
Qəribsoltan xanım Həsən bəy qızı Məlikova 1886-cı il iyunun 11-də Zərdab kəndində (İndiki Zərdab şəhəri) anadan olmuşdur. Tiflisdə rus-qız gimnaziyasını bitirmişdir. O, bu təhsil ocağını bitirdikdən sonra anası Hənifə xanımın 1901-1905-ci illərdə direktoru olduğu nümunəvi qız məktəbinin tələbəsi olur və təhsilini bu məktəbdə davam etdirməli olur. Qəribsoltan xanım atası H.B.Zərdabinin vəfatından 3 il sonra 1910-cu ildə pedoqoji fəaliyyətə başlamışdır.
Hənifə xanım fəxr edirdi ki, qızı Qəribsoltan xanım 1914-cü ildə İmperator Üçüncü Aleksandr adına Birinci Bakı kişi gimnaziyasının Pedoqoji Şurasında bütün sınaqlardan keçmiş, xalq məktəblərinin müəllimi adına layiq görülmüşdür. Onun almış olduğu bu ad təkcə demokratik düşüncə tərzinə malik valideynlərin nailiyyəti deyil, eyni zamanda, bütün azərbaycanlı qadınların irəlləyişi, onların oxumaq və başqalarını da öyrətmək imtiyazlarının təsdiqi idi.

Qəribsoltan xanım 1915-ci ildən 1918-ci ilədək Bakıdakı Rus-Tatar (Rus-Azərbaycan) qız məktəbində dərs demiş, 1918-1920-ci illərdə Rus-Tatar qız gimnaziyasında müəllim işləmişdir. Atasının “burjua jurnalisti”, “qəzet sahibkarı” adlandırılması, “Əkinçi” qəzetinin “zərərli ideyalar” yayıcısı kimi ittiham olunub yasaq edilməsi, ailə üzvlərinin repressiyası səbəbindən Qəribsoltan xanım Gəncəyə gedərək bir müddət burada sakit həyat sürmək istəmişdir. O, bir müddət Şəmkirdə müəllim işləmişdir. Bəzi məlumatlara görə, sovet-alman müharibəsi illərində o, görkəmli bəstəkar, əslən Zərdablı olan, SSRİ Xalq artisti, sabiq mədəniyyət naziri Rauf Hacıyevin anası Nanə xanımla doğma Zərdaba köçür və hər ikisi Zərdab məktəbində müəllim işləyir. Qəribsoltan xanım ərə getməmiş, övladı olmamışdır. O, görkəmli bəstəkar Rauf Hacıyevin, eyni zamanda onun bacısı Adilə xanımın təlim-tərbiyəsi ilə məşğul olmuş, onların ərsəyə çatmasında xüsusi xidmətləri olmuşdur. Qəribsoltan xanım uzun müddət Bakıda kimsəsiz uşaqların oxuduğu internat məktəbində dərs demiş, onlara analıq etmişdir. Şahidlər deyirlər ki, bu xanım nəinki, maaşını, hətta pensiyasını da aparıb həmin uşaqlara paylayarmış.
Qərib Soltan Məlikovaya ibtidai məktəb müəllimi adı verilməsi haqqında Attestat.
1938-ci il 4 noyabr
Azərbaycan SSR Xalq Maarif Komissarlığı tərəfindən təsdiq olunmuş 4 noyabr 1938-ci il tarixli, 7564 nömrəli həmin attestatda yazılmışdır: “1918-ci ildə Bakıda qadınlar gimnaziyasının 7-ci sinfini bitirmiş və pedaqogika işi üçün təyin edilmiş imtahan stajını məktəbdə keçmiş Qəribsoltan Həsən qızı Məlikova SSRİ Mərkəzi İcrayə Komitəsi və Xalq Komissarları Sovetinin müəllimlərə fəxri ad verilməsi haqqındakı 1936-cı il 10 aprel tarixli qərarına əsasən, ibtidai məktəb müəllimi adını alır”. O zaman ibtidai məktəb müəllimi adını almış Qəribsoltan xanım artıq Bakıda III rus-müsəlman qız məktəbində müəllim işləyirdi.
