Orxan Zeynalov Bin Ladendən təhlükəliymiş ki!

0
54
Orxan Zeynalov
Moskvanın Presnenski Rayon Məhkəməsi 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.

Hər gün Rusiyaya cinayət nəticəsində ölənlərin sayı, əsrin əvvəllərindəki vətəndaş müharibəsində gündə ölənlərin sayından bir qədər az olar. Hazırda Rusiya dünyanın ən kriminal ölkələrindən biridir. Və sirr deyil ki, ölkəni dövlətdən daha çox kriminal qruplar idarə edir. Putin hakimiyyəti gələnədək lap dəhşətli bir mənzərə vardı. Putin iqtidara gələndən sonra böyük mafiyalara və kriminal qruplara qarşı ciddi mübarizəyə (əslində mübarizəyə yox, müharibəyə) başlayıb bu sahədə böyük nailiyyət əldə etsə də, Rusiya hələ də bir kriminal ölkə olaraq qalır.

Moskva Rusiyanın bir parçası, daha dəqiqi, ürəyidir. Və özü özlüyündə bir ölkədir. Müdafiə və Xarici İşlər Nazirliyindən başqa bütün dövlət strukturları, hətta parlamenti olan bir ölkə. Və kriminalların idarə etdiyi bir ölkə. Putin nə qədər çalışsa da hələki bu ölkəni kriminalların əlindən ala bilməyib.

Mətləbə gəlmək üçün bu giriş lazım idi. Və hər gün Moskvada da onlarla insan qətlə yetirilir, oğurlanır, heç izi-tozu da tapılmır. Bu qətlə yetirilənlərin yarıdan çoxu qeyri-rus millətindən olanlardır. Rusiyada 1,5 milyon, yaxşı, olsun 2 milyon azərbaycanlı yaşayır. Statistik rəqəmləri çıxarsaq görərik ki, il ərzində 2 milyonluq Rusiyada  (söhbət azərbaycanlılardan gedir) qətlə yetirilən soydaşlarımızın sayı 8 milyondan artıq əhalisi olan ölkəmizdə cinayət nəticəsində öldürülənlərin sayından xeyli çoxdur. Və həm də ölkəmizdə baş verən ölüm hadisələrinin bəlkə də 60-70 faizi ailə-məişət, ya da  qonşu davası zəminində baş verir.

Gəlin görək Rusiyada öldürülən azərbaycanlıların qatillərinin neçə faizi hakim qarşısına çıxarılıb – 5-10 faizi, 15 faizi? Hamısı açılmamış cinayət işi kimi arxivlərdə yatır. O tutulan 10-15 faiz də bizimkilərdi.

Cinayətkarın milləti olmur. Bu sözləri vaxtı ilə Ulu öndər Siyasi Büro üzvlüyü namizədliyinə mane olmaq istəyən Romanova deyib yerində oturtmuşdu.

Çox təəssüf ki,  Rusiya kimi qüdrətli bir ölkədə cinayətkarın milləti önə çəkilir və nəticədə  cəzanı cinayətkardan daha çox mənsub olduğu millət çəkir. Dəxli yoxdu, azərbaycanlıdı, gürcü, özbəkdi və sair və ilaxır. Özü də ikiqat cəza. Biri dövlət tərəfindən, biri də skinxetlər deyilən neofaşistlər tərəfindən.

Bəli, hər ay Moskvada onlarla qətl hadisəsi baş verir. Biri də oktyabrın 10-da oldu. Dava zəminində (yəni əvvəlcədən düşünülmüş, planlaşdırılmış yox) bir nəfər vurub bir nəfəri öldürüb.

Neçə gündü Rusiyanın televiziya kanalları partlayır. Xəbər proqramları bu hadisəni mühüm dövlət xəbəri kimi birinci verir. Özü də minbir rənglə. İndiyədək yalnız 3 ya 4 belə yanaşma olub. Onda da öldürülən ya qubernator, ya yüksək vəzifəli dövlət məmuru, ya da Rusiyada onlardan da hörmətli sayılan qanuni oğrular.

İndi nə olub. Öldürülən qubernator, ya nazirdimi – xeyr, hansısa bir bədbəxt. Sadəcə olaraq öldürən bədbəxt də azərbaycanlıdı.

