“Bir dəstə jurnalist cəbhə bölgəsinə yola düşüb”. Bu xəbəri eşidəndə əvvəlcə adamın gözünün önünə belə bir xəyali mənzərə gəlir: jurnalistlər əyinlərində kamuflyaj, başlarında dəbilqə səngərdə əsgərlərlə birlikdə təhlükənin içində həyəcanla nəsə qeydlər edir… Amma gerçək mənzərə başqadır.
Gerçəkdə mənzərə belədir: cəbhəyə yaxın hansısa kənddə “selfi” çəkilib – ön planda bir qəhrəman jurnalistin başı az qala 1:1 nisbətində bütün üfüqü tutub, arxa planda isə bir dəstə heç də az qəhrəman olmayan digər jurnalistlər bir-birlərinə buynuz qoyurlar.
Digər “selfi”: ön planda mimikası ilə üzünə “Mən əjdahayam” yazmış bir rəşadətli jurnalistin özündənrazı fizionomiyası, arxa planda isə haradasa uzaqlarda zorla seçilən bir nöqtə. Altda yazılan şərhdən bəlli olur ki, həmin nöqtə erməni postu imiş…
Və yaxud, bomboş çöldə təpəyə uzanaraq, fotoaparatını snayper tüfəngi kimi sinəsinə sıxmış müzəffər fotoqraflar. Yenə də şərhlərdən belə bəlli olur ki, təpənin o üzündə erməni var. Bu, təxminən bulvarda şəkil çəkdirib, “Dənizin o üzündə türkmən var” yazmaq kimi bir şeydir. Təbii ki, var. Amma səninlə erməninin arasında başqa heç kim yoxdurmu? Azərbaycan əsgərindən-zaddan… Yoxdursa, demək, həmin istiqamətdə erməninin qabağını elə sən kəsmisən, afərin sənə!
Gedib cəbhəyə yaxın hansısa kənddə yeyib-içmək, sonra da 3-4 kənd sakinini danışdırıb, uzaqdan gələn güllə səslərini eşitmək cəbhədən reportaj deyil. Kənd sakinləri “etibarlı mənbə” olmadığı kimi. Bu, cəbhə bölgəsindəki kəndlərin adi, gündəlik həyat tərzidir. Onlar həmişə güllə səslərinin altında həyətində işləyib, torpağını əkib, heyvanını otarıb. Amma günlərin birində Bakıdan bir dəstə özünü təsdiqləməyə və reklama əşhədü-ehtiyacı olan gənc jurnalistlər gəlir, başlayır onların qabağında “selfi” çəkərək, gündəlik söhbətlərini yazıb, internetə buraxmağa.
Ümumiyyətlə, Müdafiə Nazirliyinin rəsmi icazəsi və yardımı olmadan cəbhə xəttindən necə reportaj hazırlamaq olar? Mümkün deyil axı!
Bütün bunların apogeyi iki kəndin geri qaytarılması xəbəri idi. Bu, Azərbaycan onlayn mediasının tarixinə “qara çərşənbə axşamı” kimi düşəsi bir hadisədir. Yadıma “Tütək səsi” filmindən bir sitat gəlir: “Necə ola bilər ki, kəndə əsgər gəlib, amma heç kimin xəbəri yoxdur?!”
Necə ola bilər ki, iki kənd alınsın, amma heç kimin xəbəri olmasın? Ağdam başqa qalaktikada deyil axı, Bakıdan 4-5 saatlıq yoldur, sadəcə maşına oturub, gedib yoxlayıb gəlmək olar.
Amma ən ləzzətlisi xəbəri müşayiət edən şəkil idi: boş çöldə, təpənin dibində hamam-tualet fotosu, üstündə də “n+1” sayda loqo. Necə ola bilər ki, o boyda ordu hərəkətə gəlsin, gedib kəndi alsın, amma bu boyda həngamənin xəbərini boynunu bükmüş hamam-tualet şəkli ilə müşayiət edəsən?
Mən əminəm ki, əhvalat belə olub: Müxbir dostumuz cəbhə zonasına tərəf bacardığı qədər irəliləyib. Buna görə afərin, alqışlayıram. Sonra görüb ki, ətraf boşdur, heç kim yoxdur. Fikirləşib ki, yəqin bura işğal altındakı kənd imiş, ordumuz sakitcə alıb, hələ heç kimin xəbəri yoxdur. Birinci mən verim, partlasın. Telefonundakı geolokasiya da bunu təsdiqləyib. O geolokasiya ki, Qaraçuxurun adını ancaq meyxanaçı Namiqin soyadında eşidən məni hər axşam Qaraçuxurda göstərir. Vəssalam. Çək tualetin şəklini, screen elə telefonun ekranını – bu da sənə sübut, partlat getsin.
Hücuma keçib iki kəndi almaq bilirsinizmi, nə deməkdir? Bunun üçün düşmən mövqelərinə əvvəlcə samballı artilleriya hücumu olmalıdır. Havadan və yerdən atəşə tutulmalıdır. Sonra ağır texnika hərəkətə gəlməli, ardınca piyadalar hücuma keçməlidirlər. Onlarla, bəlkə yüzlərlə itki verilə bilər… Belə bir şey olsa biz onun səsini lap Bakıda da eşidərik. İki kəndi almaq gedib qonşunun həyətindən buzov qaçırmaq deyil ki, heç kim xəbər tutmasın.
Məncə, bütün bunların kökündə o durur ki, Azərbaycanda jurnalistlər özünütəsdiqləmə böhranı keçirirlər. Həm fərd olaraq, həm də redaksiya olaraq bilmirlər ki, özlərini necə təsdiqləsinlər. Bunun kompleksinə giriblər. Özlərini təsdiqləmək üçün hər şeyə hazırdırlar. Hamı göstərmək istəyir ki, onun “mənbə”si var. Halbuki, heç zibil də yoxdur. Bu qədər “mənbə” küçəyə tökülüb bəyəm? Hamısı fərqlənmək istəyindən irəli gəlir. Dezinformasiya yaymaqda maraqlı olan tərəflər də bunu bilir və onların zəifliyindən istifadə edirlər.
İndiki şəraitdə xəbəri verəndə tələsməmək, ölçülü-biçili, təmkinlə, imkan daxilində dəqiqləşdirib vermək o qədər nadir hala dönüb ki, məhz bunu edən fərqlənəcək. Artıq “ŞOK” sözü ilə fərqlənməyin dövrü keçdi, bunu qəbul edin və barışın. İşinizi düz görün – sözün hər iki anlamında.
Vüsal Məmmədov