Jurnalistlərin VI qurultayı keçirildi, Prezidentə məktub ünvanlandı

1
31
kiv_qurultay_110713_24Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilib. Jurnalistlərin VI qurultayının iştirakçıları ilk öncə Fəxri Xiyabanda Heydər Əliyevin və Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin məzarını ziyarət ediblər.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan jurnalistlərinin VI qurultayına təbrik məktubu göndərib.  Təbrik məktubunu qurultayda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov oxuyub.

Tədbir iştirakçılarını salamlayan ölkə başçısı onları qurultay münasibətilə təbrik edib. Qeyd edib ki, Azərbaycanda siyasi plüralizmin təmin edilməsində KİV-in sərbəst fəaliyyətinə şərait yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir: “1993-cü ildən sonra ölkədə həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran  bütün süni maneələr aradan qaldırılıb, KİV-in fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılıb və milli mətbuatın maddi-texniki bazası möhkəmləndirilib. Azərbaycan jurnalistlərinin I qurultayında mətbuatın özünütənzimləmə orqanı kimi yaradılmış Mətbuat Şurası media-dövlət və media-cəmiyyət münasibətlərinin müasir beynəlxalq təcrübəyə uyğun nizamlanmasında əhəmiyyətli rol oynayıb. Mətbuat Şurasının fəaliyyəti bütövlükdə Azərbaycan jurnalistikasının inkişafına dövlət orqanları vətəndaşlarla mətbuat arasındakı münasibətlərin tənzimlənməsinə, jurnalistlərin peşəkarlığının güclənməsinə, söz və məlumat azadlığından sui-istifadə hallarının qarşısının alınmasına xidmət göstərir”.

Daha sonra prezident bildirib ki, bu gün ölkəmizin artan imkanları KİV-in, o cümlədən milli mətbuatımızın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaradır: “Azərbaycan hökuməti redaksiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial-müdafiəsinin təmin edilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlər həyata keçirir. KİV-ə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, rəqabətədavamlı, eyni zamanda milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Qlobal informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin gücləndiyi müasir dövrdə mətbuatımız Azərbaycan xalqının maraqlarını daim  müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə, dövlətimizin nüfuzunun güclənməsinə öz töhfəsini əsirgəməməlidir. Ümidvaram ki, qurultayda qəbul olunacaq qərarlar Azərbaycan jurnalistikasına ölkə daxilində və xarici aləmdə öz missiyasını daha yüksək səviyyədə davam etdirməyə şərait yaradacaq, milli mətbuatımızın inkişafına müsbət təsir göstərəcək”.

13: 57 Azərbaycan jurnalistlərinin VI qurultayında Mətbuat Şurasına sədr seçilib. Əflatun Amaşov açıqm səsvermə ilə yekdilliklə şuranın yenidən sədri seçilib. Qurultayda həmçinin gizli səs vermə ilə İdarə Heyətinin üzvləri də seçilib. 240 səsdən 6-sı etibarsız hesab olunub. Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Mirzəyev, Rəşad Məcid, Bəxtiyar Sadıqov, Tapdıq Abbasov, Aydın Quliyev, Rauf Arifoğlu və Akif Aşırlı İdarə Heyətinin üzvləri seçilib. Vüqar Səfərli, Aqil Abbas, Müşfiq Ələsgərli, Cavanşir Feyziyev, Şamil Vəliyev və Musa Qasımlı isə İdarə Heyətinin ictimaiyyətdən olan nümayəndələri seçilib.

İnternet media nümayəndələrindən Rasim Əliquliyev, Vüsalə Mahirqızı və Azər Həsrət, ehtiyatda olan üzv kimi isə Sevda Həmidova İdarə Heyətinə seçilib.

14: 00 Azərbaycan Jurnalistlərinin VI Qurultayının iştirakçıları prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident, Azərbaycanda mediaya göstərilən böyük diqqət və qayğı əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Sizin uğurla həyata keçirdiyiniz çoxşaxəli siyasi kursun mühüm tərkib hissəsi kimi jurnalist ictimaiyyəti tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Kütləvi informasiya vasitələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsinə, müstəqilliklərinin genişləndirilməsinə, onların ictimai həyatın müxtəlif sahələrinə dair təşəbbüslərinin dəstəklənməsinə, jurnalistlərin sosial şəraitlərinin yaxşılaşdırılmasına və sair bu kimi vəzifələrin gerçəkləşməsinə yönələn tədbirlər etibarlı media mühitinə sahib olduğumuzu təsdiqləyir. Bu gün Azərbaycanda dinamik sahə olan media ilə bağlı mühüm konfrans və seminarların düzənlənməsi ölkəmizin beynəlxalq imicinin də yüksəlməsinə xidmət edir.

Jurnalistlər özlərinin fikir və düşüncələrini sərbəst şəkildə bölüşür, arzu və istəklərini ifadə edən təşəbbüslər irəli sürürlər. Media ilə hakimiyyət arasında mövcud dialoq mühitinin formalaşması Sizin mediaya həssas münasibətinizdən qaynaqlanır. Bu həssaslığın növbəti nümunəsinin ağır xəstəliyə düçar olmuş həmkarımız Nicat Dağlara şamil olunmasına dair aldığımız xəbər bizləri ürəkdən sevindirdi.

Möhtərəm Cənab Prezident, Azərbaycan jurnalistlərinin VI qurultayına ünvanladığınız təbrik məktubunda ifadəsini tapan istiqamətlərin hər biri bizim üçün böyük etimad nümunəsidir. Sizə bir daha Azərbaycan jurnalistlərinin ali məclisinin timsalında ümumilikdə ölkə jurnalistikasına həssas yanaşdığınıza görə dərin təşəkkürümüzü bildirir, Vətənimiz Azərbaycanın daha da çiçəklənməsinə yönələn yorulmaq bilməyən fəaliyyətinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq”.

Zerdab.com

1 comment

  1. Hörmətli Əflatun müəllim!

    Azərbaycan jurnalistlərinin VI qurultayında açıq səsvermə yolu ilə yekdilliklə yenidən Azərbaycan Mətbuat Şurasının sədri seçilməyiniz, eləcə də qarşıdan gələn 22 iyul Milli Mətbuat günü münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edirəm.
    Apardığınız bu şərəfli işinizdə Sizə yeni-yeni uğurlar, şəxsi həyatınızda xoşbəxtlik, uzun ömür, cansağlığı arzu edirəm!

    Hörmətlə,

    Eldəniz Həsənov,
    Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq
    Ekoenergetika Akademiyasının ekologiya üzrə
    professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər
    Birliyini üzvü

Comments are closed.