Əsl həya Allahdan çəkinməkdir

1
53

Həya – qarşı tərəfə dəyər verməkdir. Qarşı tərəfə dəyər vermək – özünə dəyər verməkdir. Həya – Allah-Təalanın bəyəndiyi bir ünvanda məskən tutmaqdır. Gözəlliklərin toplusudur, anasıdır həya, həyası olmayanın adamlığı da olmaz.

Ərini adı ilə çağırmağa utanırdı, qayınanası ilə danışanda “sizin oğlunuz”, uşaqları ilə danışanda “atanız” deyirdi. Bəziləri onu danlayırdılar, bu davranışını geri qalmışlıq, cəhalət adlandırırdılar. Amma o, heç də cahil deyildi, xeyri-şəri bir-birindən yaxşı ayırırdı. El-obanın hər işinə qatılırdı, qonşuları onun nə qədər mehriban, xeyirxah insan olduğuna şahid idilər. O, isə başını qaldırıb yad kişilərin üzünə baxa bilmirdi. Başqa qız-gəlinlərdən seçilirdi, səsini yüksəltdiyini eşidən olmamışdı. “Utananın oğlu olmaz” deyirlər. Amma bu utancaq xanım bir-birinin ardınca üç oğul dünyaya gətirmişdi, hamısı da bir-birindən gözəl, həyalı.

Bir dəfə ağzını açıb danışdı. Danışdı deyəndə ki, məhəllədə gəlinlər yığışıb söhbət edirdilər. Onu da çağırdılar, qayınanasından icazə alıb onlara qatıldı. Danışdı, çox şeylər dedi. Qonşular məəttəl qaldılar və bu vaxta qədər onu tanımadıqlarından üzüldülər. Nələr demədi… Dedi ki, həya qəlbi pozan günahlara qarşı bir müdafiədir, həya insanın imanının gücünü və ədəbin ölçüsünü müəyyən edər. Həya xeyirin dirəyi, qarışdığı hər bir yaxşılığın təməl ünsürüdür. Bəd əməllərə, günahlara göz yuman həya sahibi ola bilməz. Həya sahibi Haqqın sözünü deyər, günahlara göz yummaz, çünki Allahdan utanar, günah eləməz, çünki Allahdan həya edər. O gün qonşu gəlinləri Münəvvərin simasında yeni bir dünya kəşf etdilər.

Bəziləri həyanı acizlik kimi qəbul edir. Həya acizlik deyil: “həya ilə iman bir-birini tamamlayar, biri gedincə o birisi də orada qalmaz” buyurulub. Dünya və axirət səadətinə qovuşmaq istəyən şəxs ədəb və həya sahibi olmalıdır. Ədəbi və həyası olmayan bir kəsdən xeyir gözləmək mümkün deyil. Allah-Təala Qurani-Kərimdə həyanı müsbət bir keyfiyyət kimi mədh etmiş və bu davranış tərzini müsəlmanlar üçün ölçü olaraq buyurmuşdur.

Həya iki cür olur: insan var ki, insanlar arasında günah işləməyə həya etdiyi kimi, insanların görmədiyi yerdə də “Allah görür” düşüncəsi ilə əlini haramdan çəkər, həyasına sığınar. Bu, müsəlmanda aranan əsl həyadır, mənəvi kateqoriyadır. İnsan da var ki, insanlar arasında utansa da, xəlvətə düşəndə əlindən gələni əsirgəmir. Bu da bir növ kor həyadır. İnsanlardan həyadır, amma Allahdan həya deyil. Əsl həya isə Allahdan çəkinməkdir. Allahdan həya edən insan onun Peyğəmbərindən də, mələklərindən də, insanlardan da həya edər.

Həya insanı hiylədən, riyadan, məkrdən, aravuruşdurmadan, bədxahlıqdan uzaq tutar. Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) belə buyurub: “Ehsan Allah-Təalanı qarşısında görürmüş kimi Ona itaət, ibadət etməkdir”. Təbii ki, ehsan şüuru çox yüksək bir səviyyədir və imanın gücü ilə o mərhələyə yetişmək mümkündür. Ehsan şüurunu daşıyan insan özünü hər an Allah-Təalanın hüzurunda görür, əlini harama uzatmaz, qeybdən uzanmış bir qılıncmı, bir ağacmı əlinin üstünə vurulacaqmış kimi qorxar, hürkər. Bir könül əhli deyir ki, ayaq yoluna belə həya ilə girib-çıxıram.

Bəzən də “ehsan” sözünü kasıblara verilən yemək-içmək, yardım kimi izah edirlər. Əslində bu da doğrudur. Amma məsələnin təməli, kökü, mahiyyəti Peyğəmbərimizin (s.ə.s.) buyurduğudur. Çünki sən özünü hər an Allah-Təalanın gözü qarşısındə görsən, əlbəttə, yaxşı işlərə can atacaqsan. Ehsan şüuru insana dünyadan təmənnasını kəsməyi öyrədir. Dünyanı əlinin arxası ilə geri irələmək, yalançı cazibəsinə əyilməmək, vüqarlı bir ömür yaşamaq, başqalarının ələ keçirmək üçün yerlərdə süründüklərinə dönüb baxmamaq, Hazrəti İbrahim (ə.s.) kimi dağ boyda tonqala atılanda belə “Allahımdan savayı kimsədən bir istəyim, bir təmənnam yoxdur” həqiqətini kəlmə-kəlmə könlünə, ruhuna hakim qılmaqdır ehsan şüuru.

