“Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir”

0
153

001--prezident-nk-2013-birinci-rub-iclasAprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlətimizin başçısı iclasda nitq söyləmişdir. Zerdab.com saytı Prezidentin çıxışından bəzi hissələri təqdim edir:

“Mən sosial infrastruktur layihələrini qeyd etmək istəyirəm, – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikilir. Sosial infrastrukturun yaradılması, yeniləşməsi prosesi bu il və gələn illərdə də davam edəcəkdir. Ünvanlı sosial yardım alan vətəndaşlar da dövlət tərəfindən qayğı ilə əhatə olunur. 123 min ailə dövlətdən bu yardımı alır və hər bir ailə orta hesabla dövlətdən 117 manat müavinət alır. Əlbəttə, mən çox istərdim ki, ünvanlı sosial yardıma ehtiyacı olan ailələrin sayı kəskin şəkildə azalsın. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramlar, əminəm ki, yaxın zamanlarda bu kateqoriyadan olan insanların da yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. Ancaq hələ ki, dövlət dəstəyinə ehtiyacı olan ailələr var və biz onların qayğıları ilə məşğuluq. Çalışacağıq ki, bundan sonra da dövlət tərəfindən onlara verilən maddi yardımı artıraq.
Bu il maaşlar və pensiyalar artırılacaqdır. Hesab edirəm ki, sosialyönümlü siyasətimizin nəticələri çox müsbət olacaqdır.

Bu il sosial proqramların icrası davam etdiriləcəkdir. Bu barədə mən giriş sözümdə artıq fikirlərimi bildirdim. Maaşların, pensiyaların artırılması, ünvanlı sosial proqramın icra edilməsi, sosial infrastrukturun yaradılması. Bütün bölgələrdə xəstəxanalar, məktəblər, digər sosial obyektlər tikilir və bu iş davam etdiriləcəkdir.

Bununla bərabər, öz həllini gözləyən məsələlər də vardır. Bəzi istiqamətlər üzrə işlər daha da təkmilləşdirilməlidir. Hesab edirəm ki, bəzi istiqamətlər üzrə əsaslı islahatlar aparılmalıdır. Biz sağlam rəqabət mühitinin tam formalaşdırılmasına nail olmalıyıq. Bu istiqamətdə böyük işlər görülmüşdür. Ancaq deyə bilmərəm ki, Azərbaycanda sağlam rəqabət tam şəkildə təmin edilibdir. Qeyri-neft sektorumuzda 11,4 faiz səviyyəsində artım əslində biznes mühitinin yaxşı olduğunu göstərir. Ancaq bununla bərabər, əgər biz sağlam rəqabəti tam şəkildə təmin edə bilsək, inhisarçılığa qarşı daha da ciddi addımlar ata bilsək, əminəm ki, göstəricilərimiz daha da böyük olacaqdır. Biz rəqabət qabiliyyətli məhsulların istehsalını artırmalıyıq. Həm ixracı artırmaq, eyni zamanda, daxili bazarı da rəqabət qabiliyyətli məhsullarla təmin etmək üçün.

İlk növbədə, biz daxili bazarı rəqabət qabiliyyətli məhsullarla təmin etməliyik ki, Azərbaycan vətəndaşları ölkədə istehsal olunan ən yüksək keyfiyyətli məhsullarla təmin edilsinlər. Eyni zamanda, bunu mən sahibkarlarla fevral ayında keçirdiyim görüşdə demişəm, bu gün də demək istəyirəm ki, bu qədər sürətlə artan iqtisadiyyatımız və qeyri-neft sektorumuz əlbəttə, bizə xarici bazarlara çıxışı təmin etməyi diktə edir. Yəni, əgər biz xarici bazarlarda kifayət qədər böyük mövqelərə nail olmasaq, bu mövqeləri əldə etməsək, daxili bazarı təmin edəndən sonra bizdə müəyyən problemlər yarana bilər. Çünki kənd təsərrüfatının, emal sənayesinin inkişafı artıq elə sürətlə gedir ki, istehsal edilən məhsulların həcmi artacaq və əgər məhsullar rəqabətə dözə bilməsə, xarici bazarlara çıxmaq ildən-ilə daha da çətin olacaqdır. Ona görə, rəqabət qabiliyyətli məhsulların istehsalının artırılması hesab edirəm ki, ən vacib prioritetlərdən biri olmalıdır. Bu istiqamətdə işlər görülür və sahibkarlara verilən layihələr ekspertizadan keçirilir. Hesab edirəm ki, dövlət və hökumət tərəfindən sahibkarlara verilən tövsiyələr rəqabət qabiliyyətli məhsulların istehsalına təkan verəcəkdir.

