Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolu hazırdır

0
53

Prezident-Zərdabda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq tikilən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunda işlər bu günlərdə tam başa çatdırılıb.

8 kəndin 9 mindən çox əhalisinin istifadə etdiyi, 47 kilometr uzunluğu olan bu yolun tikintisinə 2012-ci ilin sentyabr ayından başlanılmışdı. 2013-cü ilin martında yolun Siləyli və Yuxarı Seyidlər kəndlərinin ərazisindən keçən hissələrinin asfaltlanmasına başlandı və may ayının sonlarında bu iş uğurla, yüksək keyfiyyətlə başa çatdırıldı.

Bir neçə gün əvvəl Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi tamamilə başa çatdırılaraq istifadəyə hazır edilib. Bu isə nəinki bu yolun daimi istifadəçisi olan 8 kəndin, ümumiyyətlə, rayonumuzun sakinlərinin, eləcə də qonaqların böyük sevincinə səbəb olub. Hər birimiz qürur duyuruq ki, bu gün Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolu Bakı-Qazax magistral avtomobil yolundan demək olar ki, heç nə ilə fərqlənmir. Bütün bunlara görə biz – Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun daimi istifadəçisi olan 8 kəndin sakinləri ölkə başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk.

Bu yolun keyfiyyətlə tikilib istifadəyə verilməsində rayonumuzun icra hakimiyyətinin başçısı Lütvəli Babayevin dəstəyini və himayəsini yüksək qiymətləndirir, ona öz təşəkkürümüzü bildiririk.

Heydər Əliyev – ümummilli liderimiz çox gözəl demişdir ki, yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir.

Yollarımız abad və uğurlu olsun, əziz zərdablılar!

Allah həmişə hamımızı sevindirsin!

Qabil Məmmədov, Yuxarı Seyidlər kənd tam orta məktəbinin direktoru.