Hər il yanvar ayının 20-si Azərbaycan xalqı tərəfindən hüzn və kədərlə, həm də azadlıq mübarizəsinin şərəf və qürur zirvəsi kimi yad edilir. Bu faciə haqqında hər il yazılıb və hələ çox yazılacaq. Bizim də məqsədimiz bu qanlı faciə ərəfəsində o günlərə bir daha qayıtmaq və başımıza gətirilənləri analiz etmək, ondan ibrət götürmək, səhvlərimizdən nəticə çıxarmaqdır.
Faciəyə aparan yol
Ötən əsrin 80-cı illərində SSRİ-də baş verən hakimiyyət dəyişikliyi nəticəsində Qorbaçov SSRİ-ni idarə etməyə başladı. Bununla da SSRİ-ni silkələyən və ittifaq respublikalarında qanlı qırğınların, o cümlədən Azərbaycanda 20 Yanvar faciəsinin əsası qoyuldu. Buna da səbəb Qorbaçovun ətrafına erməni mafiyasını yığması, onların diktəsi ilə hərəkət etməsi oldu. 1987-ci il noyabr ayının 18-də Mixail Qorbaçovla akademik A. Aqanbekyan arasında Kremldə 3 saata yaxın davam edən görüş keçirildi. Görüşdə Aqanbekyan Qorbaçovu Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsinin zəruriliyinə razı sala bildi. Amma Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi üçün əsaslı zəmin lazım idi. Bunu nəzərə alaraq, Qorbaçovun qeyri-rəsmi razılığı əsasında 1988-ci il fevral ayının 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin plenumunda “Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə daxil edilməsi” barədə qərar qəbul edildi. Bunun ardınca Ermənistandakı azərbaycanlıların doğma dədə-baba yurdlarından deportasiyası başladı. Bütün bunlar isə Azərbaycanda geniş əks-səda verdi. Bunu görən ermənilər öz iddialarına haqq qazandırmaq üçün Sumqayıt qırğınını hazırladılar. Onlar Sumqayıtda 5-10 nəfər ermənini qurban verməklə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün əsaslı bəhanə əldə edəcəklərinə əmin idilər. Amma onların bu planı da baş tutmadı. Bununla belə, Qorbaçov və onun ətrafındakı erməni mafiyası Dağlıq Qarabağ ətrafındakı oyunları davam etdirdilər. Bu baxımdan1988-ci ilin mart ayında Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi xüsusi qərar vilayətin Azərbaycandan alınaraq Ermənistana verilməsi yolunda atılan növbəti addım oldu.
Bununla belə, hadisələrin Moskvanın arzuladığı istiqamətdə getməməsi və Azərbaycan xalqının öz torpaqlarının müdafiəsi uğrunda ayağa qalxması Qorbaçova və erməni mafiyasına Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi planlarını həyata keçirməyə imkan vermədi. Nəticədə onlar Dağlıq Qarabağın Emənistana birləşdirilməsi üçün başqa yollar axtarmağa məcbur oldular. Bu müstəvidə də 1989-cu il yanvar ayının 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən muxtar vilayətdə xüsusi idarə formasının tətbiq edilməsi haqqında verilən fərman Dağlıq Qarabağın Azərbaycanın tabeliyindən çıxarılması üçün baş vurulan növbəti cəhdlərdən biri oldu. Bu məqsədlə də Dağlıq Qarabağda ermənilərin öz adamı hesab edilən Arkadi Volski Xüsusi İdarə Komitəsinin rəhbəri təyin edildi. Lakin hadisələrin gedişi göstərdi ki, Moskva Dağlıq Qarabağda xüsusi idarəetmə komitəsi yaratmaqla belə, bu ərazinin Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsinə nail ola bilməyəcək. Ona görə də Ermənistan SSR Ali Soveti 1989-cu il dekabr ayının 9-da “Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqda” qərar qəbul etdi. Bu da, öz növbəsində, Azərbaycanda vəziyyətin daha da gərginləşməsinə gətirib çıxardı. Belə bir vəziyyətdə 1990-cı il yanvar ayının 10-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycanı sakitləşdirmək məqsədi ilə rəsmi şəkildə bildirdi ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana verilməsi mümkün deyil.
