Milli Məclisin aprelin 6-da keçirilən iclasında “Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Hər üç sənəddə dəyişikliklər nəqliyyat vasitələrinin hərəkəti ilə bağlıdır. “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliklərdə qeyd olunur ki, hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda yolda radarın mövcudluğu barədə məlumat verən servis nişanı və ya həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Hazırda isə yolda radarın olması barədə yol nişanının quraşdırılması məcburi deyil. Bu dəyişikliklər radalarla bağlı baş verən sui-istifadə hallarının qarşısını alacaq. Qanuna təklif olunan digər bir dəyişikliyə görə, şəxs qayda pozuntusu və ya tətbiq edilən tənbeh növü ilə razılaşmadıqda, inzibati protokol icraatın həyata keçirilməsi üçün 1 iş günü ərzində aidiyyəti icra hakimiyyəti orqanına göndərilir. Bu halda həmin şəxsə dərhal protokolun surəti və baxılmanın yeri və vaxtı barədə bildiriş verilir. Digər bir dəyişiklikdə isə qeyd olunur ki, şəhərdaxili (rayondaxili) sərnişin daşımaları ilə məşğul olan sürücü qaydaları pozduqda, yol polisi əməkdaşı ona qayda pozuntusunu elan etdikdən və dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər. Bu dəyişiklik müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq məqsədilə nəzərdə tutulub.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə də Azərbaycanda yol hərəkəti qaydalarını pozan sürücü barəsindəki müvafiq sənədlərin surətlərini ona çatdırmaq mümkün olmadıqda onun idarə etdiyi avtomobilin saxlanılmasına dair qərar qəbul olunması təklif olunur. Məcəlləyə dəyişikliklərdə nəzərdə tutulub ki, inzibati xətaya yol vermiş sürücüyə yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması səbəbindən müvafiq sənədləri 10 gün ərzində çatdırmaq mümkün olmadıqda, yol polisi tərəfindən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul ediləcək. Bu halda, saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılacaq. Digər dəyişiklikdə isə deyilir ki, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetməyə görə cərimənin məbləği 15 manatdan 40 manata qaldırılıb. Bundan başqa, yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşmaya görə cərimələrin məbləği artırılıb. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-30 km/saat həddində aşmağa görə 20 manat (hazırda 15 manatdan 20 manata qədərdir), hərəkət sürətini 30-60 km/saat həddində aşmağa görə 100 manat (hazırda 20 manatdan 40 manata qədərdir), hərəkət sürətini 60 km/saat həddindən artıq aşmağa görə 150 manat (hazırda 40 manatdan 60 manata qədərdir) miqdarında cərimə müəyyən edilib. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimənin məbləğinin 60 manatdan 100 manata qaldırılıb. Bu qayda pozuntusunun il ərzində təkrar törədilməsinə görə cərimənin məbləği 80-100 manatdan 200 manata qaldırılıb. Nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə nəzərdə tutulan cərimə 400 manatadək artırılıb (hazırda 140 manatdan 180 manatadəkdir). Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 250 manat məbləğində cərimə təklif olunur (hazırda 150 manatdan 200 manatadəkdir). Bundan başqa, dayanma, durma və parklanma qaydalarının pozulması ilə bağlı cərimələrin məbləğinin artırılıb. Dayanma, durma və ya parklanma qaydalarını pozmağa görə 20 manat cərimə müəyyən edilib (hazırda 15 manatdan 20 manatadəkdir). Məcəlləyə edilən digər bir dəyişiklikdə isə inzibati protokolun inzibati xəta törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsi qaydası müəyyən edilib. Təklifə görə, İnzibati Xətalar Məcəlləsinin 151.2, 151.3-1, 151-1.2, 151-1.3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar radarlar və video kameralar vasitəsi ilə aşkar edildikdə, inzibati protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd formasında xətanın törədildiyi gün tərtib edilir və elektron imza ilə təsdiqlənir. Həmin sənəd yol polisinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi barəsində tərtib edilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi icarə müqaviləsi və etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi ola bilər. Xəta hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədildikdə, xətanın törədilməsi zamanı sürücü barədə məlumatlar sorğu əsasında yol polisi tərəfindən təqdim edilir. Protokola inzibati xətanın baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar əlavə olunmalıdır. Bu halda, protokolun surəti və ona əlavə edilmiş materiallar nəqliyyat vasitəsinin istifadəçisinə xətanın törədildiyi vaxtdan 2 gün müddətində verilir. Protokolun əlavə edildiyi müşayiət məktubunda şəxsə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə məlumat verilir. Barəsində belə protokol tərtib edilmiş şəxs protokol ona rəsmi qaydada verildiyi və ya protokolu aldığı vaxtdan 10 gün müddətində səlahiyyətli orqana inzibati xətanın törədilməsi zamanı avtomobilin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması barədə vəsatətlə müraciət edə bilər. Vəsatət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, həmin şəxsin haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər.
Barəsində protokol tərtib edilmiş şəxs protokol rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində vəsatət vermədikdə və ya işin baxılmasında iştirak etmək üçün gəlmədikdə səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan inzibati tənbeh vermə haqqında qərar qəbul edir. Sürücünün əvvəllər törətdiyi və radar və video kameralar vasitəsilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalara dərhal yerində baxılmasını tələb etmək qadağandır. Şəxs yol verdiyi inzibati xəta haqqında protokolun tərtib edilməsi üçün çağırıldıqda və gəlməkdən qəsdən boyun qaçırdıqda, protokol şəxsin iştirakı olmadan tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Təklif olunan digər dəyişikliyə görə, inzibati xətalar haqqında işlər üzrə sənədi qəbul etməkdən imtina və ya onu çatdırmamaya görə iyirmi manatdan otuz manatadək məbləğində cərimə nəzərdə tutulub. Mülki Məcəlləyə edilən dəyişikliklərdə də nəqliyyat vasitəsinə dair sərəncam vermək hüququ nəzərdə tutan etibarnamələrin müddəti azaldılması nəzərdə tutulur. Dəyişikliyi nəzərdə tutan qanun layihəsində qeyd olunur ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Digər etibarnamələr isə müddətsiz veriləcək. Müzakirələrdən sonra hər üç sənədə edilən dəyişikliklər qəbul olunub.
men prezidentimizin verdiyi her bir qanuna emel elemeye calisiram, mence butun vetendaslar olkede qoyulan qanunlara emel etse rusvete son qoyular, xususende yol hereketi qaydalarini vurqulamaq isdiyirem, insallah rusvet alan memurlarmiz insafa gelib bu verdisden birdefelik el cekerler
Azarbaycanda rushvet xarcang xastaliyidir. Onun mualicasi mumkun deyil! Rushvat ancaq alqi-satqi proseslari tam kart vasitasila aparildiqda mumkun olacaq ! Mamur va onlarin aqalari xarcladiqlari pullarin deklarasiyasini vera bilmayacaqlar!
Comments are closed.