Həsən bəy Zərdabi: “Məni təntənəli dəfn etməyin”

0
112

Azərbaycanda milli mətbuatın tarixini “Əkinçi” ilə əlaqələndirmək ənənəsi nəyə əsaslanır? Halbuki, bəzi məxəzlərə görə, 1828-32-ci illərdə A. Bakıxanovun redaktorluğu ilə fars dilində “Tiflisskiye vedomosti”, 1838-45 illərdə isə “Zakavkazki vestnik”in azərbaycanca bir neçə nömrəsi çap olunmuşdu. Əvvəla, A. Bakıxanovun “Tiflisskiye vedomosti” qəzetini çıxarması bir ehtimaldır.
Əgər bu qəzetin bir-iki nömrəsi tapılsaydı, onda bunu Azərbaycan mətbuatının fars dilində çıxan ilk nümunəsi hesab etmək olardı. Bu qəzetin çıxma ehtimalını qəbul etsəydik belə, o, fars dilində çıxdığı üçün heç vəchlə milli mətbuatın ilk bünövrə daşı statusuna cavab verə bilməzdi. İkincisi, “Zakavkazki vestnik”in azərbaycan dilində çapı əsasən rəsmi sənədlərin ruscadan tərcüməsindən ibarət olub. Qəzet az tirajla çap olunmuş və ömrü də uzun olmayıb. Bu qəzeti azərbaycan dilinə tərcümə və çap edən şəxslərin heç biri Azərbaycan reallığı ilə bağlı olmadığından onu milli mətbuatımızın sələfi hesab etməyə əsas yoxdur.

“Əkinçi” milli mətbuatımızın bünövrə daşıdır
Göründüyü kimi, xalqın bilavasitə maddi-mənəvi həyatına söykənən, redaktoru, müəllifləri, dili çap olunduğu torpaqla bağlı olan birinci qəzet “Əkinçi”dir. Həmin səbəbdən Azərbaycan milli mətbuatının tarixinin bu qazetlə başlanması tamamilə təbii, doğru və ədalətlidir. Qəzetin ictimai-siyasi həyatdakı roluna və “Əkinçi”-Zərdabi vəhdətinə toxunan Əlimərdan bəy Topçubaşov 1925-ci ildə yazıb: “Əkinçi”!… Bu sözü qəlbən titrəmədən və həyacansız söyləmək olmur: onda hər bir azərbaycanlı üçün nə qədər müqəddəslik var. “Əkinçi” müstəqil Azərbaycanın, onun dilinin, xalq mahnılarının, poeziyasının, ədəbiyyatının, tarixinin möcüzəli emblemidir. Bu bütün azərbaycan xalqının ifadəsi və nişanıdır, onun gücünün, azad əməyə sevgisinin, ideya və ideallarının aşkara çıxmasıdır. “Əkinçi” və Həsən bəy Məlikov-Zərdabi, Həsən bəy Məlikov-Zərdabi və “Əkinçi” tarixdə və xalq yaddaşında elə qaynayıb-qovuşmuşdur ki, onlar bir-birindən ayrılmazdır. Onlar birlikdədir və ayrılmazdır. Azərbaycan barədə danışanda, Həsən bəyi xatırlayanda, haqlı olaraq, onun Azərbaycanın və bütün Qafqazın mədəniyyət və maarif, siyasi və iqtisadi inkişaf tarixində ən şərəfli yerlərdən birini tutduğu görünür. Həsən bəy “Əkinçi” ilə nişanverici və xilasedici bir mayak yaratdı. Belə faydalı və ruhlandırıcı işıq mənbəyini ehtiramla yad etmək bütün Azərbaycanın, hər bir azərbaycanlının əxlaqi, vətənpərvərlik borcudur”.

