– Ay uşaq, neyləyirsən, avtomobildən uzaq dur.
– Əmi, görmürsüz maşının şüşəsi çirklənib? 20 qəpik verin, bu dəqiqə təmizləyim.
– Buna bax, üst-başındakı çirkdən utanmır, mənə deyir, maşının şüşəsi çirklənib.
– Əmi, bəlkə təmizləyim?..
– Sənə dedim axı, cəhənnəm ol burdan.
– Əmi…
***
Saat 17:30. Paytaxtın Heydər Əliyev prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi yer. İşıqforun yanı. Bura İlqarın son 10 gündə çörəkpulu qazandığı sonuncu ünvandır.
İşıqforun yaşıl işığı yanan kimi avtomobillər hərəkətə gəlir. İlqar əzilməmək üçün yolun kənarına çəkilir.
Növbəti dəfə işıqforun qırmızı işığı yanacaq, o, növbəti dəfə avtomobillərdən birinə yaxınlaşacaq və sürücüyə öz “xidmətini” təklif edəcək. O da alına, ya alınmaya…
Sürücülər işıqforun qırmızı işığına nə qədər nifrət edirlərsə, İlqar onu bir o qədər sevir. Çünki əziyyətli də olsa, çörəyi məhz işıqforun qırmızı işığında “çıxır”. Taleyin qəribəliyinə bax ki, işıqforun yaşıl işığı yananda hamı üçün açılan yollar İlqar üçün birdən-birə bağlanır…
***
İlqar 2003-cü ildə Zərdab rayonunda dünyaya gəlib. Soyadını heç özü də bilmir. Nə atasını tanıyır, nə də anasını. Qohum-əqrəbalarından yalnız nənəsi Pərini xatırlaya bilir. Ağsaçlı, bir gözü kor, dişsiz, gödəkboy qadın imiş. İlqarı 5 yaşına kimi dilənçilik etməklə o böyüdüb.
Nənəsinin İlqara dediyinə görə, o hələ uşaq olanda ata-anası xasiyyətləri uyğun gəlmədiyi üçün ayrılıblar. İndi İlqarın atası Rusiyada yaşayır, anasının isə harada olduğunu heç kim bilmir.
İlqarın Bakıya gəlişi də həyatı kimi aldadıcı olub. Pəri nənəsi ona: “Sabah səni Bakıya göndərəcəm. Atan gəlib, səni qarşılayacaq”,-deyib. Ancaq Bakıya çatanda onu qarşılayan olmayıb.
Bu minvalla o, bir neçə gün avtovağzalda gecələyib. Sonra avtovağzalda gecələyən kimsəsiz küçə uşaqları onu öz dəstələrinə qoşublar.
O vaxtdan 3 il keçir. İndi İlqar 7 yaşlı dostu Süleymanla birlikdə qaçqınların məskunlaşdıqları yataqxanalardan birinin zirzəmisində gecələyir…
***
Kimsəsiz olsa da, orta məktəb üzü görməsə də, İlqarın fikirləri çox maraqlıdır. Bu günə kimi o qədər təhlükəylə üzləşib ki, o qədər polis idarəsində gecələyib ki, indi də işini ehtiyatla tutur. Hətta qaldığı zirzəmiyə aparanda üstümdə fotoaparat olmadığını dəqiqləşdirmək üçün məni yoxlamadan keçirməyi də unutmadı. Ancaq nə qədər təkid etsəm də, vaxtını alacağım üçün ona təklif etdiyim 5 manatı götürmədi…
***
İlqar uşaq evlərinə nifrət etdiyini deyir. Bu nifrəti ona maşınının təkərini pulsuz qaraltdığı Məmməd adlı taksi şoferi aşılayıb: “Məmməd dayı deyir ki, uşaq evlərində yaşayanlar sərbəst ola bilmirlər… Heyif deyil sərbəst olmaq? Bax indi bir azdan siz gedəcəksiniz, Süleymanla mən səhərə qədər doyunca yatacağıq. Nəyimizə lazımdı e uşaq evi?”
***
İlqarın köməkliyi ilə onun “otaq” yoldaşı, 7 yaşlı Süleymanla da tanış oldum. İlqardan fərqli olaraq, Süleyman Bakıya, ümumiyyətlə, haradan gəldiyini bilmir. Öz dili ilə desək, həyatda bacardığı tək bir iş var: avtomobil təkəri qaraltmaq: “Şükür, təkər qaraltmaqla çörəkpulumu çıxarıram. Saymağı isə mənə müdirim öyrədib. Məsələn, 5 maşın mənim üçün 1 dönər, 10 maşın 2 dönər, 20 maşın təkəri qaraltmaq isə bir çaynik çay, üstəlik, 3 dönər deməkdir. 30 maşın isə… Yox, onu deyə bilmərəm, qoy sirr qalsın”.
