Biz Zərdaba gedəndə ikiqat sevinir anam

1
78
Sevil_Gültən
Sevil Gültən

Anamın yuxu gördüyü ev

Anam ömrünün az qala 60 ilini bu evdə keçirib. Anamın ömrünün şahididir bu ev. Atamla özü tikib bu evi- kərpicini kəsib, suvağını vurub, şirələyib. Bu evin hər kərpici anamı yaxşı tanıyır. Bu ev anamın yuvasıdır. Yeddi uşaq bu evdə “ana”, “ata” deyib, bu evdə iməkləyib, yeriməyi öyrənib. Bu evin gözü qarşısında böyüyüb anamın uşaqları – anamın necə əziyyət çəkdiyini görüb. Atam işdə olanda, soyuq qış günlərində bu evi isitmək üçün özü odun doğrayıb, başına qar tökə-tökə evin içinə daşıyıb odunları. Bu evi anam isidib.
Hər səhər tələsə-tələsə bu evi yığışdırıb, sonra isə pambıq tarlasına gedib – yayda alaq, payızda pambıq yığmağa. Yorğun halda qayıdanda ketmənini bu evin çöl divarına söykəyib, özü isə pilləkəndə oturub bir günlük yorğunluğunu unutmağa çalışıb.
Bu ev anamın kədərli-sevincli günlərini anamla birgə yaşayıb. Övladları ali məktəbə girəndə bu ev anamın sevincinə şahidlik edib. Bu evdə anam zənbil hazırlayıb, Zərdabdab – Bakıya tələbə qızlarına göndərib. Bu ev anamın yaddaşıdır sanki. Bu ev anamın xatirə dəftəridir. Hər vərəqində ömrünün bir günü yazılıb.
…İndi yeddi uşağın hərəsi bir yerdə özünə yuva qurub. Böyük qardaşım da bu evdən bircə metr aralı müasir üslubda ev tikib. Amma anam o təzə evə uyğunlaşa bilmir. Səhərdən axşamacan bu evdə qalıır, bir də axşam tək qalmaqdan qorxduğu üçünmü, ya başqa səbəbdən qardaşımgilin evində yatır. Anamın iki çarpayısı var. Biri aşağı evdə – biri isə qardaşımın evində.
Biz kəndə gedəndə ikiqat sevinir anam – çünki gecəni öz evində keçirəcək.
Anam deyir ki, təzə evdə rahat yatsa da nədənsə yuxu görə bilmir…

6 iyun 2014

1 comment

Comments are closed.