Dünyaya gəlməyə hazırlaşan bir uşaq var idi. Bir gün o Allahdan (c.c.) soruşdu:
– Allahım, məni sabah dünyaya göndərəcəyini dedilər, ancaq mən çox zəif və gücsüzəm. Orada necə yaşayacağam?
Allah ona bu cavabı verdi:
– Mələklərim arasından sənə bir mələk seçdim. O səni qoruyacaq.
– Ancaq mən burada gözəl-gözəl mahnılar oxuyuram, sevinirəm, gülürəm. Mən burada daha xoşbəxtəm…
– Mələyin də hər gün sənə gözəl mahnılar oxuyacaq, üzündən gülüş əskik olmayacaq. Sən də o mələyin sevgisini hiss edəcək və xoşbəxt olacaqsan…
Uşağın gözləri sevincdən parladı:
– Bəs insanlar məninlə danışanda onları necə başa düşəcəyəm? Mən ki, onların dilini bilmirəm…
– Qorxma – dedi Allah (c.c.) – O mələk sənə dünyanın ən gözəl, ən şirin sözlərini deyəcək, sənə danışmağı öyrədəcək…
Uşaq öz mələyi ilə görüşməyə tələssə də, Rəbbindən ayrılmaq istəmirdi. Ona görə də:
– Allahım, bəs mən səninlə danışmaq istəsəm, nə edəcəyəm? – deyə soruşdu.
– Mələyin sənə Mənə dua etməyi də öyrədəcək…
Körpənin gözlərində bu dəfə qorxulu bir ifadə hiss olundu:
– Eşitdim ki, dünyada pis adamlar var, bəs məni onlardan kim qoruyacaq?
– Mələyin öz həyatı bahasına da olsa, səni o adamların əlinə düşməyə qoymayacaq.
Körpə yenə də kədərləndi:
– Ancaq mən Səni bir daha görməyəcəyəm…
O (c.c.), körpəyə təskinlik verməyə çalışdı:
– Mələyin sənə həmişə Məndən danışacaq. Bir də sən Məni görə bilməsən də, Mən həmişə sənin yanında olacağam…
Bir azdan ətrafa dərin bir səssizlik çökdü və hər tərəfdə dünyanın səsləri eşidilməyə başladı. Hiss etdi ki, artıq getmək vaxtıdır. Və tələsik bir sual da verdi:
– Allahım, artıq gedirəm, heç olmasa, mənə o mələyin adını de!
– Mələyin adı o qədər də vacib deyil – dedi Allah – Ancaq sən onu “ana” deyə çağıracaqsan…








