Fərqanə Misgərqızı: “Məndən kədər, qəm yarıdı…”

0
72

FƏRQANƏ MİSGƏRQIZIFərqanə Misgərqızı Zərdab şəhərindəki 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Oxucularımız Fərqanə xanımı rayonumuzdakı “Poeziya klubu”ndan və “Əkinçi” qəzetində dərc olunan şeirlərindən yaxşı tanıyırlar. Bu günlərdə isə onun “Könlüm haraylar səni” şeirlər kitabı çapdan çıxmışdır.

Əslində Fərqanə Misgərqızının ilk şeirlər kitabı azı 15-20 il qabaq çıxmalı idi, amma müxtəlif səbəblərdən onun ilk kitabı nəhayət ki, bu il Bakıdakı “Vektor” nəşrlər evi tərəfindən  çap olunmuşdur.

Kitabda şairənin müxtəlif illərdə yazdığı və oxucuların ürəyinə asanca yol tapan şeirləri toplanmışdır. Vasif Süleymanın kitaba yazdığı ön sözdə deyildiyi kimi, Fərqanə özünü şair ola bilməməkdə qınasa da, o əsl şairədir:

Bir kiçik komanın tiri olmuşam,

Üç körpə balanın piri olmuşam,

Kimsə əzəmməyib, diri olmuşam,

Ana ola bildim, şair olmadım…

Bu istedadlı xanımın hər bir şeiri onun qəlbinin dərinliklərindən gələn hiss və duyğuların poetik təqdimatıdır. Fərqanə hərdən gileylənsə də:

Anadangəlmədi bəxt də, naxış da,

Mənə əvvəlindən yazı olmayıb,

Qoy ölüm, siz Allah, elə bilin ki,

Atamın mən adda qızı olmayıb…

desə də, şeirlərindən də görünür ki, o adi xoş bir olaydan dünyalar qədər sevinən, adi bir yersiz söz və ya hərəkətdən qədərsiz kədərlənən həssas qəbli bir şairədir.

Aşıq, mənə gəlin demə,

Arzularım qız qarıdı,

Mən heç nədən yarımadım,

Məndən kədər, qəm yarıdı…

Və yaxud:

Qurban olum, sarıköynək,

Bəsdi, azca tala məni,

Könlüm əsir bahar vaxtı,

Salma haldan-hala məni…

Təbii ki, adi bir qəzet məqaləsində istedadlı bir şairin bütöv bir kitabı haqqında tam təsəvvür yaratmaq asan deyil. Elə bu səbəbdən də oxucularımıza Fərqanə Misgərqızının kitabından bir neçə şeirini təqdim etməyi daha məqsədəuyğun bilirik.

Günel İSAMƏDDİNQIZI,

“Əkinçi”nin əməkdaşı.

 

FƏRQANƏ MİSGƏRQIZI

NƏ QALDI?

Bu sevda da xəyal imiş, ötüşür,

Həsrət gözüm yollarında süst düşür,

Bəxtimizə sevinc düşür, qəm düşür,

Mənə qəm qalıbdı, sənə nə qaldı?

***

Saçlarıma bu iz salan nə dəndi?

Dünən olan bu gün yoxdu, nədəndi?

Tale özü bölüşdürüb,– nə təndi?

Mənə həsrət düşüb, sənə nə qaldı?

***

Kim deyir ki, bu düz-dünya mənimdir,

Günüm var ki, illərimə qənimdir,

Yazan qismətimdir, pozan əlimdir,

Bu qismət bəxtindən küsənə qaldı…

***

NECƏ DEYİM?

Necəsən, soruşmuram,

Bir ömürə yük olan

qəmindən xəbərim var!

Qərib gecələrinə çilənən

yağış kimi–

bilirəm göz yaşındı,

Kövrək misralarıyla

qəminə ortaq olan

tələbə yoldaşındı.

Necəsən, soruşmuram…

Ürək dərdin içində

bilirəm necə olur!

Gecən yadından çıxır,

gündüzün gecə olur.

Bilmirəm nə soruşum,

necə deyim, — necəsən?

Bilirəm, ömür ki var,

bir ucu ayrılıqdı,

Qalan birtəhər dözür,

Vallah, gedən yazıqdı…

Bilmirəm, nə soruşum,

necə deyim,– necəsən?…

 

BİR VAXT OLACAQ Kİ…

Bir vaxt olacaq ki, mən olmayacam,

Dağların başında qar həmən-həmən,

Ay da nur saçacaq göyün üzündən,

Ətrini yayacaq gül çəmən-çəmən,

Nəyi əskiləcək dünyanın, gülüm?!

***

Bir ümid köçünü yollardan yığıb,

Bir yorğun həsrətin ömrü bitəcək,

Ruhum bir yaralı bülbülə dönüb,

Sənin eyvanına qonub ötəcək,

Nəyi əskiləcək dünyanın, gülüm?!

***

Bir vaxt olacaq ki, mən olmayacam,

Varlığım, yoxluğum bilinməyəcək,

Silinib gedəcək ayaq izlərim,

Xatirəm qəlbindən silinməyəcək,

Nəyi artacaq ki, dünyanın, — bilim,

Nəyi əskiləcək dünyanın, gülüm?!