Allah-Təala xeyirli yorulmaq nəsib buyursun hər birimizə

0
27

Zerdab_GülMənim yaşımdan xeyli əvvəl kəndimizdə Xanalı adlı bir kişi olub və o kişi namazda səcdə halında ikən dünyasını dəyişib.

Üzünü görmədiyim o kişi haqqında düşünəndə ağlıma gələn ilk fikir bu olur ki, inşallah Xanalı kişi qiyamətdə “Allahu Əkbər” deyib səcdədən qalxacaq və namazına davam eləmək istəyəndə deyəcəklər ki, dayan. Yəni ötən bu yüz il və ya illər Xanalı kişi üçün bir səcdə anı qədər qısa olacaq. Məlumdur ki, Allah istədiyi bəndəsi üçün zamanı qısaldır, istədiyi üçün uzadır.

İyirmi ildən bəri həsrətini yaşadığım kəndimiz haqqında düşünəndə nədənsə 40-45 il əvvəl gördüyüm motalpapaq kişilər tez-tez yadıma düşür. Halbuki, onlar mənim yaddaşımın lap o başında, başlanğıcında qalmış simalardırlar. Hamısının da əlində əsası, ya çəliyi, saqqallı, asta danışan, üzlərində də qəribə bir yorğunluq ifadəsi. Toplaşıb namaz qılardılar, süfrə başında uzun-uzun dərdləşər, sonra da dağılışardılar. İnanırsınızmı, onlardan sonra mənim kəndimizlə bağlı iyirmi beş-otuz illik xatırəm var, amma nədənsə hər şey dönüb dolanır, yaddaşımın o ilkinliyinə qayıdır. Hər dəfə də o kişilərin nurlu çöhrələrini xatırlayandan sonra ağlıma gələn fikir bu olur ki, dünya dincəlmək yeri deyil, yorulmaq yeridir, burda yorulanlar orda dincələcəklər, burda dincələnlər orda yorulacaqlar. Dünya həyatı yoldur, ya sən yolu gedirsən, ya yol səni aparır. Yolu gedənlər mənzil başına yorğun çatarlar, uzun hərbi xidmətdən dönürmüş kimi. Yolun apardıqları isə payızda budaqda qalan kal meyvə kimidir.

Əllini keçəndən sonra mənə elə gəlir ki, uşaqlığımdakı günlər indikindən daha uzun, daha günəşli idilər. Elə bil, insan qocalanda zaman daha tez keçir.

Bu söylədiklərimə inanmayanlar da olacaq, inananlar da. Amma Qurani-Kərimin bizə bildirdiyi Əshabi-Kəhf həqiqəti var. O adamlar üç yüz ildən artıq zamanı mağarada bir gecəlik yuxu kimi yatdılar. İbrahim Peyğəmbər (ə.s.) dağ boyda tonqalın içində gül bağçasında gəzirmiş kimi dolaşmadımı?! Yaxud da hər şeyi udan, üyüdən qara torpaq neçə-neçə şəhidin, Allah dostunun, Peyğəmbərinin mübarək vücudunu min il boyunca qoynunda təzətər saxlamadımı?! Dediyimiz odur ki, ağlımızın kəsmədiyi işlərə “ola bilməz” deməyək. Çünki bizim ağlımız məhdud, Allahın qüdrəti, hikməti isə sonsuzdur. İbrahim (ə.s.) Allahın (c.c.) olduğu kimi, od da Allahındır, Allah bircə dəfə “sərin ol” deyəndən sonra odun həddi nədir İbarahimi yandırsın?! Torpaq da eləcə, Allah bir dostunu əmanət edəndən sonra torpaq o dostu əridərmi, yeyərmi?! Əsla!

Əslində iman dediyin güc də öz ağlına deyil, Allahın və Peyğəmbərinin buyurduqlarına inanmaq, təslim olmaqdır. Yəni ağlımız bizi Quranın göstərdiyi istiqamətdə müəyyən məsafəyə qədər apara bilir, amma ağlın durduğu, işə yaramadığı yerdə isə ən ağıllı, ən doğru seçim Allahın və Peyğəmbərin bildirdiklərinə təslim olmaqdır.

Üzümüzə açılan hər gün önümüzə qoyulan ağ vərəq kimidir. Ora ağ yazan var, qara yazan var, elə-belə boş buraxan var… Adam var yaşamaqdan yorulur. Adam var haramdan, günahdan yorulur, amma ayrıla bilmir. Xeyirdə yorulmaq adamın ruhunu oxşayır, zövq verir.

Hər gün yerindən qalxandan axşam yatağa girənə qədər şeytan adlı bir düşmənlə əlbəyaxasan. Bu elə yarışdır ki, anlaşma, bərabərlik yoxdur, ya sən onu, ya o səni. Arxayın olduğun, rahatlandığın gün uduzduğun gündür. Hər gün, hər saat, hər an savaşacaqsan, hər günün sonunda ölüm yatağına girirmiş kimi yuxuya təslim olacaq, hər səhər yenidən doğulmuş kimi oyanacaqsan. Ariflər bu yorulmağa bişmək deyiblər, yetişmək deyiblər. Bişənlər, yetişənlər budağından öz xoşuna qopan meyvə kimi ayrılarlar dünyadan, ağrısız, fəryadsız. Meyvə yetişib süfrəyə gəldiyi kimi insan da yetişib torpağa girir.

Allah-Təala xeyirli yorulmaq nəsib buyursun hər birimizə, dəyərli oxucum. Əgər bu yazı da səni yordusa, haqqını halal elə!

Mənbə: ZAMAN. Əli Çərkəzoğlu, e.cerkezoglu@zaman.az