Hesab edirəm ki, iqtisadiyyat üçün vacib olan məsələlərdən biri də kadr hazırlığıdır. Biz bunu görürük. Görürük ki, bəzi hallarda müasir texnologiyalar gətirilir, ancaq kadr potensialı hələ ki, bir qədər geridə qalır. Ona görə biz müasir peşəkar kadrların hazırlanmasına daha da ciddi fikir verməliyik. Bu hazırlıq əlbəttə ki, iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşdırılmalıdır. Biz daha çox sürətlə inkişaf edən iqtisadi sahələr üzrə kadr hazırlığına fikir verməliyik. Ancaq, eyni zamanda, bütövlükdə kadr hazırlığı məsələsi hesab edirəm ki, xüsusi diqqət tələb edir. Bu məsələ, eyni zamanda, gənclərin bu işlərə cəlb edilməsi ilə bağlıdır. Gənc kadrların qabağa çəkilməsi daha da sürətlə getməlidir və ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycanda gənclər siyasəti uğurla aparılır, Azərbaycan gəncliyi Dövlət Proqramı icra edilir. Gəncləri işlə təmin etmək üçün onların təhsilini yüksək səviyyədə təşkil etmək üzrə işlər gedir.

Gənc ailələrin həyatda rastlaşdığı ən böyük problem mənzil problemidir. Hesab edirəm ki, ipoteka kreditləşmə mexanizmləri təkmilləşdirilməlidir, yenidən baxmaq lazımdır. Düzdür, bu istiqamətdə indi müəyyən islahatlar aparılır. Ancaq hesab edirəm ki, hələ çox işlər görülməlidir və ipotekaya ayrılan məbləğ artırılmalıdır. Baxmaq lazımdır, əgər büdcədə imkan olarsa bu il, olmasa gələn ildən ipotekaya ayrılan kreditlər artırılmalıdır ki, gənclərin mənzil problemi daha da sürətlə təmin edilsin.