DTK təxribatı
Azərbaycan xalq hərəkatını parçalamaq, onun rəhbərlərini xalqın gözündən salmaq və bu çərçivədə də Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə nail olmaq məqsədi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin göstərişi ilə 1989-cu il oktyabrın 7-də Azərbaycan SSR DTK-sının 12 zabitindən ibarət “Böhran qrupu” yaradıldı. “Böhran qrupu”na rəhbərlik 5-ci şöbənin rəisi Vladimir Mirzəyevə tapşırıldı. Qrupun vəzifəsi xalq hərəkatına rəhbərlik edənlər arasında nifaq, fitnə-fəsad toxumları səpmək, azərbaycanlı-erməni qarşıdurmasını daha da körükləmək idi. 1990-cı il yanvar ayının 13-14-də Bakıda erməni qırğınlarını da məhz bu qrup təşkil etdi. Məqsəd bu yolla Moskvanın Azərbaycana qoşun yeritməsinə və bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə zəmin hazırlamaq idi. Məhz “Böhran qrupu” tərəfindən Bakıda təşkil edilən erməni qırğını Moskvanın Bakıya qoşun yeritməsinə zəmin hazırladı. Halbuki həmin dövrdə SSRİ daxili qoşunlarının Bakıda erməni qırğınlarının qarşısını ala bilməsi üçün kifayət qədər qüvvəsi var idi. Sonralar “Böhran qrupu”na dair istintaq materialları göstərdi ki, “Böhran qrupu” fitnə-fəsadlar, mənzillərin yandırılması, qətllərlə məşğul olub.
Qırğın
Bakıda DTK tərəfindən törədilən erməni qırğınlarından sonra Qorbaçovun göstərişi ilə SSRİ MN, DİN və DTK-nın rəhbərləri Azərbaycana qarşı “Udar” (“Zərbə”) əməliyyatı hazırladılar. Bu əməliyyata rəhbərlik general Aleksandr Lebedə həvalə edildi. Bakıya hücum əməliyyatına cəlb edilən əsgərlər arasında Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan ermənilər də var idi. DTK-nın xüsusi təyinatlı “Alfa” və “A” diversiya qrupları da Bakıya hucum əməliyyatına cəlb edilmişdilər. Əsgərlər və zabitlərə bildirmişdilər ki, guya onlar Bakıya rusları müdafiə etmək üçün göndərilirlər. Azərbaycanı dünyadan təcrid etmək və baş verənlərdən beynəlxalq ictimaiyyətin xəbər tuta bilməməsi üçün SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı. Bununla da Azərbaycan informasiya blokadasına alındı. M.Qorbaçov 1990-cı il yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də, səhər saat 7-də respublika radiosu ilə çatdırıldı.
Bakıya hücum 5 istiqamətdən Binə-Qala, Salyan kazarması, “Qurd qapısı”, Sumqayıt-Nasosnı və Xəzər dənizi tərəfindən başladı. Şəhərə yeridilən tanklar və PDM-lər dinc əhalinin üzərinə atəş açır, heç kəsə aman vermirdilər. Nəticədə qısa müddətdə 137 nəfər öldürüldü, 700-dək dinc sakin yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Sonralar bu faciəni araşdıran “Şit” təşkilatı ekspertlərinin hesabatında deyilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y. Meyeroviçə 21, D. Xanməmmədova 10-dan çox, R. Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşlər, adamlar süngü-bıçaqla qətlə yetirilmişlər. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var. Atəş zamanı “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi”.
“Qorbaçov hərbi canidir”
Bakı qırğınında Qorbaçov birbaşa günahkar idi və özü də sonralar bunu etiraf etmişdi. Qorbaçov 1995-ci ildə Türkiyədə olarkən 20 Yanvar qırğını ilə bağlı suala verdiyi cavabında özünün günahkar olduğunu açıq şəkildə boynuna almışdı. Amma Qərbdə belə bir cəllada Nobel mükafatı vermişdilər. 20 Yanvar qırğınını, həmçinin sovet ordusunun Bakıda və Vilnüsdə dinc əhaliyə qarşı törətdiyi qırğınları araşdıran “Şit” hüquq-müdafiə təşkilatının eksperti Gennadi Melkov bir neçə il bundan əvvəl APA-ya verdiyi açıqlamasında “Mixail Qorbaçov hərbi canidir. Onun yeri bu saat rəhbəri olduğu fond deyil, həbsxanadır. O, SSRİ-nin ilk və son prezidenti kimi öz xalqının qanına bais olmuş bir şəxsdir”,-demişdi. G. Melkov qeyd edib ki, Yazov və Primakovu da bu məsələdə günahkar hesab etmək olar, ancaq əsas günahkar Qorbaçovdur.