Qəribsoltan xanım dərin fikir içində, xəyallarla yaşamış, atası Həsən bəylə, anası Hənifə xanımla birgə yaşadığı illər ərzində gördüyü, şahidi olduğu, yadında qalan günlərin tarixi yaddaşlarda qalması üçün onları qələmə alır və bu tənha insan bununla özündə bir qədər rahatlıq tapırdı.
O, “Atam haqqında xatirələrim” yazısında deyirdi: “Atam qonaq qəbul etməyi çox sevirdi… Atam onda “Kaspi” qəzetinin redaksiyasında işləyirdi.
Bir dəfə o, qulluqçusunu evə göndərərək anama xəbər verdi ki, redaksiyaya onun yanına Rusiyadan qonaqlar gəliblər və onları hörmətlə qarşılamaq lazımdır. Anam bu xəbəri bizə çatdırdı…
Biz təzə paltarlarımızı geyindik. Axşam atam qonaqlarla birlikdə evə gəldi, anam onları eyvanda qarşıladı.Anamın rus dilində mükəmməl danışmağı onların çox xoşuna gəldi. Onlar gecə yarısına qədər oturdular…
Atam yalnız səhər bizə dedi ki , qonaqlardan biri yazıçı Maksim Qorki, o biri isə məşhur müğənni Şalyapin idi”.
1937-ci ildə xəbər yayılır ki, yeni çəkilən Bakı–Salyan şose yolu Şıx kəndindəki Bibiheybət məscidinin ətrafında yerləşən qəbiristanlıqdan keçəcək. Kim istəyir doğmalarının, yaxınlarının məzarını köçürə bilər. O zaman Həsən bəyin ailəsindən kim qalmışdı? Həyat yoldaşı Hənifə xanım 1929-cu ildə Bakı şəhərində vəfat etmişdi, böyük qızı Pəri xanım Topçubaşova Fransada mühacirətdə olmuş, vətən həsrəti ilə yaşamış və vətənə dönə bilməmiş, 1947-ci ildə orada dünyasını dəyişmişdir. Böyük oğlu Midhəd bəy Almaniyada oxumağa göndərilmiş Cümhuriyyət tələbələrindən idi. Bakıda, Gəncədə yaşamışdır. O, Azərbaycanın işıqlı, xoşbəxt gələcəyi uğrunda apardığı quruculuq işlərinin qurbanı olmuş, ermənilərin donosu və üzə durması ilə 1937-ci ildə güllələnmiş, 1990-ci ildə bəraət almışdır. Kiçik oğlu Səffət bəy Fransada, sonra isə Türkiyədə yaşamış, təhsilini başa vurduqdan sonra Bakıya dönməyə çəkinmişdir. Bu zaman Bakıda Həsən bəyin ailəsindən yalnız evin sonbeşiyi Qəribsoltan xanım qalmışdı.
Həsən bəyin möhtəşəm dəfnindən 50 il keçdikdən sonra, yaranmış mövcud vəziyyətə görə bu dahi insanın uyuduğu məzarın yeri mütləq dəyişdirilməli idi. Lakin, bunu kim etməli idi…? Bu xəbəri eşidən Qəribsoltan xanım təlaş içində nə edəcəyini bilmir, kimə müraciət etsin…? Bunun ən əlverişli yolunu fəhlə tapıb Bakı-Salyan şose yolunun tikintisi altında qalacaq cənazəni tez bir anda qəbirdən çıxarmaqda görür. Elə də edir, pul verib iki nəfər fəhlə tutur. 1937-ci ilin payızında mərhumun cəsədinin qalıqları bir yeşiyə yığılır və hər iki muzdlu fəhlənin çiyinlərində Bayıla qədər gətirilir və buradan tramvaya qoyularaq Qəribsoltan xanımın mənzilinə gətirilir və ona təhvil verilir.