Elə qəlbi möhürlülər, elə bədbəxtlər var ki, nə bəndədən həya edir, nə Allahdan utanır. Beləsinin nə ədəb kateqoriyasında, nə İslam anlayışında yeri var. Adam var, günahını gizlində işlər və gizləyər; adam da var, millətin gözü qarşısında, həm də təkrar-təkrar eyni günahı işləməkdən həya etməz belə. Həyası olmayan hər şeyini itirmişdir. Həya gül buketi kimidir, içində gözəlliyin hər rəngini, hər qoxusunu, hər təravətini görə bilərsən.

Həya parçanı bürüyən məxmər kimidir. Bürünməkdir, özünü açıb çölə tökmək deyil, dünyaya qarşı mütəvazi davranmaqdır həya. Həya necə üstün bir məziyyətdirsə, Allah-Təala da bəzi qullarının dualarını qəbul etməməkdən həya etdiyini bildirir.

Peyğəmbərimiz (s.ə.s.) sevimli səhabəsi, əmisi oğlu, övladı Fatimeyi-Zəhranın ömür-gün yoldaşı, “Mən elmin şəhəriyəm, o qapısıdır” deyərək dünyaya təqdim etdiyi Həzrət Əli (r.a.) ilə bir söhbətində belə buyurub: “İlk baxış yararına, sonrakı isə zərərinədir”. Yəni insan qeyri-iradi olaraq harama baxdığı halda Allahdan utanaraq gözünü çəkirsə, bu, iradi addım qarşılığında mükafatını alacaq. Yox, əgər nəfsinə uyaraq harama baxmaqda davam edərsə, o baxışın əvvəli də zərərinədir, sonrası da. Allah-Təala buyurur ki, harama baxmaq şeytan oxlarına təslim olmaqdır. Əgər bəndəm sırf Məni düşünərək gözünü haramdan çəkərsə, bunun qarşılığında mən onun qəlbinə elə bir nemət qoyaram ki, zövqünü bu dünyada da hiss edər. Həya Allah qarşısında qulun təslimiyyət duyğusunun bir təzahürüdür. Peyğəmbərimiz buyurur ki, gerçək həya başının içini, yəni düşüncələrini belə pis düşüncələrdən, əxlaqa zidd fikirlərdən qorumaqdır. Şeytanın insana qalib gəldiyi məqamlar məhz onun nəfsinə uyaraq harama meyl etməsi ilə mümkündür. İnsanda yaradılışdan olan bir həya hissi var ki, ona fitri həya deyilir. El arasında buna arlanmaq da deyirlər. Bir də yuxarıda dediyimiz kimi, imandan gələn həya var ki, bu həya İslam dininin önəmli bir dərinliyini təşkil edir. Qurani-Kərimdə dəfələrlə bildirilir ki, Allah-Təala gizli və aşkar olan hər şeyi bilir. Bizim hər işimiz Ona əyandır, ondan gizli heç bir şey yoxdur, hər şey Onun bilgisi daxilindədir. Bu qədər həqiqət açıq-aşkar ortada ikən insanın həya duyğusundan məhrum olmasını anlamaq mümkün deyil. Həya İlahi bir əxlaq və Allah sirridir. Əgər həqiqi həya duyğusunun insanı hansı ünvana aparacağını bilsəydik, insanlar o yoldan bir addım belə yayınmazdılar. İnsanın özündən həya etməsi də çox önəmli faktordur. Özündən həya əslində Allahdan həya hissinin bir parçasıdır.

Həya gözəllikdir, acizlik deyil; həya məzlumluq deyil, qətiyyətdir, iradədir; həya mübarizədir, əzəmətdir; həya yoldur, əbədi səadətə aparan yol. Belə görmüşük, belə eşitmişik, belə görmək istəyirik. Gəlin qayınatası ilə danışanda həyat yoldaşının adını çəkmirsə, “sizin oğlunuz” deyirsə, bunu ehtiram kimi, həya kimi, hörmət kimi qəbul etmək lazımdır, elə Münəvvər gəlin kimi…

“Zaman”

1 comment

  1. ela yazidir….bu kelam daha da ela edir yazini-Peyğəmbərimiz (s.ə.s.) sevimli səhabəsi, əmisi oğlu, övladı Fatimeyi-Zəhranın ömür-gün yoldaşı, “Mən elmin şəhəriyəm, o qapısıdır” deyərək dünyaya təqdim etdiyi Həzrət Əli (r.a.) ilə bir söhbətində belə buyurub: “İlk baxış yararına, sonrakı isə zərərinədir”

Comments are closed.