Bizimkilərin Rusiyadakı səhvi…

0
76

miqrantRusiyada baş verən prosesləri qohumlarının əksəriyyəti bu ölkəyə iş dalınca yollanmış biri olaraq mən də ardıcıl izləyirəm. Açığı, belə qərara gəlmişəm ki, indi gördüklərimiz bəlkə də, hələ başlanğıcdır. Daha ciddi “şou”lar bundan sonra da ola bilər.

Hər kəs bu məsələdə Rusiyanın şou nümayiş etdirdiyini düşünür və haqlı olaraq tənqid edir. Bu fikirlərlə mən də razıyam. Ancaq mən bu yazımda məsələyə başqa prizmadan yanaşaraq fərqli bir misal gətirməyə çalışacağam. Rusiyada vəziyyətin bu həddə çatmasında heç şübhəsiz ki, bizim öz məsuliyyətsizliyimiz də var. Niyə elə düşünürəm, izah edim.

Rusiyada yaşayan və iş adamı səviyyəsinə yüksələrək böyük işlər görən, kifayət qədər imkana sahib olan soydaşlarımız bir çox hallarda qazandıqları pulları Azərbaycana gətirmir, elə bu ölkədə saxlayırlar.

Düzdür, həmin iş adamları öz-qohum əqrabaları arasında işsiz olanları Rusiyaya aparıb əllərini çörəyə çatdırırlar, amma qazandıqları milyonların hamısını Rusiyada saxlamaq bizim bəzi iş adamlarımızın ciddi səhvidir. Konkret misal çəkmək istəyirəm. 2009-cu ildə mənim uzaq qohumlarımdan biri – iş adamı Əhəd Əhədov Rusiyanın Krasnodar diyarının Eysk şəhərində naməlum şəxslər tərəfindən qətlə yetirildi. Əhəd Əhədov Eyskdə “Drujba” (Dostluq-red) Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri idi və çoxlu sayda xəstəxanalar, idman kompleksləri, hündürmərtəbəli binalar, yataqxanalar inşa etdirmiş, yüzlərlə soydaşımızı iş yerləri ilə təmin etmişdi.

Lakin onun bu uğurlarını gözü götürməyən əcnəbi rəqibləri sağlam rəqabətə deyil, silaha əl atdılar. Hədsiz dərəcədə sadə insan olan Əhəd Əhədov mühafizəçisiz gəzirdi və ona görə də onu qətlə yetirmək düşmənləri üçün çox asan oldu.

Amma Əhəd müəllimin səhvi təkcə mühafizəsiz gəzməsi deyildi. Eyskdə kifayət qədər kapitala, böyük müəssisələrə, milyonlara sahib olan Əhəd müəllimin vətənində bir otaqlı evinin belə olmaması onun yumşaq desək, səhvi, əslində isə ayıbı idi. O, bütün varidatını Rusiyada saxlayırdı. Halbuki, həmin kapitalın bir hissəsini vətənində – ən azından gələcək perspektiv baxımından xeyirli işlərə sərf edilə bilərdi. Məsələn, Bakıda, Mingəçevirdə, Gəncədə, lap elə doğulub boya-başa çatdığı Zərdabda daşınmaz əmlaklar ala bilərdi. Amma bunu etmədi.

Dəhşətlisi də odur ki, Əhəd Əhədov qətlə yetiriləndən sonra onun Rusiyadakı əksər əmlakı – təkcə yaşadığı ev istisna olmaqla – silah, hədə-qorxu gücünə ailə üzvlərinin əlindən alındı, layihələri yarımçıq qaldı. Halbuki, mərhum iş adamı qazandığı milyonların müəyyən bir hissəsini Azərbaycanda saxlamalı idi ki, sabah gözlənilməz bir hadisə baş versə, vəziyyətdən çıxa bilsin. Məsələn, indiki ağır durumda ailəsi həmin pullardan yararlana bilərdi. Amma olan oldu və artıq hər şey gecdir…

Əhəd Əhədovun taleyi bu gün Rusiyada iş adamı kimi uğur qazanan soydaşlarımıza da nümunə olmalıdır. Əziz həmyerlilərim, bütün hallarda qazandığınızın müəyyən bir hissəsini Azərbaycana – Bakıya gətirməyiniz sizin xeyrinizə olardı.

İşin başqa bir tərəfi. Bu gün Rusiya rəsmiləri böyük bazarları soydaşlarımızın əlindən almaqla hədələyir. Görünür, Rusiyada da iş adamlarımızın qazandıqlarının çox hissəsini elə bu ölkədə saxladıqlarını yaxşı bilirlər. Ona görə də iş adamlarımızın “əlim yandı” vəziyyətində olmalarından istifadə edilir…

P.S. Rusiyada vəziyyət hər nə qədər il ötdükcə pisləşirsə, Azərbaycanda əksinə, düzəlir. Odur ki, Rusiyada bu günədək qazanılmış milyonların ən azından bir hissəsinin Azərbaycana yatırılması həm həyatı təhlükənin, həm də maliyyə təhlükəsinin dəf edilməsi baxmından böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, iş adamları və ya onların yaxınları nə demək istədiyimi tam anladılar.

Nicat İntiqam