqqında dolğun təəssürata və yetərli bilgilərə malik olur. Qardaş Türkiyə alimləri isə həmyerlimizin bu kitabını “Azərbaycanın tarix üzrə xarici pasportu” adlandırıblar. Həmçinin onun, 853 səhifəlik “Azərbaycan tarixi” Türk Qafqazında siyasi və etnik mənzərə” (qədimdən bu günə kimi) əsəri 2009-cu ildə İstanbulun “Ötugen” nəşriyyatında nəfis tərtibatla çap edilib, İstanbulda XV-XXI əsrlərdə Türkiyə-Azərbaycan əlaqələrinə aid böyük həcmli monoqrafiya yazılarkən professor İsmayıl Məmmədovun əsərlərinə 128 dəfə müraciət olunub. Həmyerlimizin 2009-cu ildə rus dilində çap edilən “Azərbaycan tarixi” kitabı Sankt-Peterburqda “İmperator” kitabxanasının 200 illiyinə həsr edilmiş kitab sərgisində 100 kitabdan biri olub və xarici ölkələrin universitetlərində bu kitabdan dərslik kimi istifadə edilir. Onun əsərləri Avropanın İngiltərə, Norveç, Ukrayna, İsveçrə və b. ölkələrində də yüksək qiymətləndirilir. 2014-cü ildə İsmayıl müəllimin “Azərbaycan tarixi” (“The history of Azerbaijan” London /2014) əsəri İngiltərənin paytaxtındakı “Rosserndale Books (RB)” nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilib. Bu, tarixi hadisə idi və ona görə də ölkəmizdə Azərtac, mətbuat və televiziya kanalları bir həftə bu məsələni şərh etdilər, yazdılar ki, xaricdə ilk dəfə “Azərbaycan tarixi” adlı əsəri professor İsmayıl Məmmədov nəşr etdirdi, bununla da erməni ideoloqlarının tarixi saxtalaşdırmaq kimi məkrli kampaniyalarına tutarlı cavab verdi. Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında nitq söyləyərək tarixçiləri tariximizi xaricdə təbliğ etməyə çağırdı. Prezidentin bu çağırışına layiqli əməli işlə cavab verənlərdən biri də həmyerlimiz, professor İsmayıl Məmmədov oldu. Ümumiyyətlə o, “Azərbaycan tarixi” əsərini 4 dildə – Azərbaycan, rus, türk, ingilis dillərində nəşr etdirib və deyir ki, mən bununla qəhrəmanlıq etməmişəm, sadəcə, borcumu yerinə yetirmişəm. BDU-nun professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun (İsmayıl bəy Zərdablı) 2018-ci ildə iki unikal kitabı ABŞ-da (Şimali Korolina ştatının paytaxtı Raley şəhərində) nəfis tərtibatla nəşr edilib. Kitablardan biri “Azərbaycanın etnik və siyasi tarixi” (Ethnic and Politikal History of Azerbaijan), digəri “Azərbaycanın tarixi xəritələri” (Historical maps of Azerbaijan) adlanır. Professor həmyerlimiz İsmayıl bəy Zərdablı 2019-cu ildə Hindistanın Quvahati şəhər Universitetində keçirilən Beynəlxalq elmi konfransdakı məruzəsində, 2019-cu il “Nəsimi ili” olduğu üçün İmadəddin Nəsimi ilə bağlı məsələlərə də yer verib. Konfransda onun ABŞ-da nəşr olunan “Azərbaycanın etnik və siyasi tarixi”(ingilis dilində) kitabının təqdimatı da keçirilib, mərasimdə Hindistanla yanaşı Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran, Nepal, Banqladeş, Türkiyə, Koreya, Norveç və b. ölkələrin alimləri də iştirak ediblər. O, Dehlidə Böyük Moğol imperatoru Humayunun, Xosrov Dəhləvinin, Akra şəhərində yerləşən, türk dünyasının incisi sayılan, dünyanın 7 möcüzəsindən biri olan Tacmahal məqbərələrində də olub. “Tarix və onun problemləri” adlı Beynəlxalq jurnalın baş redaktorunun birinci müavini, BDU-nun Tarix fakültəsində Elmi Müdafiə Şurasının və fakültə Elmi Şurasının üzvü olan Professor İsmayıl müəllim elm aləmində yaxşı tanınır. Müdafiə edilmiş tarix üzrə fəlsəfə doktorluğuna dair 5 dissertasiya işinin elmi rəhbəri olan həmyerlimiz 50-dən çox dissertasiya işinə rəy yazıb, opponent olub, dəyərli elmi fəaliyyətinə görə Azərbaycanda və bir sıra xarici ölkələrdə fəxri fərmanlarla, o cümlədən “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif edilib. Şair Ənvər Əhməd yazır ki, “İsmayıl Məmmədov altun xəzinəli tariximizi dünya miqyasına qaldıran, məkrli erməni tarixçilərini, onların savadsız, kütbeyin, ziyankar ideoloqlarını sarsıdan, tarixi baş-ayaq edən digər anti-türk ruhlu tarixçiləri tarixin edamına çəkən milli ruhlu alimdir”. Şair, həmyerlimizə şeir də həsr edib: Sən içdin öz qanınla Vətənə oğul andı İsmayıl, yaxşı duydun, Vətən eşqin nə uca! Vətəni sevən insan, Vətəndən də çox qoca! Vətənin tarixini yaz, yaz, saf qanınla yaz! İsmayıl müəllim, ona tarixi sevdirib bu yola istiqamətləndirən orta məktəb müəllimi Bəhlul Eminovu, Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovu, tarixçi- alim Abdulla Məmmədovu, keçmiş Zərdab rayon Maarif şöbəsinin müdiri Vaqif Salmanovu, elmi rəhbəri, professor Aslan Atakişiyevi, professor Əli Həsənovu (keçmiş Əmtəəşünaslıq İnstitutunun rektoru) və digər şəxsiyyətləri əsla unutmur. Gözəl ailə başçısı olan Hacı İsmayılın üç övladı var. Böyük qızı Fərəh xanım Azərbaycan Tibb Universitetində tibb üzrə fəlsəfə doktorudur, tibbi biokimya kafedrasında çalışır. İkinci qızı hüquqşünasdır, Ali məhkəmədə Analitik sektorun müdiridir. Kiçik qızı, hüquq üzrə fəlsəfə doktoru Lalə xanım isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllimədir. İsmayıl müəllim Allah adamı, xeyirxah insan, həm də çox maraqlı şəxsiyyətdir. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Babaları Mir Abdulla və Mir Səftər ağa yüksək mənəviyyat sahibi kimi böyük nüfuza malik olublar. Uşaqlıq illəri babalarının yanında keçən bu insan imanlı şəxslərin dinlə bağlı ibrətamiz söhbətlərini məftunluqla dinləyib. O, doğma kəndi ilə daim əlaqə saxlayır, kənddə xeyirxah işlərlə məşğul olur. Ömrünün 75-ci pilləsinə qədəm qoyan İsmayıl Məmmədov (İsmayıl bəy Zərdablı) bütün varlığı, bütün ruhu ilə yaradıcı və xoşbəxt insandır.

Adil ABDULLAYEV, “Gənclik” nəşriyyatının direktoru, Əməkdar mədəniyyət işçisi.