Mədrəsədən MDU-ya
Həsən bəy Məlikov keçmiş Şamaxı quberniyasının Göyçay qəzasının Zərdab kəndində yoxsullaşmış bəy ailəsində anadan olub. Atası Səlim bəy kiçik Həsənin təhsili ilə əvvəl özü məşğul olub. Sonra uşağı Zərdab kəndindəki mədrəsədə oxutdurub. Mədrəsədə Həsən dini təhsilə maraq göstərmədiyi üçün atası onu 1852-ci ildə Şamaxıdakı rus dilində məktəbə qəbul etdirib. Bu məktəbi əla qiymətlərlə qurtaran Həsən bəy, Qafqaz təhsil dairəsinin müdiri baron Nikolay tərəfindən dövlət hesabına 1-ci Tiflis gimnaziyasına daxil olub. Həsən bəy Gimnaziyanı 1860-cı müvəffəqiyyətlə bitirib və 1861-ci ildə Moskva Dövlət Universitetinin (MDU) Fizika-Riyaziyyat Fakultəsinin təbiyyətşünaslıq şöbəsinə imtahansız qəbul edilib. O, 1865-ci ildə MDU-nu əla qiymətlə qurtarıb. Elə həmin il Universitetin Elmi Şurası nümunəvi əxlaq və əla müvəffəqiyyətlərinə görə ona namizədlik dərəcəsi verib.
Universitetdəki tələbə həyatı Həsən bəyin dünyagörüşünün formalaşmasında mühüm rol oyanyıb. Həsən bəyin universitet həyatı demokratik düşüncəli ziyalılar arasında keçib. O, tarixçi Solovyov və dəfələrlə sürgündə olan şair Pleşeyev ailələrinin əziz qonağı olub. Solovyovlardan Sergey Mixayloviç (1820-1879) tarixçi, MDU-nun rektoru (1871-1877), onun oğlu Vladimir Sergeyeviç (1853-1900) isə teoloq, filosof, şair və publisist idi. Həsən bəyin həyat yoldaşı Hənifə xanımın yazdığına görə, Zərdabi Solovyovun evinə tez-tez getdiyi üçün onun qızına aşiq imiş.
Qız da Həsən bəyi çox sevirmiş. Lakin Həsən bəy təhsil almış bir müsəlman kimi xristian qızı almaqla savadsız xalqı özündən uzaqlaşdıracağından ehtiyat edərək onunla evlənməkdən imtina etmişdi. Qeyd edək ki, Solovyovla Həsən bəy arasında monoteist dinlər və xüsusən İslam barədə də çoxlu disskussiyalar olub. Çox ehtimal ki, V.Solovyovun sonradan İslam barədə dediyi sözlər də Həsən bəyin İslamın mahiyyətini ona düzgün şərh etməsindən qaynaqlanıb. Solovyov yazırdı: “Məhəmməd Allahın İsmayıl haqqında dediklərinin təsdiqi kimi bir peyğəmbər olub. Məhəmmədin təlimində Allah, Onun sifətləri, kəlamları, dünya və axirət haqqında heç bir yalan yoxdur”. Qeyd edək ki, o dövr üçün xristian tarixçisi, filosofu və teoloqun bu tezisi çox iradəli şəxsin məsuliyyətli addımı kimi qiymətləndirilməlidir. Çünki elə bu gün də bəzi xristian teoloqları Həsən bəylə söhbətlərin nəticəsi olaraq Solovyovun bu ifadəsini “xristian aliminin İslama mədhnaməsi” kimi qiymətləndirirlər.
MDU bitirdikdən sonra Həsən bəyə Moskvada qalmaq təklif edilsə də, o, doğma Azərbaycana qayıdır və bütün fəaliyyətini xalqın mariflənməsinə sərf edir. Zərdabi əvvəl Tiflis “Mejevoya palata”sında, sonra isə Qubada məhkəmə katibi vəzifəsində çalışır. Lakin Həsən bəy öz iradəsinin əksinə hərəkət etməyə və məmurların ədalətsiz əmrlərini yerinə yetirməyə məcbur edildiyindən bu vəzifələrdən imtina edir.
Bir ildən çox işsiz qalan Zərdabi nəhayət, 1869-cu ildə Qafqaz məktəb dairəsinin müdirinin əmri ilə Bakı realnı gimnaziyasında təbiyyət tarixi müəllimi işləyir. O bu illərdə dərs deməklə kifayətlənmir. 1872-ci ildə Zərdabi yoxsul tələbələrə maddi kömək məqsədi ilə “Cəmiyyəti-xeyriyyə” təsis edir və bunun üçün Azərbaycanın bütün iri şəhərlərini gəzir.

