Onun doğum günü

0
167

fotoMiladi təqvimi ilə 571-ci ilin 20 apreli, günlərdən bazar ertəsi idi. Hələ Hicrət yaşanmamışdı ki, hicri təqvimi də başlamış olsun, amma ərəb təqvimi ilə Rəbiul-əvvəl ayının 12-ci günü başlayırdı. Hələ günəş adlanan o səma cismi doğmamışdı. Amma o günəşdən öncə başqa bir Günəş doğuldu. Bir Günəş doğuldu ki, heç zaman qürub etməyəcək. Bir Günəş doğuldu ki, hər səhər çıxıb, hər axşam batdığını gördüyümüz bu səma cismi öz işığını o Günəşdən almış, alır və almaqda da davam edəcək.

İslam təqvimi ilə  rəbiul-əvvəl ayının 12-si sübhə doğru Günəşdən öncə dünyanı nura qərq elədi və Günəşin yetişmədiyi məkanlar da Onun nuru ilə aydınlığa çıxmağa başladı. O elə bir Nurdur ki, Qiyamətə qədər çölümüzü də, içimizi də aydınlığa çıxaracaq, O elə bir Nurdur ki, Günəş bu kainatı işıqlandırdığı halda O, aləmləri nura boyayır və O elə bir Nurdur ki, Süleyman Çələbinin ifadəsi ilə desək, Günəş Onun pərvanəsidir…

Şərqdən doğulmadı, qumlar arasındakı Məddədən yüksələrək keçmişdən gələcəyə, dünyanın o başından bu başına qədər hər zamanı, hər məkanı, bildiymiz, bilmədiyimiz aləmləri nura qərq elədi və edəcək. Nuru təkcə yer üzündəki qaranlıqları deyil, könüllərdəki, düşüncə və zehniyyətdəki zülməti, cəhaləti nur içində boğub işığa qovuşdurdu. Dünya o Günəşin nuruna təşnəydi, dünya o Günəşin nurunu hələ mayalanmamış bir quzunun anasının məməsini sortuqladığı kimi əmməyə, əmdikcə də özünə gəlməyə başladı.

***

Sübh zamanı günəş doğmadan öncə doğuldu və gəlişi ilə bu dünyanı şərəfləndirdi. Onun mövludu, yəni doğumu ilə dünyada yeni bir mərhələ başladı. O, bu dünyaya göz açıb, bu dünyanı cəhalət burulğanından sevgi atmosferinə daşıdı, Göndərənin inayəti ilə heçliyi varlığa çevirdi, faniyə Əbədinin qapısını göstərdi, adəm oğluna əbədi xoşbəxtliyin sirrini öyrətdi. Bu gün təkcə bir gün deyil ki! O gündən bu günə kimi və bu gündən də sona qədər bütün zamanlar bir gün kimidir.

Peyğəmbərimizin (s.ə.s.) doğum günü təkcə Onun doğum günü deyil, Adəmdən sonuncu insana qədər gəlmiş və gələcək hər bir insanın doğum günüdür. “Bu necə olur?” deyənlərə cavabımız “Bu dünya Onun üzü hörmətinə yaradılmadımı?”dan başqa da nə olacaq ki?! Hər halda bundan daha məntiqli qarşılıq ağlımıza gəlmədi və elə bilirik ki, ən doğru olanı da elə budur.

***

O, aləmlərə Allah-Təalanın ən böyük lütfü, mərhəməti olaraq göndərildi. Ən gözəl əxlaqı, adəm oğluna həm bu dünyada, həm də axirətdə xoşbəxt olmağın yollarını göstərmək, tanıtmaq, öyrətmək üçün göndərildi. Onun ustadı, müəllimi Allah-Təaladan başqa kimsə deyildi, Onun əxlaqı Quran əxlaqından bir hərf qədər də olsun sağa-sola yayınmadı. O elə bir nur, o elə bir günəşdir ki, dünya durduqca işığı dünyamızı nura qərq edəcək. O elə bir günəşdir ki, kainat(lar)da hər şey, bütün Günəş(lər), Ay(lar), ulduz(lar) nurunu Ondan alır, Onun başına dolanır, Onu təvaf edir.

“Bir əcəb Nur kim, Günəş pərvanəsi”- deyən Süleyman Çələbi (Allah-Təala qəni-qəni rəhmət eləsin!) bu həqiqəti nə qədər də dəqiq, nə qədər gözəl ifadə edə bilib. Bu cür sözlərə baxanda “Allah-Təala bəzi sözləri  bəzi qullarına onların özlərindən xəbərsiz, əllərindən tuturmuş kimi yazdırır”- deməkdən də özümü saxlaya bilmirəm.