***
– Süleyman, böyüyəndə hansı sənətin sahibi olacaqsan?
– Mən də müdirimiz kimi özümə “avtoyuma” sexi açacam, ora ancaq küçə uşaqlarını götürəcəm. Ancaq mən onlara biganə yanaşmayacam. İşçilərim üçün ev kirayələyəcəm, xəstələnəndə onları həkimə aparacam. Yoxsa bizim müdirimiz kimi? Oğlunun yanında məni o qədər vurub ki…
– Ata olsan, övladını küçəyə atarsanmı?
– Yox. Mənim tez-tez dişim ağrıyır. İlqar deyir ki, “gəl aparaq onu çəkdirək”. Ancaq mən ağrıya dözürəm. Çünki diş çəkdirməkdən qorxuram. Amma atam olsaydı, qorxmazdım, onunla həkimə gedib, dişimi çəkdirərdim.
– Bəs həyatda ən çox nədən qorxursan?
– İlandan.
– Niyə?
– Çünki ilanlar yatdığımız yerdə həmişə o tərəf-bu tərəfə gəzişirlər. Düzdür, onlar bizə toxunmurlar. Ancaq yenə də mən onlardan qorxuram.
– Ata-ananı görmək istəyirsənmi?
– Görmək nədir, canımı da qurban verərəm…
– Ürəyin başqa nə istəyir?
– Qarğıdalını çox sevirəm. Nədəndi, bilmirəm, ancaq mən qarğıdalıdan heç vaxt doymuram.
– Yaşıdlarına nə demək istəyirsən?
– Ağıllı olsunlar, valideynlərini incitməsinlər.
– Bəs böyüklərə?
– Övladlarını atmasınlar. Atam-anam olsaydı, mənim bu zirzəmidə nə işim vardı? Hamı kimi, mən də evimizə tələsərdim, anamın bişirdiyi xörəklərdən yeyərdim, dərslərimi oxuyardım, bacımla, qardaşımla oynayardım, axşam olanda hamıdan birinci yatardım ki, səhər dərsə gecikməyim.
– Bəs ən böyük arzun nədir?
– Bu vəziyyətdə heç nə. Hərdən istəyirəm ki, təmiz, səliqəli geyimim, bir də, böyük güzgüm olsun. Saatlarla özümə baxa bilim.
– Özünə niyə baxmaq istəyirsən ki?
– Çünki bu cür geyimdə özümü heç vaxt görə bilməmişəm…
***
Bu dəfə suallarımı əlini üzünə söykəyib bayaqdan bəri söhbətimizə qulaq asan İlqara verirəm:
– Bəs sən böyüyəndə nəylə məşğul olacaqsan, nəçi olacaqsan?
Sualımı gözləmirmiş kimi bir xeyli üzümə baxır. Sonra əlini əynindəki çirkli gödəkcənin qoltuq cibinə salır. Bir xeyli eşələyəndən sonra sellofana bükülmüş bir şəkil çıxarır. Diqqətlə baxıram, Mübariz İbrahimovun şəklidir. Şəkli göstərib deyir: “Mən böyüyəndə Mübariz İbrahimov olacağam”.
– Niyə Mübariz?
