Vəzifə

0
48

ofisBir insan kimi vəzifə borcunu dərk edib, bütün ömrünü bu məsuliyyət duyğusu ilə yaşamağa çalışmaq əsl insan xarakterinin əsas əlamətlərindəndir. Uca Kitabımızda deyilir: “Biz insanı ən gözəl şəkildə yaratdıq! Sonra da onu qaytarıb rəzillərin rəzili edərik! Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları minnətsiz (saysız-hesabsız) mükafat gözləyir” (95/4,5,6).

Məsuliyyəti layiqincə daşımaq bütün dövrlərdə əhəmiyyət kəsb etmişdir. İngiltərənin keçmiş baş nazirlərindən biri olan Vinston Çörçil məsuliyyət duyğusuna belə qiymət vermişdi: “Böyüklüyün qiyməti məsuliyyətdir”.

Vəzifə dedikdə, biz həm hamımız tərəfindən daha aydın başa düşülən müəyyən mövqeyə, posta sahib olmağı və həm də yaradılış qayəsi olaraq insanlıq vəzifəmizi nəzərdə tuturuq. Dünya dolusu təcrübə göstərir ki, ikincisi mükəmməl olmadan birincisini layiqincə yerinə yetirmək mümkün olmur…

Onu görənlərin, haqqında eşidənlərin sayı getdikcə azalsa da, adı “rəhmət”siz çəkilmir. Rəhmətlik Qiyasəddin Babayev belə dedi, mənə bu cür yaxşılıq etdi, evimi tikməyimə yardım elədi və s. Onu mən də görməmişəm, lakin böyüklərin həmişə rəhmətlə yad etdikləri, ötən əsrin 50-ci illərində kolxoz sədri işləmiş bu insanı bu gün də yaddaşlarda yaşadan nə imiş? Eşitdiklərimi bir cümlə ilə ifadə etsək, çox sadə bir fikir oxumalı olacağıq: insan kimi yaşamağı bacarması. Əsl məsələ də elə buradan başlayır. Hər birimiz insanıq. Hamımızı Allah yaradıb. Lakin hamımız əsl insan kimi yaşaya bilirikmi? Müsbət cavab verməyə cəsarətim çatmaz.

Vəzifəyə varlanmaq, müəyyən şəxsi mənafelər üçün can atan hər hansı birimiz mənəvi tarazlığımızı itirmədən əsl insan kimi yaşamağa nail ola bilmərik. Bu məqsədlə getməli olduğumuz əyri-üyrü yollar neçə-neçə insanın haqqını tapdamadan keçilə bilməz. Allah bizi bir-birimizin haqqını yeməyə deyil, yeməyə haqqımız olan bir şeyi başqalarına yedirdib, onun rizasını qazanaraq mənəvi rahatlıq tapmaq üçün yaradıb.  Qurani Kərimin “Əraf” surəsində deyilir: “İman gətirib yaxşı işlər görənlər isə – biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (42/7)

Başqalarının yaşamasına yardımçı olmağı bacarmayınca insanın nəfsi doymayacaq – sərhədlər dar, tamahlar dibsiz görünəcək, gözlərin acığlı, ruhların divanəliyi bitməyəcək, deyəsən.

Vəzifə borcunun məsuliyyətini dərk etməyin nə qədər şərəfli olduğuna dair parlaq bir misalın yeridir: Osmanlı alimlərindən Hüsrəv Əfəndi bir gün məktəbdə dərs başa salarkən tələbələri onun çox bikef olduğunu duyur və:

– Müəllim, bu gün çox bikefsiniz, – deyirlər.

– Üzr istəyirəm,- deyir, hiss etdirmək istəməzdim. Gənc qızım mən evdən çıxmazdan bir az əvvəl vəfat etdi. Onun dəfn mərasimi ilə məşğul olmağı düşünürkən ağlıma “Tələbələrimin dərsini təxirə salsam, Allah mənə nə deyər?”fikri gəldi. Mən də qalxıb dərsə gəldim. Fikrim bəzən cənazəsi evdə qalmış qızımın yanına getdiyi üçün dalğın oluram.

Övlad acısı kimi ağır bir dərdin, yükün altında hərdən əyildiyi üçün öz şagirdlərindən üzr istəyən ustadın bu gün ağlımıza sığmayan nümunəsi burnundan bir damcı su düşən kimi rahatlıqla “xəstələnmişəm” deyib, günlərlə dərs buraxmağa vicdanı yol verən bəzi müasir müəllimlər, pişiyi belə öləndə bütün varlığından qəm dəryasında boğulduğu hiss olunan heyvansevərlər, iş başında olan hər birimiz üçün ən mükəmməl ibrət deyilmi?