“Qəzet dərviş kimi nağıl deyə bilməz”
Zərdabi 1873-ci ildə tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə M. F. Axundovun “Hacı Qara” komediyyasını səhnələşdirir. Və bu tamaşa ilə Həsən bəy Azərbaycan teatrının əsasını qoyur. Lakin Zərdabi bilirdi ki, yalnız bir-iki mədəni tədbir həyata keçirməklə iş bitmir. Həsən bəy özünün dediyi kimi “yuxulu qardaşlarını qəflət yuxusundan oyatmaq” və xalqın “qəlbinə daxil olmaq” üçün alternativ vasitələr axtarırdı. Zərdabi yazırdı: “Bizim sabiq” cəmiyyəti-xeyriyyə” buna tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, məktəbxanalar açdırıb uşaqları oxutmaq olmayacaqdır. Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qananı olmasın! … Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əsas yoxdur…”
Beləliklə, Zərdabi ana dilində qəzet çıxarmaq üçün 1872-ci ildən əməli fəaliyyətə başlayır. Ciddi çətinliklər və təzyiqlərlə üzləşən Həsən bəy nəhayət, 1875-ci il iyul ayının 22-də Rusiya imperiyasında Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etməyə müvəffəq olur. Rastlaşdığı çətinliklər və qəzetin nə üçün məhz “Əkinçi” adlandırılması barədə Həsən bəy yazıb: “Bəs qəzeti necə çıxardım? Pul yox, çapçı yoldaşı yox. 1-2 yüzdən artıq oxuyan da yox. Dövlət tərəfindən izi almaq da ki, bir böyük bəladır. Bizim qubernator mütəvəffi (vəfat etmiş-V.C) general Staçoselski, doğrudur xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, güya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım”.
“Əkinçi” qəzetinin əsas məqsəd və vəzifəsini şərh edən Zərdabi yazırdı: “Qəzetin muradı xalqın gözünü açmaqdır… Qəzet dərviş kimi nağıl deyə bilməz. Onun borcudur işlərin yaxşı və yamanlığını ayna kimi xalqa göstərsin”. Doğrudan da “Əkinçi” qəzeti nəşr olunduğu 1875-1877-ci illərdə məhz bu vəzifələri layiqincə yerinə yetirmişdir.
Lakin təəssüflə qeyd edilməlidir ki, Zərdabinin zəhməti əvəzində o dövrün nankorları qəzetə həcv dolu məktub göndərib Həsən bəyi təhdid etməkdən də çəkinmirdilər. Qarabağdan söyüşlə dolu göndərilən məktubların birini ixtisarla çap edən Zərdabi, məktub müəllifinə diqqəti cəlb edən bu qeydini də verir: “Cənab Hadiyül-Müzəllin Qarabağının aşağıda zikr olunan Həcvini onların xahişinə müvafiq tamam çap etməyə izn olmadı… Amma o cənab və onu fitləyən əşxaslar (şəxslər-V.C) məyus olmasınlar ki, belə kamallı söz pünhan qalacaq. Fikrim budur ki, bizim Zərdab kəndində, Qarabağın sərhəddində bir daş qoydurub, onun üstə zikr olunan Həcvi tamam yazdırım ki, mən bu zəhmət ilə milləti-islami qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm”.

