2024-cü ildə şəxsiyyəti müəyyən olunmuş I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının adları açıqlanıb.
Zerdab.com saytı xəbər verir ki, şəxsiyyəti müəyyən olunan itkinlər içərisində Zərdab rayon sakini də var. Onun meyitinin qalığı Tərtər şəhər Şəhidlər Xiyabanından aşkarlanıb.
Zerdab.com-un araşdırmasına görə, şəxsiyyəti müəyyənləşdirilən İsaqov Zakir Nüsrət oğludur. Z. İsaqov 19 noyabr 1958-ci ildə Zərdab rayonunun Təzəkənd kəndində dünyaya göz açıb. 1975-ci ildə orta məktəbi bitirib. O, müharibəyə yollananadək Qazaxıstanda yaşayırdı. Vətənin dar günündə Zakir İsaqov ölkəmizə qayıdıb, könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərə qatılıb.
Belə ki, orta məktəbi bitirdikdən sonra Ermənistan SSR-in Kirovakan şəhərində hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra Qazaxıstan Respublikasının Quryev şəhərində Politexnik Texnikumuna daxil olub və təhsilini davam etdirərək orada yaşayıb.
Daha sonra könüllü olaraq – 1992-ci il sentyabrın 14-də Tərtər batalyonunda xidmətə başlayıb. O, Tərtər batalyonunda qrantamyotçu idi. Demək olar, hədəf aldığı bütün texnikaları məhv edirdi.
Zakir İsaqov Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. O, 1992-ci il sentyabrın 24-də şəhid olub. Nəşi naməlum əsgər kimi Tərtər şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib ki, onun məzarından götürülmüş meyit qalığı ekshumasiya edilib və 2024-cü ildə şəxsiyyəti müəyyənləşdirilib.
Qeyd edək ki, şəhidin oğlu Ramiz İsaqov Zərdab rayonunun Təzəkənd kəndində yaşayır.
Allah rəhmət eləsin.
Zerdab.com