Zərdab rayonunda yağışlar və Kür çayının səviyyəsinin qalxması nəticəsində bəzi yaşayış evlərinin zirzəmisini və həyətyanı sahələri yenidən qrunt suları basıb. Zərdab rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərovun sözlərinə görə, son həftələr Kürün Zərdab rayonundan keçən hissəsində çayın səviyyəsi 60 sm qalxıb. Martın 1-də Kür çayından saniyədə 610 kubmetr su keçirdisə, hazırda bu rəqəm 621 kubmetrə bərabərdir: “Rayonun daxili imkanları hesabına zərurət yaranan yerlərdə 15-dən artıq su nasosu vasitəsilə qrunt suları yerüstü kanallara, sonra isə kollektorlara vurulur”. Allahverdi Səfərov deyib ki, hələlik rayonda qəzalı vəziyyətə düşmüş və ya uçmuş ev qeydə alınmayıb. Artıq Kür çayının Zərdab rayonundan keçən hissəsinin 60,7 km-də sahil bərkitmə işləri aparılıb. İşlər bu gün də davam etdirilir.