Tək adam döyüş meydanında əsgərdir
1878-ci ildə təzyiqlərə məruz qalan Zərdabi Bakı realnı məktəbindən xaric edilir və 2 il işsiz qalır. O, 1880-ci ildə öz ailəsi ilə birlikdə doğma kəndi Zərdaba köçür və 16 il orada yaşayır. Həsən bəy Bakıya 1896-cı ildə qayıdır və ömrünün axırınadək “Kaspi” qəzetində əməkdaşlıq edir. “Kaspi” qəzetini isə o vaxt H.Z.Tağıyevdən Zərdabinin kürəkəni Ə.M.Topçubaşov icarəyə götürmüşdü. Zərdabi son nəfəsinədək vətəni və xalqını böyük məhəbbətlə sevmişdir. “Uzun illər ərzində o özünə məxsus bir dəyanət və cəsarətlə şəhər Dumasında özbaşınalığa qarşı, şəhərin dağıdılmasına qarşı təklikdə, mərdanəliklə vuruşmuş, onun ifşa edici səsini heç vasitə ilə boğa bilməmişlər. Bununla da o, zəiflərin şüarı olan “tək adam döyüş meydanında əsgər ola bilməz” misalını rədd etmişdir” (“Kaspi” N 266, 1907). Yeri gəlmişkən, bu misalın keçərsizliyini Həsən bəyin M.F.Axundova göndərdiyi cavab məktubundakı bu sözlər də təsdiq edir: “Pəs, mənim dostum, halva deməklə ağız şirin olmaz, siz də mənim kimi baldırınızı çırmalayıb meydana daxil olun ki, bəlkə zikr olunan xəyal (xalqın maariflənməsi-V.C) əmələ gəlsin”.
Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-da Bakıda, İçərişəhərdə, Qoşa qala qapısının arxasındakı kasıb evində, quru taxtın üstündə iflic xəstəliyindən vəfat edib. O, ölüm yatağında olarkən demişdir: “Sizdən xahiş edirəm: təntənəli dəfn mərasimi düzəltməyin, məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar arasında savad yayan cəmiyyətə verin. Bu mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar”.
H.B.Zərdabinin vəfatı ilə əlaqədar Bakının mərkəzində misli görünməmiş möhtəşəm bir izdiham olub. Xalq nadir bir insanla, xalq müəllimilə, bütün ömrünü xalqın səadətinə həsr edən əməli saleh bir insanla, millətin “mənəvi atası” ilə vidalaşırdı. Qəzetlərin matəm nömrələri əldən-ələ keçirdi. Bu həqiqətən “yetim qalmış millətin yası” idi.
“Cənnət dünyadakı kef, əyləncə və rahatlıqda yox, məşəqqətlərə dözən əzablı saleh əməldə, əziyyətlərdədir” Peyğəmbər (ə) kəlamıdır. Bu kəlama görə, Həsən bəy Zərdabi kimi bayraq, millət, vətən və dinin saflığı uğrunda canını fəda edənlərin dünyasının nə qədər məşəqqətli olması da, hətta onların qəbirlərindən bir neçə dəfə çıxardılıb yenidən dəfn edilməsi də həmin ərlərin Allah dostlarından olmasını təsdiqləyir. Həsən bəyin dəfni barədə mərhum professor Abbas Zamanov “Əməl dostları” kitabında yazıb: “Mərhumun evinin qarşısında, “Kaspi” qəzeti redaksiyası və Şəhər Dumasının qabağında mitinqlər keçirildi, onun həyat və fəaliyyəti, xalq yolunda, Vətən yolunda göstərdiyi xidmətlər haqqında alovlu nitqlər söyləndi. Sonra dənizə bənzər insan axını Bibiheybət qəbiristanlığına doğru yönəldi. Zərdabi müsəlman icmasının ən nüfuzlu, say-seçmə insanlarının dəfn olunduğu yerdə-Bibiheybət məscidinin həyətində torpağa tapşırıldı”.
İllər keçdi… 1937-ci ildə xəbər yayıldı ki, yeni çəkilən Salyan şosesi Şıx kəndində Bibiheybət məscidinin yerindən keçəcək. Kim istəyir doğmalarının məzarını köçürüb aparsın, yoxsa qəbirlər yolun altında qalacaq. Zərdabilər ailəsi iki adam tapıb “millətin mənəvi atası”nın qalıqlarını kiçik bir yeşiyə yığdırıb, sakit, miskin, qərib bir kədərlə ikinci dəfə dəfn etdi.

