Zərdab rayonunun Əlibəyli kəndi çaqqalların hücumuna məruz qalıb. Sakinlərin Zerdab.com saytına bildirdiklərinə görə, çaqqallar kənd sakini Kamal Şərifovun şəxsi təsərrüfatında 10 baş qoyunu tələf edib. K. Şərifov Zerdab.com saytına açıqlamasında çaqqalların tez-tez Əlibəyli kəndinə hücum etdiklərini bildirdi. Onun sözlərinə görə, ehtiyat tədbir görsədə heyvanlarını çaqqallardan qoruya bilməyib: “Əzab-əziyyətlə qoyun saxlayırdıq. Çaqqallar bir gecədə 10 qoyunumuzu boğaraq tələf edib”.
Kəndin digər sakinləri də tez-tez kənddə analoji hadisə baş verdiklərini bildirdilər. Belə ki, çaqqallar həyətyanı sahələrə soxulur, camaatın mal-qarasını tələf edir. Bundan öncə çaqqallar kənddə bir uzunqulağı və atı parçalamışdılar.
Kənd sakinləri bir maraqlı məqama da toxundular. Onların bildirdiklərinə görə, çaqqallar bu kənddə həyət itləri ilə ünsiyyətdə olurlar. Bu isə həmin itlərin quduzlaşması barədə narahatlıq yaradır.
Söhbət zamanı o da məlum oldu ki, çaqqallar kəndə Kürün Qarabağ sahillərindən keçib gəlirlər.
Qeyd edək ki, Əlibəyli kəndi Kürün sahilində yerləşir.
Zerdab.com








