Zərdabda 9 ayın yekunları və görüləcək işlər müzakirə edildi

0
45

Lütvəli Babayev Zərdab Rayon Heydər Əliyev Mərkəzində cari ilin 9 ayında Zərdab rayonunda  görülən işlər və qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabat yığıncağı keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda deyilir: “Hesabat yığıncağında öncə ilin 9 ayı ərzində rayonda görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib. Hesabat məruzəsi ilə çıxış edən İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev qeyd edib ki, ölkə Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Zərdabda da sosial-infrastruktur layihələr icra olunub. Cari ilin yanvar-sentyabr ayları ərzində rayonda 82 milyon 78 min 500 manatlıq məhsul istehsal edilib. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 2 milyon manat çoxdur. Hesabat dövrü ərzində həyata keçirilən tədbirlər nəticəsində Zərdabda 246 daimi iş yeri yaradılıb. Rayon rəhbəri məlumat verib ki, təhsil və səhiyyə müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb. Belə ki, Otmanoba və Körpükənd yaşayış məntəqələrindəki məktəb binaları, Böyük Dəkkə və Dəkkəoba kəndlərindəki uşaq bağçaları əsaslı şəkildə təmir edilib. Heydər Əliyev Fondunun məktəbəqədər tərbiyə müəssisələrinin inkişafı proqramı çərçivəsində hər biri 50 yerlik olmaqla 2 körpələr evinin tikintisi davam etdirilib. Rayon Mərkəzi Xəstəxanasının yenidən qurulmasında ləngimələrə yol verilməyib. Rayonun mərkəzi küçələrində, Heydər Əliyev parkında və prospektində quruculuq, abadlıq, təmir-bərpa tədbirləri aparılıb. Yollara asfalt örtüyü döşənib. Uzunluğu 2 kilometrə qədər olan Rəhim Bəy Məlikov küçəsində yol asfaltlanıb. Milli Təhlükəsizlik Nazirliyinin Zərdab rayon şöbəsinin inzibati binasında son tamamlama işləri aparılır. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin Zərdabda yaradılacaq idarəsi üçün yeni inzibati binanın inşasına başlanılıb. Rayon əhalisinin içməli suya olan tələbatını ödəmək üçün 17 ədəd modul tipli sutəmizləyici qurğu, 194 ədəd bulaq istifadəyə verilib. Bununla belə 528 abonent mavi yanacaqla təmin olunub. 2014-cü ilin yanvar-sentyabr ayları ərzində magistral yol kənarlarında, pay torpaqlarında və digər ərazilərdə 25 minə yaxın şam, küknar, iydə, türk qovağı və digər ağac növləri əkilib.

Hesabat dövründə ümumilikdə 18031 hektar taxıl sahəsindən 49732 ton taxıl məhsulu istehsal olunub. Bu da ötən ildəkindən 2700 ton çoxdur.

Yığıncaqda Suvarma Sistemləri İdarəsinin rəisi, “Tərəqqi” medallı Soltan Sadıqov, Rayon İcra Hakimiyyəti başçısının Çallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, “Dövlət qulluğunda fərqlənməyə görə medalı” ilə təltif olunmuş Ramiz Məmmədov və digərləri çıxış ediblər.

Sonda müvafiq qərar və ölkə Prezidentinə müraciət qəbul olunub.

Sevinc Vaqifqızı

Lütvəli Babayev