***

Ədaləti dürüstlüyü yaydı, fədakarlığın zirvəsini yaşadı insanların gözü önündə. “Sevdirin, nifrət etdirməyin, asanlaşdırın, çətinləşdirməyin” dedi. Quranın tələb elədiyi həyatı yaşadı və örnək oldu ətrafındakılara. Ayaqlar altında inləyən qadını ucaldıb, başlara tac elədi, “cənnət anaların ayaqları altındadır” söylədi. Allah üçün sevdi, Allah üçün savaşdı, Allah üçün yaşadı, Allah üçün yaşamağı öyrətdi. Əslində Allah üçün yaşamaq, Allahın istədiyi kimi yaşamaqdır ki, bu da hər şeydən əvvəl o ömrü yaşayana fayda gətirər. Öz nəfsinin istədiyini söyləmədi, Allahın buyurduqlarını təbliğ elədi. Gözəl əxlaqı tamamlamaq üçün gəlmişdi və ən gözəl əxlaqın da İslam olduğunu bütün dünyaya elan elədi.

Bir gün ibadətlə məşğul idi və bir çöl ərəbi (bədəvi) gəlib yanında dayandı. Rəsulullah ibadətini tez tamamlayıb, onun gəlişinin məqsədini sordu. Bədəvi:

– Ya Rəsulullah, qiyamət nə zaman olacaq?- soruşdu. Üzündən dörd bir tərəfə nur saçan Rəsulullah sualı sualla qarşıladı:

– Qiyamətə nə hazırlamısan?

Bədəvi normal ibadətindən əlavə hər hansı hazırlığının olmadığını, amma Allahı və Onun Peyğəmbərini çox sevdiyini deyincə Rəsulullah qiyamətə qədər hər kəsin qəlbinə təsəlli olacaq bir müjdə verdi:

– Qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaq.

***

Quran ona Allah və mələklərin səlat və səna etdiyini bildirir və bizə də onun üçün səlat və səlam etməyi əmr edir. Peyğəmbərə Allahın səlat etməsi onu dəstəkləməsi, müzəffər qılmasıdır; mələklərin səlat etməsi onun üçün dua etmələridir; bizim səlat etməmiz isə dua etməmiz və ən başlıcası isə sünnəti-səniyəsinə uymamız, yəni onun həyatını örnək alaraq, Onun yolunu tutmamız, Onun kimi yaşamağa çalışmamızdır. Bir dəfə səhabələrinə “qardaşlarım üçün darıxdım” deyir və səhabələr “biz sənin qardaşın deyilikmi, ey Allahın Rəsulu?” sorunca “siz mənim səhabələrimsiniz. Qardaşlarım isə sonradan gələcək və məni görmədiyi halda sevəcək olan müsəlmanlardır.” Onu sevmək atan-ana, qardaş-bacı, oğul-uşaq, dost-tanış sevməyə bənzəməz. Allah və Peyğəmbərinin haqqı hər haqqın üstündə olduğu üçün Allah və peyğəmbər sevgisi də hər sevginin üstündə olmalıdır. Onu öz canından da, ən çox sevdiklərindən də çox sevməyən, gerçək iman etmiş sayılmaz.

***

Son peyğəmbər olaraq gəldi, həm də insan olaraq gəldi, bizə insan kimi yaşamağın örnəyini göstərdi. Acdı, amma ac olduğu halda süfrəsindəki son tikəsini paylaşmağı öyrətdi; övlad itirdi, dərdi necə qarşılayıb necə həzm etməyin nümunəsini göstərdi; üstünə diləyə gəldilər, əlində-ovcunda olmadığı halda borc alıb pay verməyi öyrətdi; cahillər qəlbini qırdılar, əlini-ayağını al qana boyadılar, dünyanın bütün incilərin yanında bir zərrə qədər də dəyər etmədiyi dişini sındırdılar, amma ədavət saxlamadı, cahillərlə deyil, cahilliklə savaşdı; insanı cəhalət aslanının ağzından necə xilas etməyin yolunu öyrətdi bizə, bizə təkbaşına bu dünyaya qarşı dayana, savaşa bilmək üçün güc mənbəyinin açarını verdi; insan üçün fəlakətin, faciənin doğru yoldan azmaqdan, Haqqı tanımamaqdan və insanlıq borcundan imtina etməkdən başqa bir şey olmadığını təlim etdi… Nə örtətmədi ki… nə göstərmədi ki… nə söyləmədi ki… Yaşayaraq göstərdikləri, öyrətdikləri, söylədikləri əslində insanlığın əbədi xoşbəxtlik reseptindən başqa da bir şey deyildi. Allah-Təalanın Onu bizlərə mələklər içindən deyil, bir insan şəklində göndərməsinin bir hikməti də ondaydı ki, hər şeyi Ona baxaraq öyrənək. O, sevənlərini Özündən məhrum qoymaz ki! Hər zaman sevdiklərinin və sevənlərinin gözünün qarşısındadır. Bilmədiklərini Ondan soruşaraq öyrənir, bir müşkülə düşəndə Ona baxaraq nicat yolu tapırlar sadiq dostlar.

www.zaman.az