Xızır Peyğəmbəri axtaran adam

0
32

YolBir nəfər yola çıxır ki, Xızır Peyğəmbəri tapsın. Qarşısına bir adam çıxır və ondan hara getdiyini soruşur. Bu adam da deyir ki, bəs Xızır Peyğəmbəri axtarır, onu görməyə gedir. Rast gələn adam “hımm” eləyib bir qədər düşünür və ona belə deyir:

– Gəl sənə iki şey öyrədim, sən o dediklərimi kimdə görsən, bil ki, Xızır Peyğəmbərdir, oldumu?

Yola çıxan adam da çox sevinir və həyəcanla:

– Öyrət, qardaşım, öyrət! -deyə həyəcanla qışqırır.

Rast gələn adam sözünə davam edir:

– Diqqətli ol, bax dediklərimi yaxşı düşün haa. Sənə demək istədiyim birinci şey odur ki, Xızır Peyğəmbər eynən mənim kimidir, məni görmüsənsə, elə bil ki, onu görmüsən. Bildinmi?

Adam sevincək halda deyir:

– Bildim, bildim, bəs o biri əlaməti nədir?

Rast gələn adam ətrafa göz gəzdirir, yerdən çox sərt bir daş götürür, onu ovcunun içində sıxaraq un halına gətirir və ovcundan yerə tökə-tökə belə deyir:

– Bax Xızır Peyğəmbər də daşı əlində sıxaraq bu cür toz halına gətirə bilir. Ondan başqa heç kəs bunu bacarmır. Bildinmi?

Yola çıxan adam:

– Bildim, bildim, – deyir və rast gələn adama təşəkkür edib Xızır Peyğəmbəri axtarmağa gedir.

Deyirlər ki, hələ də axtarır.