Dünyada indi resurslar uğrunda mübarizə gedir: enerji, su resursları uğrunda. İndi ərzaq məhsullarının, deməli, istehsalı ilə bağlı qeyri-müəyyən bir mənzərə yaranmışdır. Ona görə hesab edirəm, hər bir ölkə çalışmalıdır ki, özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin, xüsusilə Azərbaycan kimi gözəl coğrafi imkanlara malik olan bir ölkə. Elə ölkələr var ki, orada ümumiyyətlə, heyvandarlıqdan, bitkiçilikdən söhbət gedə bilməz. Səhra tipli torpaqlardır. Ancaq xoşbəxtlikdən bizdə belə deyil və Azərbaycanda müxtəlif ərzaq məhsullarını istehsal etmək mümkündür. Doqquz iqlim qurşağımız və güclü maliyyə imkanlarımız vardır. Ona görə biz ərzaq təhlükəsizliyini yüz faiz təmin etməliyik. Bu, o demək deyil ki, biz inteqrasiya proseslərinə, yaxud da ki, indi dünya inteqrasiya proseslərinə qoşulmuruq. Biz qoşuluruq. Əlbəttə ki, biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri üzərində qurmuşuq. Ancaq onu da xatırlayırıq ki, taxılla bəzi ixracçı ölkələrdə yaranmış müəyyən çətinliklər istər-istəməz bizə də mənfi təsir göstərmişdir. Əvvəlki illərdə bağlanmış kontraktlara xitam verildi, onlar icra edilmədi və biz vəziyyətdən çıxış yolunu axtarmağa məcbur idik. Ona görə özümüzü tam əmin və sığortalı hiss etmək üçün biz əsas ərzaq məhsulları ilə özümüzü təmin etməliyik. Əlbəttə ki, meliorasiya, irriqasiya sistemlərinin qurulması prosesi getməlidir.
Aqrar sahə ilə bağlı, hesab edirəm ki, biz aqraryönümlü orta peşə təhsili müəssisələrinin yaradılmasına da başlamalıyıq. Sovet dövründə belə praktika var idi. Mən hesab edirəm ki, biz bunu bərpa etməliyik və ümumiyyətlə, orta peşə təhsili müəssisələrinin yaradılması və keyfiyyətcə yeni mərhələyə keçməsi məsələləri ön plandadır.
Çünki yenə də qayıdıram kadr hazırlığı məsələlərinə və görürük ki, Azərbaycanda bütün istiqamətlər üzrə işlər çox sürətlə gedir, sənaye, kənd təsərrüfatı istehsalı, xidmət sektorumuz artır. İndi bu qədər xidmət mərkəzləri yaradılır. Turizmin inkişafı sürətlə gedir və biz kadr çatışmazlığı ilə üzləşirik və gələcəkdə daha da çox üzləşə bilərik. Ona görə bütün bu məsələləri aidiyyəti dövlət qurumları, nazirliklər gərək birgə müzakirə etsinlər, uzlaşdırsınlar.
Bizim iqtisadi inkişafla bağlı çox dəqiq, konkret proqramımız vardır. Proqram üzrə gedirik, bir çox hallarda bu proqramı qabaqlayırıq. Ancaq konseptual baxımdan bütün nazirliklər, dövlət qurumlarının rəhbərləri bu işin içindədirlər, bilirlər ki, bizi nələr gözləyir. Ona görə biz nazirliklər arasında da bu məsələləri uzlaşdırmalıyıq.

Azərbaycan inkişaf etmiş ölkələrin sırasında olmalıdır. Ona görə biz müsbət təcrübəni öyrənirik, Azərbaycanda istənilən sahədə tətbiq edirik. Bu, təbii, normal prosesdir. Hesab edirəm ki, biz nağdsız ödəmələrin səviyyəsini, həcmini artıra, eyni zamanda, vergilərin yığımında daha da böyük uğurlara nail ola, xoşagəlməz halların qarşısını daha da sürətlə ala bilərik. Yəni bu, dünyada, inkişaf etmiş ölkələrdə oturuşmuş bir yanaşmadır. Biz də bunu daha da sürətlə tətbiq etməliyik.

Ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə çox sürətlə aparılır. Bu mübarizə hərtərəfli şəkildə aparılır. Korrupsiya və rüşvətxorluq cəmiyyət üçün ən böyük problemlərdən biridir, ən böyük yaramızdır. Biz inkişaf etmiş ölkələrin bu sahədə də təcrübəsini nəinki öyrənməliyik, eyni zamanda, tətbiq etməliyik. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm, bir daha demək istəyirəm ki, yalnız cəza tədbirləri, inzibati tədbirlər bizim istədiyimizə nail olmaq üçün kifayət etməz. Əlbəttə ki, cəza tədbirləri də olmalıdır, hüquq mühafizə orqanları da bu istiqamətdə öz fəaliyyətini davam etdirməlidir. İnzibati tədbirlər də görülür və görüləcəkdir.
Ancaq institusional tədbirlərin genişlənməsi, tətbiqi, sistem xarakterli islahatların aparılması və davam etdirilməsi, hesab edirəm ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da yaxşı imkan yaradacaqdır. Biz korrupsiya, rüşvətxorluq üçün mövcud olan meydanı maksimum dərəcədə daraltmalıyıq. “Elektron xidmət”, “Elektron hökumət” layihələri bu istiqamətdə atılan çox önəmli addımlardır.
Məmur-vətəndaş ünsiyyəti bu istiqamətdə minimuma endirilməlidir. Yenə də inkişaf etmiş ölkələrin təcrübəsini biz maksimum dərəcədə tətbiq etməliyik. Buna görə də Azərbaycanda İKT sektorunun inkişafına daha da böyük diqqət göstərilməlidir və göstəriləcəkdir.
Son aylar ərzində bu istiqamətdə çox ciddi addımlar atılmışdır. Onların içində “ASAN xidmət”inin fəaliyyətini mən qeyd etmək istəyirəm. Bu xidmət öz fəaliyyətini genişləndirir. Artıq minlərlə vətəndaş “ASAN xidmət”ə müraciət etmişdir. Biz “ASAN xidmət”in fəaliyyətini genişləndiririk. Hesab edirəm ki, bu ilin yayına qədər Bakının bütün rayonları əhatə ediləcəkdir. Eyni zamanda, böyük şəhərlər – Sumqayıt, Gəncə şəhərləri əhatə ediləcəkdir. Gələn il hesab edirəm ki, bütün başqa bölgələrdə xidmət yaranmalıdır. O vaxta qədər mobil avtobuslarla bu xidmət göstəriləcəkdir. Artıq avtobuslar alınıbdır. Yaxın həftələrdə Azərbaycanda olacaqdır. Bu avtobuslar vasitəsilə müxtəlif bölgələrdə bu xidmət öz fəaliyyətinə başlayacaqdır.
Bir sözlə, institusional islahatlar, elektron hökumət, şəffaflıq və əlbəttə ki, güclü siyasi iradə olmalıdır. Bu güclü siyasi iradə vardır. Biz, əgər inkişaf etmiş ölkəyə çevrilmək istəyiriksə, korrupsiyaya, rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparmalıyıq. Əminəm ki, biz bu mübarizədə qalib gələcəyik.
Bununla bərabər, dövlət məmurlarının məsuliyyəti də artmalıdır. Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir.
Cəmiyyətdə sosial ədalət prinsipləri tam şəkildə tətbiq edilməlidir. Bunu bizim Əsas Qanunumuz – Konstitusiya tələb edir və ümumi normal davranış elə olmalıdır ki, sosial ədalət prinsipləri pozulmasın. Çünki deyə bilərəm ki, insanları narahat edən ən böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla barışırlar. Əgər qərar ədalətsizdirsə, əgər belə demək mümkündürsə, bundan böyük ədalətsizlik ola bilməz.

Regional inkişaf proqramına gəldikdə, bu istiqamətdə işlər plan üzrə gedir. Bu ilin sonuna qədər ikinci Dövlət Proqramı yekunlaşdırılacaqdır. Əlbəttə ki, burada infrastruktur layihələri əsas üstünlük təşkil edir. Bu layihələrdə heç bir problem yoxdur.

Eyni zamanda, qeyd etmək istəyirəm ki, bizim ikinci regional inkişaf proqramımız bu ilin sonunda başa çatır. Çox iş görülübdür. Amma görüləcək işlər çoxdur. Ona görə hesab edirəm ki, üçüncü dövlət proqramının hazırlanması ilə bağlı biz daha da fəal işləməliyik. İlin sonuna qədər üçüncü dövlət beşillik proqramı hazır olmalıdır ki, 2014-cü ilin əvvəlində biz onu da qəbul edək və beləliklə, ölkəmizin uğurlu inkişafını təmin edək”.