İztirablı həyat tərzi keçirən, bu zavallı xalq müəlliminin böyük qardaşı Midhəd bəy Məlikov qeyd etdiyim kimi, 1937-ci ildə güllələnmiş, kiçik qardaşı Səffət bəy Məlikovdan ömrünün sonuna qədər xəbər tuta bilməmişdir. Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuş, 1929-cu ildə anasını itirmişdi. Həyatının son illərində APİ-nin fizika kafedrasının müdiri vəzifəsində işləyən, qardaşı oğlu Rəhim bəy Məlikov isə 1936-cı ilin fevralın 23-də Bakı şəhərində dünyasını dəyişmişdi.
Qəribsoltan xanım özü isə Şəmkirin Zəyəm kəndində müəllim işləyərkən hədə-qorxuya, təhqirlərə məruz qalmış, ölüm qorxusu keçirmiş, əsəbləri pozulmuşdu. Qəribsoltan xanımın yeganə təsəlli yeri o idi ki, atası Həsən bəyin cəsədinin yeşiyə yığılmış sümükləri, ruhu onun yanında idi. Hansı ki, Həsən bəyin gor evi bir neçə il qızı Qəribsoltan xanımın mənzili olmuşdur.
Həsən bəyin vəfatının 50 ili tamam olurdu. Bu dahi mütəfəkkirin xatirə gününün qeyd olunması məsələsini tanınmış ədəbiyyatçı alim Abbas Zamanov Azərbaycan KP MK qarşısında qaldırır. Mərkəzi Komitənin şöbə müdiri Şıxəli Qurbanov məsələyə qarışır və yubiley komissiyası təşkil olunur. Layihə üzrə qəbrin abadlaşdırılması məsələsinə baxılan zaman məzarın harada olması sualı ortaya çıxır və onun yerini heç bir kəs bilmir.
Bu zaman Həsən bəyin Bakı şəhərində yaşayan yeganə varisi Qəribsoltan xanım yada düşür və ona müraciət etməli olurlar. Abbas Zamanov, tanınmış bioloq alim Mirəli Axundovla və eyni zamanda bir neçə filosof alimlə birlikdə Qəribsoltan xanımın yaşadığı mənzilə, onun yanına gəlirlər.
Gələnlərə “Atamın hər şeyini məhv etdiniz, indi də gəlmişsiniz sümüklərini aparmağa? Bir də bu evə ayaq basmayın!” deyən Qəribsoltan xanım nəhayət, əsəblərini ələ aldıqdan sonra atasının 1937-ci ildə anası Hənifə xanımın yanında basdırıldığını bildirir. A.Zamanov tələbələri ilə birlikdə şəhər qəbristanlığına üz tutur, Hənifə xanımın məzarı açılır, Həsən bəyin qutuya yığılan, xanımının ayaqları altında basdırılan sümükləri qəbirdən çıxarılır. Beləliklə, Həsən bəy 1957-ci ildə, üçüncü dəfə Fəxri Xiyabanda dəfn olunur.
Digər tərəfdən oxucularımıza belə bir məlumat vermək istərdim ki, xalqımızın dahi incəsənət xadimlərinin, görkəmli dövlət xadimlərinin əbədi yuxuya daldıqları Fəxri Xiyabanın salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır. 1948-ci ilin avqust ayının 27-də M.C.Bağırovun tapşırığı ilə Azərbaycan SSR Nazirlər Soveti aşağıdakı məzmunda qərar qəbul etmişdir.
“1. Bakı Şəhər İcraiyyə Komitəsinə (A.Buzdakov və T.Qasımov yoldaşlara) tapşırılsın ki, 1948-ci ildə ümumi dəyəri 180 min manat dəyərində Fəxri Xiyabanın tikintisinə başlasınlar və buraya Azərbaycanın böyük elm və incəsənət xadimlərindən 12-sinin qəbri köçürülsün (siyahı əlavə olunur). Fəxri Xiyabanın tikintisi 1949-cu ilin 1-ci yarısında başa çatdırılsın.