Zərdabi Fəxri Xiyabanda
1957-ci il. Zərdabinin vəfatının 50 illiyi. Bu münasibətlə Azərbaycan KPMK-də şöbə müdiri işləyən mərhum Şıxəli Qurbanovla görüşən Abbas müəllim tədbirlər planı hazırlayır. “Yubileyə ciddi hazırlıq görülür. Növbə həmin o” məzar abadlaşdırılsın” bəndinə çatanda aləm qarışır bir-birinə. Sən demə heç kim bilmir ki, Zərdabinin qəbri hardadır… Zərdabinin sağ qalan qohumları deyir ki, məzarın yerini bilsə-bilsə mərhumun qızı Qəribsoltan biləcək. Abbas müəllim bioloq Mirəli Axundov və bir filosofla Qəribsoltan xanım-gilə gedir. Qəribsoltan “məzar” söhbətini eşidən kimi deyir: Atamın hər şeyini məhv elədiniz, indi gəlmisiz sümükləri aparmağa. Bir də bu evə ayaq basmayın… Qəribsoltan xanımı Həsən bəyin qız nəvəsi, gənc bəstəkar Rauf Hacıyev dilə tutur. Xoşbəxtlikdən, Rauf müəllim məzarın yerini öyrənir. Deyir ki, babamın sümükləri 37-ci ildə şəhər qəbirstanlığında Hənifə nənəmin (Zərdabinin həyat yoldaşı, 1928-ci ildə Bakıda vəfat edib-V.C) qəbrinin yanında basdırılıb. Abbas müəllim bir qrup jurnalist, filoloq tələbə ilə nişan verilən yerə gedir. Tələbələr qəbrin ətrafını bir necə yerdən qazırlar. Birdən Hənifə xanımın məzarının aşağı küncündə bel nəyəsə ilişir. Taxta deşiyin üstü açılanda gözlərə işıq gəlir, sanki, misilsiz bir dəfinə tapıbmış kimi hamı nəfəs dərmədən yeşiyin çıxarılmısını gözləyir…” (“Hənifə xanım Məlikova-Abayevanın xatirələri”, Bakı-2005).
Beləliklə, Həsən bəyin cənazəsi 3-cü dəfə-1957-ci ildə Fəxri xiyabanda dəfn olundu. Həmin gündən bu məzar jurnalistlərin, hər bir qələm sahibinin and yerinə çevrilib. Mərhum Abbas müəllim demişkən, H.Zərdabi Azərbaycan xalqının tarixinə milli teatrımızın banisi, mətbuatımızın yaradıcısı, ilk qız məktəbinin müəssisi, 1-ci müəllimlər qurultayının təşkilatçısı və sədri, təbiyyat alimi, görkəmli ictimai xadim və fədakar bir müəllim kimi daxil olmuşdur. H.Zərdabinin bu zəngin fəaliyyətinin ən mühüm sahəsi, tacı və çələngi onun nəşr etdiyi “Əkinçi”qəzetidir.
Zərdabi həyat və yaradıcılığı Rəbb kəlamları kontekstindən təhlil edilərsə aydın olar ki, o, həm də elm, maarif mücahidi və fədaisi olub. Həsən bəy müqəddəs amallar naminə canını bir anda qurban verən şəhiddən fərqli olaraq, bütün mənalı ömrünü Xaliq və xalq yolunda fəda edən şəhid üstü şəhiddir. Belə saleh bəndələr haqqında Həz.Peyğəmbər buyurub: “Biliyilə xalqı maarifləndirən bir alim, 70 il ibadət edən adamdan xeyirlidir”; “Alimlərin mürəkkəbi şəhid qanından üstündür”. Məncə, “Zərdabinin Bakıya ac gəlib, ac da getməsinin” səbəbini də bu dəyərlərdə axtarmaq lazımdır.
Qəbrin nurla dolsun, Həsən bəy! Müjdəniz olsun ki, arzularınız çin olub. Bu gün müstəqil Azərbaycanda 4000-dən artıq mətbu orqan, Mətbuat Şurası, KİV-ə Dövlət Dəstəyi Fondu, müxtəlif jurnalist qurumları fəaliyyət göstərir. Onların hamısı Sizin 135 il bundan qabaq çox böyük əziyyətlə ərsəyə gətirdiyiniz “Əkinçi”nin xələfi-övladıdır.
Fəxri xiyabandakı mənzilin and yerimizdir. Allah sənə rəhmət eləsin. Amin!

Vaqif Cəliloğlu,
vaqif_44@mail.ru