20 Yanvar faciəsinə səbəb olan amillər
Baş verən faciədə azərbaycanlıların islam dininə sitayiş etmələri də müəyyən rol oynadı.
Belə ki, hələ ötən əsrin 80-ci illərindən başlayaraq, Belyayev kimi başabəla islamşünaslar SSRİ mətbuatında islam təhlükəsi barədə hay-küy qaldırmışdılar. Qorbaçov isə Bakı qırğınındən bir neçə saat əvvəl bəyanat verərək bildirmişdi ki, guya Azərbaycanda islam dövləti yaradılmasına cəhd edilir. Faciəyə gətirib çıxaran digər amil isə I Pyotr dövründən başlayaraq, Qafqazda Ermənistan dövlətinin yaradılması cəhdi ilə bağlı idi. Azərbaycan Rusiya tərəfindən işğal ediləndən sonra torpaqlarımıza ermənilər köçürüldülər və bununla da faciələrimizə gedən yolun əsası qoyuldu. 1918-ci ildə Azərbaycan əraziləri hesabına Ermənistan dövləti yaradıldı. SSRİ dövründə də Azərbaycana qarşı düşmənçilik siyasəti davam etdirildi. Nəticədə imperiya dağılandan sonra SSRİ-nin varisi olan Rusiyanın yardımı ilə Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfindən işğal edildi. Faciəyə başqa bir səbəb isə ermənilərin Türkiyə təhlükəsi adı altında Moskvanı qorxutması idi. Məsələn, cəllad Zori Balayan Rusiya rəsmiləri qarşısındakı çıxışlarından birində demişdi ki, Türkiyə Azərbaycanın dəstəyindən istifadə edərək, Rusiyanın cənubunu ələ keçirmək istəyir.
1990-cı ilin yanvar faciəsini doğuran bir səbəb də Azərbaycanda xalq ilə hakimiyyət arasında olan ziddiyyət idi. Azərbaycan rəhbərliyi Ermənistanın işğalçılıq iddialarının qarşısını almaq üçün öz haqqını tələb edən xalqla birgə hərəkət etmədi. Bir sözlə, Azərbaycanı idarə edənlərin öz xalqına arxa çevirmələri 20 yanvar faciəsinin baş verməsində heç də az rol oynamadı. Bununla belə, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
Qərb 20 Yanvarda bu vəhşəti dəstəklədi
20 Yanvar faciəsindən ibrət götürəcəyimiz bir önəmli məsələ də var. Bu da Qərbin Rusiya ilə birlikdə əsrlər boyu erməniləri dəstəkləməsi və bu siyasətindən heç vaxt ələ çəkməyəcəyini hazırda da nümayiş etdirməsidir. Belə ki, 20 Yanvar faciəsinə münasibətdə Qərb birmənalı şəkildə bu vəhşəti dəstəklədi. Məsələn, ABŞ Dövlət Departamentinin rəsmisi Marqaret Tatuayler 20 Yanvar qırğınından sonra ölkəsi adından bəyanat verərək bildirmişdi ki, Vaşinqton bu məsələdə M. Qorbaçovu dəstəkləyir. ABŞ-ın müttəfiqi İngiltərə də rəsmi bəyanat verərək, Bakı qırğınının SSRİ-nin daxili işi olduğunu bəyan etmişdi. Həmin dövrdə İtaliya xarici işlər naziri D. Mikels də 20 Yanvar qırğınını SSRİ-nin daxili işi hesab etdiyini rəsmi şəkildə bəyan etmişdi. Yalnız Türkiyə həmin ağır günlərdə Azərbaycanın yanında olduğunu nümayiş etdirdi.
Bu yazı “Zaman-Azərbaycan” qəzetində çap olunub.









Allah biz nesle imkan versin ki, Veten ve shehidlerin ruhu qarshisinda olan borcumuzu yerine yetirek!!!Bu yuku gelecek nesillerin ciynine qoymayaq!!!Allah butun shehidlerimize rehmet elesin!!!
Comments are closed.