- Azərbaycan SSR Nazirlər Soveti yanında Arxitektura İşləri İdarəsi təşkil edilsin ki, bu il sentyabr ayının 20-dən gec olmayaraq Azərbaycanın görkəmli elm və incəsənət xadimlərinin 12 nəfərinin qəbirüstü abidəsi daxil olmaqla Fəxri Xiyabanın ilk model nümunəsini hazırlasın.
- Azərbaycan SSR Maliyyə Nazirliyinə bir vəzifə olaraq tapşırılsın ki, 1948-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinə qəbirüstü abidə daşının hazırlanması məqsədilə neft çıxarılması üzrə vəsaitdən 90 min manat ayırsınlar. 1949-cu ildə də bu məbləğ nəzərdə tutulsun. Həmçinin Vidadinin qəbirüstü abidəsinin qoyulmasına Qazax Rayon İcraiyyə Komitəsinə 15 min manat, Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbirüstü abidəsinin hazırlanması üçün Şamaxı Rayon İcraiyyə Komitəsinə 30 min manat məbləğində vəsait ayrılsın.
- Azərbaycan SSR Nazirlər Soveti Dovlət Plan Komitəsinə tapşırılsın ki, Fəxri Xiyabanın tikintisi üçün Bakı Şəhər İcraiyyə Komitəsini lazım olan miqdarda sementlə təmin etsin.
T.İ.Quliyev
Azərbaycan SSR Nazirlər Kabinetinin sədri
27 avqust 1948-ci il”
Bildiririk ki, həmin qərara əsasən, qəbirinin köçürülməsi qərara alınan 12 nəfərdən biri də Həsən bəy Zərdabi olmuşdur. Fəxri Xiyabanın ilk sakinləri arasında Həsən bəy Zərdabinin adı 3-cü şəxs olaraq qeyd olunmuşdur.
Bu dahi şəxsiyyətin məzarının yeri ilə bağlı verilən arayışda onun yanlış olaraq Çəmbərəkənd qəbristanlığında basdırıldığı bildirilmişdir.
Belə məlum olur ki, sözügedən qərarın verildiyi tarixdən 9 il sonra Həsən bəyin nəşi Fəxri Xiyabanda torpağa tapşırılmışdır.
Onu da qeyd edim ki, bu günədək Həsən bəy Zərdabinin həyatı, onun dəfni ilə bağlı gedən yazılarda, tədqiqat işlərində Azərbaycan SSR Nazirlər Soveti tərəfindən belə bir qərarın qəbul edilməsi barədə məlumat verilməmişdir.
Qəribsoltan xanımın uzunmüddətli, qüsursuz pedeqoji fəaliyyəti nəzərə alınmış, SSRİ Ali Soveti tərəfindən 1948-ci ildə Azərbaycan SSR-in “Əməkdar müəllim”i fəxri adına layiq görülmüş, maarif sahəsində fəaliyyətinə görə “Lenin ordeni” ilə təltif olunmuşdur. Qəribsoltan xanım 1956-cı ilədək müəllimlik fəaliyyətini davam etdirmişdir.
Bütün həyatını xalqının maariflənməsinə, təhsilinə həsr edən, iztirablı həyat tərzi keçirən, üzüntülərə dözə bilməyən Qəribsoltan xanım Həsən bəy qızı Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.
Əziz oxucular, ziyalılarımız bir anlığa fikirləşək ki, bütov azərbaycanlılığı ilə Azərbaycanın maarifçilik hərəkatında misilsiz xidmətləri olan Məlikovlar ailəsi bu gün müstəqil Azərbaycan Respublikasında necə yad olunur.
Eldəniz Həsənov,
Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Kooperasiya Universitetinin müəllimi, Zərdabişünas, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Ali Media” mükafatı laureatı