Ali məktəblərə ərizə qəbulu başlayır

0
72

Sabah Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək.
Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.