Başını qaşıyıb bir qədər düşünəndən sonra deyir: “Bir dayı tanıyıram. Maşının qabaq şüşəsinə Mübarizin şəklini yapışdırıb. O deyir ki, “Mübariz ata-anasının yox, hamının oğludur”. Mən də böyüyəndə Mübariz kimi olacam ki, hamı məni tanısın, hamı mənim atam-anam olsun. Axı mənim ata-anam yoxdur”…
***
Söhbətimizin şirin yerində təqribən 60-70 yaşlarında bir nənə zirzəmiyə daxil oldu. Bir əlində əsa, digər əlində isə bir boşqab xörək vardı. Mən çağırılmamış qonaq zənn etsəm də, uşaqlar onu sevinclə qarşılayırlar. İlqar gəlişimin məqsədi barədə ona məlumat verir. Təngnəfəs olmasından bronxial astma xəstəliyindən əziyyət çəkdiyi hiss edilən nənə bu uşaqların taleyinə biganə qalmadığım üçün mənə təşəkkür edir: “Adım Xədicədir, Xocalı qaçqınıyam. 1992-ci ildən bu yataqxanada darısqal, daxma kimi bir yerdə məskunlaşmışam. İki oğlumu və həyat yoldaşımı ermənilər Xocalı qırğınında öldürüblər, qızımı isə əsir götürüblər. Heç kimim yoxdur – bu uşaqlardan başqa. Elə bilirəm ki, balalarımın əvəzidirlər”…
***
Xədicə nənə başına gələnləri nəql etdikcə kövrəlir, göz yaşlarını silib yenidən söhbətinə davam edir. Dediyinə görə, Xocalı işğal olunan vaxt onu bu qırğınlardan, erməni əsirliyinə düşməkdən Babək adlı bir oğlan xilas edib: “Ermənilər oğlanlarımı və həyat yoldaşımı öldürəndə, qızımı əsir götürəndə mən onların yanında olmamışam. Başqa bir dəstəyə qarışıb yolumu azmışdım. Kətik meşəsində ayağımı don vurandan sonra yeriyə bilmədim. Hamı bir-bir məndən uzaqlaşdı. Ac-susuz bir ağacın dibində oturub gözləyirdim ki, axırım hara çıxar-çıxar, ermənilər gəlib ya əsir götürəcəkdilər, ya da öldürəcəkdilər.
Elə bu vaxt Babək gəlib çıxdı. Sən demə, o da yolunu azıbmış. Məni çiyninə alıb, bir xeyli gətirdi. Yazıq çox əziyyət çəkirdi, dedim, a bala, məni burda qoy, sən get. Razı olmadı, dedi ki, bu həyatda heç kimim yoxdur, sən də mənim anam, burada qoyub getsəm, ermənilər öldürərlər. Beləcə, məni düz Ağdamadək gətirdi”.
Xədicə nənənin dediyinə görə, sonradan Babək Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub: “Ağır yaralanmışdı, xəstəxanaya gətirmişdilər. Qollarımın arasında canını tapşırdı. Babəkin ölümü məni öz övladlarımın ölümü qədər yandırdı. Onu Ağcabədidə dəfn eləmişik. Vəsiyyət eləmişəm ki, öləndə məni onun yanında basdırsınlar”… ***
Xədicə nənənin kövrəldiyini görüb, söhbətin mövzusunu dəyişməyə çalışıram: “Bu uşaqlar da sizin balalarınız sayılır. Onların nəvazişə ehtiyacı var”.
Bu sözlərim Xədicə nənənin könlünü açır: “Hə, onları övladlığa götürmək istəyirəm. Bununla bağlı bu günlərdə müraciət etmişəm. Xahiş etdim ki, mənə yataqxanada normal bir otaq verilməsinə köməklik etsinlər. Yer verilən kimi onları öz yanıma aparacam, qoymaram burda qalsınlar”.
***
Bu balacaları gələcəyin Mübariz İbrahimovları, Fərid Əhmədovları hesab edir Xədicə nənə: “Gərək onları elə yetişdirəm, elə tərbiyə edəm ki, sabah Azərbaycanımıza sahib çıxsınlar, bizim başımıza gələnlər onların başına gəlməsin”…
Xədicə nənə ilə söhbət etdikcə İlqar və Süleymanın tez-tez onun gətirdiyi xörək boşqabına tərəf boylandıqlarını görürəm. Bərk acdıqları baxışlarından hiss olunur…
Xədicə nənə onların xörəyini verib mənimlə birgə zirzəmini tərk edir…
***
Bu cüt balanı zirzəmidə qoyub, üzü şəhərə doğru irəliləyirəm. Nə səs-küyü eşidir, nə ətrafdakı avtomobillərə əhəmiyyət verirəm. Ayaq altına səpələnmiş xəzəllər isə mənə atılmış, kimsəsiz küçə uşaqlarının solmuş üzlərini xatırladır.
Keşkə ata-analar öz uşaqlarını atmasaydılar, keşkə balaların gözü yolda qalmasaydı…
Dayanacağa çatıb, avtobus gözləyirəm. Üstündən heç bir az keçməmiş İlqarla Süleymanın mənə tərəf qaçdığını görürəm. İlqarın hövsələsi çatmır və uzaqdan qışqırır: “Əmi, yazını yazanda Pəri nənəyə mənim salamlarımı çatdırmağı unutma”…
Nicat İntiqam
nicat_i@yahoo.com
Cox gozel yazidir..Kovreldim..Muellifi tebrik edirem..Usaqin sozlerine bir bax: Hami menim atam-anam olsun…Axi menim atam-anam yoxdur..Demeye soz tapmiram..
Comments are closed.