Babalarımızın yurd yeri – Zərdab

1
149
Zərdab rayonu

Zərdab Kür çayı ilə Qarasu çayının yaratdığı yarımadaya bənzər bir ərazidə yerləşir. Qeyd etmək yerinə düşər ki, Kür çayının zərdablıların həyatında xüsusi yeri və əhəmiyyəti var. Zərdabın 42 kəndindən 22-si məhz Kür çayı boyunca yerləşmişdir. Mərkəzi Aranda yerləşən Zərdab üçün Kür çayı, onun bol suyu müstəsna əhəmiyyətə malikdir. Bunu nəzərə alan zərdablılar öz həyatlarını təhlükəyə atmaqdan belə çəkinməyərək daha çox Kürün qoynuna sığınmışlar.

Məlumdur ki, Kür çayı tez-tez daşar, sahilləri, oradakı əkinləri yuyub aparar, kürkənarı kəndlərin sakinləri sel sularından canlarını götürüb qıraq kəndlərə qaçar, aylarla orada məskunlaşardılar. Belə hallara hələ 1930-1940-cı illərdə də tez-tez təsadüf olunardı. Həmin illərdə bizim Xanməmmədli kəndinə Yarməmmədbağı, Lələağacı, Gəlmə kəndlərindən pənah gətirənlər çox olurdu. Kəndimizə, evimizə sığınanlarla dostluğumuz çox möhkəm idi. Onların nəvə-nəticələri ilə isti münasibətlərimiz indi də davam edir. Bu cür daşqınlar fəlakət və bədbəxtlik gətirirdi. Dahi şairimiz S. Vurğun Kürün daşmasını belə təsvir edir:

«Fəlakət, fəlakət! Yenə Kür daşır,

Suya qərq olacaq yenə zəmilər.

Dəli Kür qızışıb həddini aşır,

Baş-başa gəlmişdir ölümlə hünər!

Uçduqca yarğanlar, köklü ağaclar,

Kür udur onları bir əjdaha tək.

Sellərə qərq olur çöllər, yamaclar,

Şair, bir rəssam tək bu lövhəni çək!

… Qız yenə qışqırır haray çəkərək,

Sahilə çatmayır onun səs-küyü,

Axır, o nazəndə, o gözəl mələk;

Axır, barmağında nişan üzüyü…»

Mingəçevir su anbarı istifadəyə verildikdən sonra Kürün daşıb sahilləri basması təsadüfdən-təsadüfə baş verir. Belə bir təhlükə Zərdab üçün 1978-ci ilin may ayında da yaranmışdı. Həmin təhlükəli vaxtda Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışan ümummilli liderimiz möhtərəm Heydər Əliyev 1978-ci il may ayının 29-da Zərdaba səfər etdi, yerli əhali ilə, rayonun rəhbərləri ilə görüşdü, daşqın təhlükəsinin qarşısını almaq üçün tövsiyələr verdi, qonşu rayonlardan ağır texnika, torpaqdaşıyan maşınları səfərbər etdi, bəndatma işləri sürətləndirildi. Daxili imkanların tam səfərbər edilməsi, ümummilli liderin diqqət və qayğısı Zərdabı sel təhlükəsindən xilas etdi. O vaxt Zərdab şəhərini Dəli Kürün azğın sularının pəncəsindən xilas etmək üçün torpaq doldurulmuş kisələrdən geniş istifadə olunurdu. «Kür» restoran-şadlıq sarayından «Dalğa» restoranınadək torpaq doldurulmuş kisələr düzülmüşdü. Öz məcrasından çıxmış Kürün sularının qarşısına bu kisələrlə sədd çəkildi, sel suları bu süni maniəni aşıb şəhərə daxil ola bilmədi. Şəhər daşıqınlardan xilas edildi. Amma Kürün daşması ziyansız da ötmədi. Bir neçə kəndə ziyan dəysə də, insan təlafatı olmadı, ciddi maddi təlafatsız ötüşmək mümkün oldu.

Zərdabı dolanıb keçən Kür bütün təhlükələrlə yanaşı bu diyarın sakinləri üçün həyat, dirilik mənbəyi idi. H. B. Zərdabi (yeri gəlmişkən, Zərdabi nəşr etdirdiyi «Əkinçi» qəzetində öz soy adını Həsən Məlikzadə Zərdabi yazdığı halda, bizim mətbuatda nədənsə Həsən bəy Məlikov Zərdabi şəklində ifadə olunmuşdur) 6 noyabr 1876-cı ildə «Əkinçi» qəzetində yazırdı: «20-30 il bundan əqdəm bizim Kür çayı hər ildə daşıb ətrafı qərq edərdi ki, oralarda olan çalalardan birə əlli hasil gəlirdi. Amma indi ol çay 3-4 idə bir dəfə də daşmır və daşanda ətrafı elə qəpq etmir. Avam bunu görəndə deyir ki, su azalıb və keçən günü yada salıb ah çəkir. Doğrudur, su azalıb və buna səbəb oldur ki, zikr olan çayın başında sakin olan kəslər odun bahalandığına orada olan meşələri qırıb azaldıblar. Amma oturub ah çəkməkdən fayda yoxdur, təzədən meşə salmaq gərək ki, su artsın. Lakin təzə meşə gəlib meşə olunca bir qeyri tövr ilə bunun çarsinin dalınca olmaq gərək, ya arx qazmaq ilə, ya maşın, ya çarx qurmaq ilə, ya dağların ətəyində bəndlər bağlayıb oralarda qışda əmələ gələn suyu saxlayıb sonra işlətmək ilə əkini sulamaq lazımdır və bir də əkinçiyə məlumdur ki, daşmış çay suyu ilə sulanan yer arx ilə sulanan yerdən artıq hasil gətirir. Buna səbəb oldur ki, ətrafda olan yerlərdən su gəlməkdən çay daşır və su ol yerlərdən gələndə xırda daşları, yəni torpağı aparmaqdan lilli olur ki, bu lil əkin yerini qüvvətli edir».

