Zərdab rayonunun coğrafi mövqeyi barədə məlumatlar

0
285
zerdab-yol-temir-tarix

Zərdab rayonu Aran iqtisadi rayonunda, Mərkəzi Aran zonasında, Şirvan düzündə yerləşir. Rayonun səthi düzənlikdir, ərazisinin çox hissəsi okean səviyyəsindən aşağıdadır. Kür, Göyçay və Türyançay çayları rayonun ərazisindən keçir. Zərdab rayonu Ucar dəmir yolu stansiyasından 35 km məsafədədir. Qış və yay otlaqlarının mövcudluğu bütün il boyu heyvandarlığın inkişafı üçün əlverişli şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir.

Rayonun ərazisi bir tərəfdən Aran iqtisadi rayonuna daxil olan Kürdəmir, Ağdaş, Ucar rayonları ilə, digər tərəfdən isə təbii sərhəd olan Kür çayı nəzərə alınmazsa, İmişli, Beyləqan, Bərdə, Ağcabədi rayonları ilə əhatə olunmuşdur. (Zərdab və Ağcabədini Kür çayı üzərindəki körpü birləşdirir) Rayonun ərazisi Respublika ərazisinin 1, Aran iqtisadi rayonunun isə 4 faizini təşkil edir.

İqlimi

Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi (quru subtropik iqlim) xarakterikdir. Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Yay aylarında havanın temperaturu + 35-400-yə çatır. Mütləq maksimum temperatur + 41-44-yədək yüksəlir. Havanın orta aylıq temperaturu yanvarda + 30, iyulda + 27 təşkil edir.

Flora və faunası

Torpaq örtüyü əsasən boz-çəmən torpaqlardır. Humusun miqdarı (bitki və orqanizm qalıqları) 2 faizdir. Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Ümumiyyətlə, yarımsəhra bitkilərinin inkişaf etdiyi bu zona məhsuldar qış otlaqlarıdır. Kür çayı yatağına yaxın sahələrdə axmaz və göllərin ətrafında gilli-qamışlı bataqlıq çəmən-çöl bitkilərinə rast gəlinir. Kür çayı boyunca Tuqay meşələri uzanır. Yarımsəhrada təbiətin insanlara payı olan yaşıl zolaq həm torpaqqoruyucu, həm sahilbərkidici rol oynayır, həm də iqlimini yumşaldır. Rayonun iqlimi pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir.
Rayon ərazisində ən çox rast gəlinən heyvan və quş növləri canavar, tülkü, boz dovşan, çöl siçanı, çaqqal, dələ, turac, kəklik, qırqovul, göyərçin, alabaxta, sığırçın, qaratoyuq, ağacdələn, arıquşu, sərçə, ağ vağ, qarabatdaq, torağay, qarğa və sairləridir.