Dərd bizi ayırmasın

0
72

şəhid anasıSon günlərdə cəbhə xəttində vəziyyətin gərginləşməsi və ermənilərlə döyüşlərdə çox sayda şəhidlər verməyimizin ölkə ictimaiyyətində böyük üzüntüyə səbəb oldu. Rəsmi olaraq matəm elan olunmasa da, telekanallar öz proqramlarında ciddi redaktələr etməli oldular. Hətta vəziyyətdən xəbərdar olmayan və ya xəbər tutsa da məsələnin mahiyyətini dərk etməkdə çətinlik çəkən bəzi proqram aparıcıları və müğənnilər sonradan dönə-dönə üzr istədilər, şəhidlərimizin ruhu qarşısında baş əydiklərini bildirdilər və valideynlərdən, bütün ölkə ictimaiyyətindən üzr istədilər. Bəzi şou proqramlarının mahiyyətində ciddi dəyişikliklər edildi, ciddi mövzularda müzakirələr aparıldı və hətta aparıcılar matəm havasında olduqlarını ifadə etmək məqsədi ilə efirə qara geyimdə çıxdılar.

Məsələyə birmənalı qiymət vermək doğru olmaz. Əvvəla, onu deyim ki, ictimai rəyin bu cür aktiv olması çox gözəldir. Yəni xalq öz varlığını, iradəsini ortaya qoyur, yersiz davranışları, hörmətsiz görüntüləri qınayır, əsəblərin gərildiyi, düşmənə qarşı nifrət hissinin kükrədiyi bir zamanda kimlərinsə efirlərdə ucuz şou göstərməsinə üsyan edir. Amma məsələnin o biri başı da var ki, insan xətasını anlayıb üzr istəyəndən sonra məsələni bu qədər qurdalamaq da yaxşı deyil. Əgər, həqiqətən də, qınamağa ünvan axtarırsansa, kimi necə ittiham eləməyi, kimə nə deməyi özün yaxşı bilirsən.

İyirmi beş ilə yaxındır ki, əsəblərimiz ermənilərin başladığı bu mənfur oyunlarla gərilmiş vəziyyətdədir. Amma hər kəs belə deyil ki. Tanıdığım insanlar var ki, hələ ölkəmizdə azad iqtisadiyyat elan olunduğu ilk günlərdən bəri özünə dükan-bazar qurmuş, xeyli sərvət qazanmışdı və müharibə dövründə heç bir şeyini saxlamadı, hər şeyini vətən yolunda verdi, indi də çörək pulu tapmaqda çətinlik çəkir. Elələri də var ki, qandan belə çörək pulu çıxarmağa çalışır. Və elələri hər zaman rahatdırlar, kefləri kökdür, lazım gələndə kimisə ittiham etməkdə, qınamaqda, ucuz qəhrəmanlıqda öndə görünərlər.

Demək istədiyim odur ki, biz dərdlə bölünən, öz içində düşmən axtaran, bir-birini suçlayan, “sən niyə elə dedin, belə elədin?” deyə qarşılıqlı ittihamlar sovuran topluma dönməyək. Dərd bizi ayırmasın, parçalamasın, birləşdirsin. Böyük olmaq, bütöv olmaq da elə budur: dərddə də, sevincdə də birləşə bilmək. Yoxsa kim kimi güdür ki?! İmkanlılar qala kimi divarların arxasına keçəndən sonra orda necə şənlənir, necə əylənir, şəhidlərimiz üçün nə qədər üzülür, bunu bir özləri bilir, bir də Allah. Bu cür şeylər insanın içindən gəlir. Yoxsa, sən istəsən belə, bir başqasını kədərləndirə bilməzsən. Kədər dediyin bir vedrə su deyil ki, kiminsə başından töküb isladasan. Bəzi ittihamlara baxanda istər-istəməz düşünürsən ki, bu, qisas alır, sadəcə, bu hal, yəni şəhidlərimiz onun üçün bir fürsət olub. İnanın ki, yaxşı araşdırılsa, sənət aləmində bu iddianın da yalan olmadığı üzə çıxar.

Bir həqiqəti də unutmayaq ki, son hadisələrdə ermənilərin itkiləri heç də bizimkindən az deyil. Amma hər şeyə rəğmən, biz postlarımızı güvənli şəkildə, yəni elə qurmalıyıq ki, düşmən snayperi əsgərlərimizi hədəfə ala bilməsin. O silahın arxasında lap on il təlim görmüş rus zabiti olsa belə, ona eyni silahla layiqincə cavab verəcək oğullarımız yetişdirilməlidir. Silah dediyin təlim istəyir, gərək onunla davranmağı öyrənəsən, imkanlarından sonuna qədər istifadə edəsən.

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ailə üzvlərinə başsağlığı verirəm. Bir də onu demək istəyirəm ki, biz hər cəhətdən hazırlaşmalıyıq, hər cür psixoloji gərginliyi sakitliklə qəbul etməyi bacarmalıyıq, öz aramızda düşmən obrazı yaratmağa çalışmamalıyıq, çünki düşmən məlumdur və hamımız ona qarşı sözün hər mənasında birləşməyi öyrənməliyik ki, arzuladığımız zəfərə qovuşa bilək.

www.zaman.az