Görünür buna görə də çoxları Kür çayını «Ana Kür» adlandırır. Zərdabın suvarılan torpaqları faizi Kürün həyatverici suyu ilə suvarılır. Kür çayı su taxıl, pambıq, bostan-tərəvəz bitkilərinə, bağ-bağçaya sözün həqiqi mənasında həyat verir. Əhalinin içməli suya olan ehtiyacı, mal-qaranın istifadə etdiyi su da Kür çayının hesabınadır. Bundan əlavə, Kür çayının Zərdab ərazisindən keçən hissəsində quraşdırılmış suvurma nasoslarından çıxarlıan suyun bir hissəsi qonşu rayonların əkin və biçin sahələrinə axıdılır, oralara həyat bəxş edir.

Yeri gəlmişkən, babalarımızın yurd yeri olan Zərdabın adının mənşəyi haqqında bəzi mülahizələri xatırladaq. Zərdabın adının mənşəyi haqqında müxtəlif mülahizələr və deyimlər var. Bu deyimlər təzadlı və mübahisəlidir. Bəzi mütəxəssislər bu sözün fars dilindəki («zərd» – sarı və «ab»- su) sözlərindən yaranaraq «xəstəlik yayan sarı su» demək olduğunu iddia edirlər. «Zərd – Zərdo» tərəkəməlilər arasında acı su mənasında da işlənilir. İsti qatığı kəsərkən onun üzünə sarı su çıxır ki, buna da «zərdo» deyirlər. Bu fikirlə razılaşmaq çətindir. Əvvala, adamlar özləri də «xəstəlik yayn su», «acı su» adlandırdıqları ərazidə nə üçün daimi məskən salmalı idilər. Axı, məskunlaşmaq üçün daha münasib ərazilər var idi.

«Azərbaycan Milli Elmlər akademiyasının Nəsimi adına dilçilik institunun Bakıda «Şərq-Qərb» nəşriyyatının 2006-cı ildə nəşr etdirdiyi «Azərbaycan Dilinin izahlı lüğətinin» 4-cü cildində «Zərdab» sözünün mənası üç variantda verilir:

1. Süd çürüdükdə, qatıq qaldıqda hasil olan sarı, quru, turştəhər məhsul, su.

2.Laxtalanmış qan və limfanın duru çöküntüsü (təbabətdə dərman və diaqnostik vasitə kimi istifadə olunur). Difteriyaya qarşı zərdab-qanın maye zərdab hissəsində qida maddələri olur ki, bu maddələr qana həzm üzvlərindən keçir və bütün bədənə yayılır.

3.Yaradan çıxan çirkli və irinli su.

Farsdilində «zər – qızıl, «ab» – su mənasını verir. Məlumdur ki, Kür çayı daşarkən özü ilə sarı qum gətirirdi (Mingəçevir su anbarı tikiləndən sonra bu cür daşqınlar olmur) ki, o vaxt həm suyun özünün rəngi sarıya çalırdı, həm də sel suları çəkildikdən sonra əkin üçün çox münbit, əkinçilərin dili ilə desək «qızıl kimi torpaq» yaranırdı. Buna görə də bu torpaqlara «qızıl torpaq» deyilə bilərdi. Bu sətrlərin müəllifinin yaddaşında hansısa həvəskar şairin Zərdab haqqında yazdığı şeirdən iki misra qalıb:

«Zər – qızıl deməkdir, ab isə sudur,

Torpağının ətri gül qoxusudur».

«Zərdab» sözü zaman-zaman dəyişikliyə uğramış «zərd» və «ab» sözlərinin birləşməsinin ifadəsi ola bilməzmi?!

«Zərdab» sözünün mənası haqqında N. Zeydlisin «Bakı quberniyası» kitabındakı izahat da diqqəti cəlb edir. Müəllif yazır ki, ilk vaxtlar «Zərdab» sözü soyuq su mənasında işlədilmişdir. Həmin kitabda qeyd olunur ki, yer adlarının izahında müəllifə M. F. Axundov kömək etmişdir.

Bu mülahizələrin həqiqətə hansı daha yaxındır? Nəticə çıxarmağı hörmətli oxucuların və mütəxəssislərin ixtiyarına buraxırıq…

Müəllif: Mirağa Bağırov

1 comment

  1. zerdab, sari sulu torpaq demekdir.evveller bu eraziden kicik sari cay axirmis/

Comments are closed.