Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi – VİDEO

0
5005

Şahmat üzrə Avropa Çempionu olan qadın qrosmeysterimiz Ülviyyə Fətəliyevaya mahnı həsr edilib.

Zerdab.com saytı bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir.

Qeyd edək ki, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan musiqi “Euphonious Tribute” adlandırılıb və sosial mediada yerləşdirilib.

Yunanıstanın Rodos adasında təşkil edilən qadın şahmatçıların Avropa çempionatında Azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyeva qızıl medal qazanıb. 10 oyunda 8,5 xal toplayan Ülviyyə Avropa çempionu titulunu qazanan ilk Azərbaycan şahmatçısı kimi tarixə düşüb. Türkiyədə yaşayan jurnalist, həmyerlimiz Aynur İmranın Zerdab.com saytına bildirib ki, Ülviyyə Fətəliyeva əslən Zərdab rayonundandır. Ülviyyə Fətəliyevanı  birinci vitse-prezident Mehriban Əliyeva da təbrik edib. Təbrikdə deyilir: “Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm! Əməyinə və iradənə görə çox sağ ol! Səninlə fəxr edirəm! Azərbaycana Qələbələr yaraşır!”.

Zerdab.com saytı Ülviyyə Fətəliyeva ilə bağlı bəzi məlumatları dəqiqləşdirib. Bildirək ki, Ülviyyə Fətəliyeva Zərdab rayonunun İsaqbağı kəndindən olan və Gəncə şəhərində yaşayan Fasil Fətəliyevin qızıdır. Fətəliyev Hasil Kamaləddin oğlu Azərbaycan şərabçılığı tarixində ilk doktor və professordur. Hasil Fətəliyev 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti – ADAU) “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsinin “Üzümçülük və üzümün ilkin emalı” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirib və SSRİ Kənd Təsərrüfatı Nazirliyinin göndərişinə əsasən həmin institutda assistent vəzifəsinə təyin edilib. 1987-ci ildə həmin İnstitutda dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-cı ildə doktorluq dissertasiya işini müdafiə edərək texnika elmləri doktoru elmi dərəcəsi, sonra isə professor elmi adı alıb.
Professor Hasil Fətəliyevin əməyi yüksək qiymətləndirilib və o, təhsildə əldə etdiyi uğurlara görə Prezidentin 2010-cu il 18 may tarixli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Hasil müəllim doğma Zərdab rayonuna bağlı insandır. O, uzun illərdir ki, Gəncə şəhərində yaşasa da, qohum-əqraba, doğma kəndi ilə əlaqəsini kəsmir.
Hasil müəllimin qızı Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə Gəncədə anadan olub.
O, 2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub. 2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.
2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında gümüş medal qazanıb. Eyni ildə Azərbaycanın “Odlar Yurdu” komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
2022-ci ildə Çexiyanın paytaxtı Praqada keçirilən qadınların Avropa çempionatında bürünc medala layiq görülüb.
2024-cü ildə Yunanıstanda baş tutmuş Avropa çempionatında 8,5 xalla qalib olub. Beləliklə, Avropa çempionatında qızıl medal qazanmış ilk Azərbaycan qadın şahmatçısı kimi tarixə düşüb.