Bu dünyanın çobanından aliminəcən hər kəs cavabdehdir. Çoban səhlənkarlıq edib sürüsünü nəzarətsiz buraxsa, canavarları sevindirəcəyi kimi, alimimiz, ziyalımız da öz missiyasına – insanları kamilləşdirmək vəzifəsinə biganə qalarsa, cəhalət, oğurluq, xəyanət, pis vərdişlərə aludəçilik baş alıb gedər. Hər şeyi dövlətin adına yazıb, “mənə nə var” prinsipinə təslim olmaq heç vaxt vətəndaşlıq mövqeyi hesab olunmayıb. Rəhmətlə yaşamaq heç də yüksək vəzifələrdə işləyib, dünyasını dəyişməkdən asılı deyil. Ləyaqətli, yüksəkəxlaqlı övlad böyüdüb yetişdirmək insanlığın digər ən mühüm vəzifəsidir.

Bu yaxınlarda dəftərxana dükanlarının birinə yolum düşdü. Satıcı-cavan oğlan mənə məhəl qoymadan gətirdiyi malları yerbəyer etməyinə davam etdi. Başqa bir cavan oğlan da onunla zarafatlaşırdı. Satıcının mənimlə maraqlanacağını gözləyərək dükana göz gəzdirməyə başladım. Cavan oğlan satıcı ilə söhbətində nə yaşına, nə də əxlaqımıza yaraşmayan bir neçə söz işlətdi. Dönüb onu başdan ayağa süzdüm və atasının, babasının yanında da o cür sözlər işlətdiyini soruşdum. Bəlkə də, ömründə birinci dəfə müqavimətlə üzləşdiyi üçün tutuldu. Satıcı da məni yumşaltmaq üçün qarşıma keçib: – Ağsaqqal, nə istəyirdiniz? – dedi. Bir-iki islahedici cümlə deyib, bəzi şeylər alıb dükandan ayrıldım. Allahın verdiyi boy-buxunun bu cavanların ədəbi,daha doğrusu,ədəbsizliyi  ilə üstünə palçıq sürtülmüş aynaya çevrildiyinə çox heyifsiləndim. Yunus Əmrənin dediyi kimi:

 

Ədəbdir kişinin daim libası,

Ədəbsiz insan üryana bənzər.

Ədəb bir tac imiş Nuri-Xudadan,

Gey o tacı əmin ol hər bəladan.

Ədəb əhli elmdən hali olmaz,

Ədəbsiz elm oxuyan alim olmaz.

 

Hər ailə başçısı bir bağbandır. Hansı bağban bağında, bağçasında tikan becərmək istər? Lakin ötəri bir laqeydlik, “bu günün işini sabaha qoymaq” vərdişi o bağın, ictimai həyatın belə kol-kosla dolmasına səbəb ola bilər. Hind xalqının siyasi, dini lideri olmuş Mahatma Qandi demişdir: “Əgər dünyada əsl sülhə nail olmaq istəyiriksə, əgər müharibəyə qarşı əsl müharibə aparmaq istəyiriksə, uşaqlardan başlamalıyıq.”

Çağdaş alimlərdən birinin dediyi kimi, “İnsanları mədəni olmayan şəhər nə qədər gözəl olursa olsun, oraya mədəni deyilməz. Əski adı Yəsrib olan Mədinə, Allah Rəsulu (s.ə.s.) və əshabləri səhabələri gerçək Mədinə olmuşdur və mədəniyyət ruhu oradan bütün cahana yayılmışdır”.

İstər rəsmi, istərsə də sosial varlıq olaraq insanlıq vəzifəmizin insanların məmnunluğuna, könül rahatlığına, xoşbəxtliyinə xidmət etməkdən ibarət olduğunu başa düşməklə əlimizi ürəyimizin üstünə qoyub, insan kimi yaşaya bildiyimizə inanmaq olar. Bu zaman Epiktetosun fikrinə şərik olub deyə bilərik: “Allaha dönüb bu cür dua etməyə cəsarətiniz olsun: – Gələcəkdə mənimlə istədiyin kimi haqq-hesab elə, mən Səninlə eyni fikirdəyəm, mən Səninəm, Səni məmnun edəcək heç bir şeyə etiraz etmirəm, məni hara istəsən ora yönəlt, mənə istədiyin, seçdiyin libası geyindir”

Antik dövr filosofunun bu ibrətamiz fikri Mövlanə hikmətinin qızıl sətirləri ilə necə də həmahəngdir: “Təsəvvür edin ki, kral sizi xüsusi bir tapşırığını yerinə yetirmək üçün yad bir ölkəyə göndərib. Siz yüz cür iş görüb onun tapşırığını yerinə yetirməzsəniz, məqsədinizə nail olduğunuzu iddia edə bilərsinizmi? İnsanlar da bu dünyaya xüsusi məqsəd üçün göndərilir, bu məqsədi unudanlar heç bir iş görməmiş olurlar.”

Allah bizlərə hamının cənnət adlandırdığı vətənimzə layiq vətəndaşlar, əsl insan kimi yaşamaqda, bu cür yaşamağı və yaşatmağı bacaracaq nəsillər yetişdirməkdə kömək eləsin.

Rahib Alpanlı, müəllim.