DİN bütün Rusiyanı ayağa qaldırmışdı. ABŞ Bin Ladeni belə axtarmırdı ki, Rusiya Orxan Zeynalovu elə axtarırdı. Buna kimsə bir söz deyə bilməz. Dövlət cinayətkarı tutmaq üçün gücünü ortaya qoymalıdı. Qoydu və tutdu. Çox yaxşı. Amma elə  bir dünyanın bir nömərli terrorçusunu tutmuşdular. Telekanallar bunu elə təqdim edirdilər ki, heç ABŞ Bin Ladeni zərərsizləşdirəndə telekanalları belə kef eləməmişdi.

Və vəhşilik! Bir şilləlik canı olan bu oğlanın əllərini arxadan kələpçəyəndən sonra onunla faşist kommunistlərlə, ya ermənilər bizim əsirlərlə necə davranırdılarsa elə davranırdılar. Əlli adamyeyən xüsüsi təyinatlı düşüb sərçə kimi birinin üstünə. Onun avtomobilə mindirilmə səhnəsi, ayaq altda uzadılması, 4-5 nəfərin sürüyə-sürüyə vertolyota daşıması və sair və ilaxır.

Butun bunlar cəhənnəm. Daxili işlər naziri Kolokoltsevin kabinetinə gətirilmə səhnəsi – qolları arxadan bağlı, dörd nəfər tutub… Görəsən inidiyədək hansı adamöldürəni Rusiyada nazirin kabinetinə gətiriblər?!

Və Rusiya mətbuatı və telekanalları da bunu sevinclə elə yüksək səviyyədə təqdim edir ki!

Yeri gəlmişkən. Əgər Azərbaycanda hansısa bir canini belə vəhşicəsinə tutub və belə vəhşicəsinə daxili işlər nazirinin kabinetinə gətirsəydilər indi bizim mətbuat nəinki, DİN-i top atəşinə tutulmuşdu, hətta bütün Avropanı ayağa qaldırmışdı. Rus mətbuatı  isə gördüyünüz kimi əksinə.

Hələ bir toxtayın, ardı var. Moskvanın meri Sobyanin srağagün şəhər dumasında, öldürülənin ailəsinə başsağlığı verdi və qatili yaxaladıqlarına görə hüquq-mühafizə orqanlarının əməkdaşlarına da xüsusi təşəkkürünü bildirdi. İndiyədək belə bir şeyin şahidi olmuşdunuzmu?! Xeyr!

Bu nə münasibət?! Bu nə siyasət?!

Mən heç də bu yazını o Zeynalovu müdafiə etmək məqsədi ilə qələmə almadım. Cinayət edib cəzasını da almalıdır. Bir insana qarşı edilən vəhşilik məni sarsıtdı. Bəlkə də hələ bilmək olmaz o Şerbakovu kim öldürüb, nə olsun boynuna aldı. Kimi elə təpik altına salsalar deyər Kennedini də mən öldürmüşəm.

Cinayətkar da insandı və onun da hüquqları var. Moskvada bərk gedənlərimiz, Moskvada oturub Azərbaycanda çömçə fırladan pullularımız görək indi o bədbəxtin adi hüquqlarını qorumaq üçün ona bir güclü vəkil tutacaqlarmı?! Baxaq!

Və sonda bu ilin iyun ayında bundan əvvəl Moskva ətrafında çayda boğulmaqda olan 2 rus qızını bir nəfər xilas etmişdi, üçüncünün arxasınca gedəndə özü boğulub ölmüşdü. Həmin o 2 rus qızını xilas edən bədbəxt Lənkərandan olan bir azərbaycanlı balasıydı. 21 yaşlı Salaməddin Nağıyev! Tələbə, atasının yanına getmişdi. Yeri behişt olsun. Mən də həmin lənkəranlı balası Salaməddin Nağıyevin ailəsinə başsağlığı verirəm!

Moskva şəhərinin meri Sobyanin, siz Salaməddinin ailəsinə təşəkkür etməyiniz bir yana, heç olmazsa bir başsağlığı göndərdinizmi?!

Aqil Abbas

 

http://www.youtube.com/watch?v=8HIPGPml-BY